Sentyabrın 30-da VI çağırış Milli Məclisin payız sessiyasının ilk iclasından əvvəl Milli Məclisdə mətbuat nümayəndələri üçün yaradılmış 3 yeni iş otağının açılışı olub.
Spiker və onu müşayiət edən şəxslər – Milli Məclis Aparatının, İşlər İdarəsinin rəhbərliyi, bir sıra deputatlar əvvəlcə parlament binasında mətbuat nümayəndələrinin rahat fəaliyyəti üçün həyata keçirilmiş işlərlə tanış olduqdan sonra jurnalistlərə bu barədə məlumat verilib.
Jurnalistlər üçün brifinq keçirən Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, parlamentdə akkreditə olunmuş KİV nümayəndələri ilə belə bir görüş keçirməyi çoxdan arzu edib. Lakin pandemiya səbəbindən bu görüş bir qədər gec baş tutub.
S.Qafarova qeyd edib ki, sədr seçildikdən sonra jurnalistlərin ona Milli Məclisdə mətbuat nümayəndələrinin iş şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətləri olub. Lakin pandemiya ilə əlaqədar bu iş də bir qədər yubanıb: “Ancaq yay aylarında media nümayəndələrinin rahat işləyə bilməsi üçün şərait yaratmağa çalışdıq. Çünki siz – parlamentdə akkreditə olunmuş media nümayəndələri Milli Məclisin iclası başlayandan qurtaranadək bizimlə birlikdə çalışırsınız. Burada jurnalistlər üçün yaradılan iş otağında 16 kompüter var və bura əvvəlki otaqdan daha genişdir. Onun yanında isə ikinci otaq fotostudiya kimi fəaliyyət göstərəcək. Yuxarıdakı otaq isə brifinqlər və jurnalistlərin müsahibə almaları üçün nəzərdə tutulub”.
Milli Məclisin Sədri medianın həmişə olduğu kimi, bundan sonra da Milli Məclisin işini dolğun və obyektiv işıqlandıracağına inamını ifadə edib. Sədr bildirib ki, torpaqlarımız düşmənlərdən azad edildikdən sonra elə bu foyedə jurnalistlərə geniş müsahibə verəcək. “Bu gün hər birimizin ürəyi Qarabağla döyünür”,-deyə o, bildirib.
Sədr çıxışının sonunda media nümayəndələrinə bu şəraitin yaradılmasında yaxından iştirak etmiş Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevə, Milli Məclisin işlər müdiri Firudin Hacıyevə, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə təşəkkürünü bildirib.
Çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov Milli Məclisdə mətbuat nümayəndələri üçün yaradılmış bu şəraitə görə Milli Məclisin Sədri Sahibə Qafarovaya minnətdarlığını bildirib, Milli Məclisin işinə və jurnalistlərə uğurlar arzuladı.

