Bu gün Hollivudun xarizmatik siması, "Oskar" və "Sezar" mükafatlarını almış yeganə Amerika aktyoru Edrian Broudinin doğum günüdür.
ANS PRESS-in mləumatına görə, aktyor 14 aprel 1973-cü ildə Nyu-Yorkda məktəb müəllimi Eliota Broudi və yəhudi əsilli moda fotojurnalisti Silviya Plaçinin ailəsində anadan olub.
O, Amerika Dram incəsənəti Akademiyasını bitirdikdən sonra aktyor Brodvey tamaşalarında səhnəyə çıxıb. 90-cı illərin əvvəlində bir neçə filmdə epizodik rollar oynamasına baxmayaraq, 20 yaşlı Broudinin ilk əhəmiyyətli işi Stiven Spilberqin "Təpənin çarı" (1993) filmi hesab olunur.
1992-ci ildə motosikletdə ciddi qəzaya uğrayan aktyor bir neçə ayını müalicəyə sərf edib. Edrianla digər bədbəxt hadisə "Semin qanlı yayı" filminin çəkiliş meydançasında baş verib. Final davası zamanı aktyorun burnu sınıb. Broudi yeni xarici görünüşünü onu digər aktyorlardan fərqləndirəcəyini düşünərək, plastik əməliyyat etdirməkdən imtina edib.
Edrian karyerası boyu 40-dan çox filmdə çəkilib. Ona dünya şöhrətini Vladislav Şpilmanın "Pianoçu" filmi qazandırıb. Ekran əsərindəki roluna görə, o, Frederik Şopenin əsərlərini pianoda ifa etməyi öyrənir, 13 kq arıqlayıb və 2003-cü ildə "Oskar" da daxil olmaqla, bir neçə nominasiya və mükafata layiq görülüb.
2004-cü ildə “Esquire” dərgisi tərəfindən "Amerikanın ən dəbli kişisi" elan edilən Edrianın çəkildiyi ən məşhur filmlər sırasında "İncə qırmızı xətt", "Pianoçu", "Sirli meşə", "Kinq-konq", "Otel Qrand Budapeşt" və digərlərinin adını çəkmək olar.
