Sentyabrın 24-də İqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkəsənə səfər edib.
Səfər əsnasında ilk olaraq, Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin də iştirakı ilə mərhum prezident Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri qoyulub.

Daha sonra “Daşkəsən” Dəmir filizi mədənin şimal-qərb ərazisində görüş keçirilib.
Görüşdə çıxış edən “AzerGold” QSC İdarə Heyətinin sədri Zakir İbrahimov yatağın yenidən istismara verilməsi üçün ilkin qiymətləndirmə sənədinin hazırlanması çərçivəsində aparılacaq geofiziki tədqiqatlar və geoloji kəşfiyyat işləri barədə ətraflı məlumat verib. Qeyd edilib ki, geoloji kəşfiyyat işlərinin yekunu olaraq yatağın geoloji modelləri tərtib edilərək, mövcud resurs və ehtiyatları beynəlxalq JORC standartlarına uyğun yenidən qiymətləndiriləcək. Məlumat verilib ki, proqram çərçivəsində kəşfiyyat işlərinin 2021-ci ilin birinci yarısında, araşdırma və ilkin qiymətləndirmə üzrə hesabatın isə həmin ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur.

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Daşkəsən” yatağının yerli xammala əsaslanan, idxalı əvəzləyəcək, eləcə də ixrac potensialı olan polad məhsulların istehsalı üçün böyük perspektiv vəd etdiyini vurğulayıb.
Nazir yatağın yenidən istismarının ölkənin qərb bölgəsinin sosial-iqtisadi inkişafına müsbət təsir etməklə yanaşı, dağ-mədən sənayesinin, eləcə də metallurgiyanın qeyri-neft sektorundakı mövqeyinin güclənməsinə səbəb olacağını bildirib. İqtisadiyyat naziri dəmir filizi yatağında işlərin ən müasir standartlar və qabaqcıl beynəlxalq texnologiyalar tətbiq edilməklə qurulmasının vacibliyini qeyd edib. Yatağın yenidən istismarının yeni iş yerlərinin açılması baxımından əhəmiyyətini vurğulayan nazir prosesin insan kapitalının inkişafına da xüsusi töhfə verəcəyini diqqətə çatdırıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev görülən işlərin istər rayonun, istərsə də ümumilikdə qərb bölgəsinin sosial-iqtisadi inkişafına müsbət təsir edəcəyini, inkişaf üçün yeni perspektivlər yaradacağını qeyd edib. O, bildirib ki, “AzerGold” QSC-nin fəaliyyəti ölkəyə böyük valyuta gətirməklə yanaşı, bölgənin inkişafına və rayonda işsizliyin aradan qaldırılmasına səbəb olub:
“ Şübhəsiz, Daşkəsənin dəmir filizi mədənləri də Çovdar qızıl mədənləri kimi müasir istehsalat sahəsinə çeviriləcək, ərazidə işsizliyi tamamilə aradan qaldıracaq, bütövlükdə, Azərbaycanımızın inkişafına, tərəqqisinə öz böyük töhfəsini verəcək. Daşkəsənlilər möhtərəm Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ətrafında həmişə olduğu kimi daha sıx birləşəcəklər. Rayonumuza göstərilən diqqət və qayğıya görə bütün daşkəsənlilər adından ölkə rəhbərinə və hörmətli nazir, sizə dərin minnətdarlığımızı bildirik”.
Görüşdən sonra İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkə iqtisadiyyatı üçün əlamətdar hadisə olan Azərbaycan iqtisadiyyatının “Açılış zəngi” mərasimində iştirak etmək üçün “AzerGold” QSC-nin Daşkəsən rayonunun “Çovdar” qızıl mədəninə baş çəkib.

