|
Avropa və ABŞ-ın “tanımadığı”1401131 ilə Bakı necə davranacaq - rəylər

Ekspertlər “bizim qərarlar fərqli olacaq” deyərək Belarusla münasibətlərdə ciddi problem yaranmayacağını deyirlər

Avqustun 9-da Belarusda keçirilən prezident seçkilərində 6-cı dəfə qalib elan olunan Aleksandr Lukaşenko andiçmə mərasimi keçirib. Sentyabrın 23-də baş tutan inauqurasiya mərasimini Avropa Birliyi tanımayıb. “Avropa Birliyi Aleksandr Lukaşenkonun yeni prezidentlik müddətini və inauqurasiya mərasimini kifayət qədər demokratik legitimliyi olmayan hadisə sayır və buna görə Brüssel Belarusla münasibətlərinə yenidən baxacaq”.  Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumun xarici əlaqələr və siyasi təhlükəsizlik işləri üzrə ali komissarı Jozep Borrel deyib: “Avropa Birliyi təkrar bildirir ki, 9 avqust prezident seçkiləri nə azad, nə də ədalətli keçirilib”.

Belarus prezidenti Aleksandr Lukaşenko noyabrdan dövlət başçısı sayılmamalıdır.

Bu fikir də Avropa Parlamentinin deputatları tərəfindən səsləndirilib.

Deputatlar Lukaşenkonun 5-ci prezidentlik müddətinin məhz bu il noyabrında bitdiyini açıqlayıblar: “Aleksandr Lukaşenkonun səlahiyyət müddəti bu ilin noyabrın 5-də sona yetəndə, parlament artıq rəsmi olaraq onu ölkə prezidenti kimi tanımayacaq. Çünki onun andiçmə mərasimi 2015-ci ilin 5 noyabrında keçirilib”. ABŞ da bəyan edib ki, Lukaşenkonu Belarusun legitim prezidenti hesab etmir.   

Göründüyü kimi, Lukaşenko and içsə də, onun başı üzərindəki qara buludlar hələ tam çəkilməyib. Qərb açıq şəkildə onun növbəti prezidentlik dönəmi üçün kreslosunu bərkitməyə imkan vermək fikrində deyil.

Belarus ətrafında cərəyan edən proseslər heç şübhəsiz ki, Azərbaycanı da yaxından maraqlandırır. Çünki bu ölkə Azərbaycana yaxın dövlətlərdən sayılır, Dağlıq Qarabağ və digər milli məsələlərimizdə mövqeyimizdən çıxış edir. İqtisadi əlaqələrimiz də çox yaxındır. ABŞ-ın  və AB-nin onun legitimliyini “tanımaması”nın, eləcə də Belarusa gözlənilən sanksiyaların təqbiq edilməsinin rəsmi Bakıya təsirlərinin olub-olmadığı yönündə müzakirələr açılıb. Eyni zamanda “Azərbaycan ”Batka" ilə məsafəli, yoxsa necə davranmalıdır" kimi suallar da yaranıb.  

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan bu məsələləri ciddi araşdırmalıdır: “Hazırda gözləmirəm ki, Azərbaycan tərəfindən hər hansı bir addım atılacaq. Çünki Azərbaycanla Belarus arasında çox sıx münasibətlər, əlaqələr və əməkdaşlıq mövcuddur. Hər iki ölkəni bu amillər birləşdirir. Bizim qərarlar çox güman ki, Avropa Birliyinin qərarlarından fərqli olacaq. Belarusun müstəqilliyini dəstəkləyirik. Biz çox istəyirik ki, hansısa bir addımların nəticəsində Belarus öz müstəqilliyini itirməsin. Bu çox təhlükəli bir prosesdir. Bizim üçün əsas amil postsovet ölkələrinin müstəqilliyini qorumaqdır. Düşünürəm ki, bu çox mühüm məsələdir”.

Deputat Avropa Birliyinin Belarusla bağlı bu qərarının rəsmi Bakıya hər hansı bir təsirlərinin olub-olmayacağından da danışdı: “Azərbaycan Avropa Birliyinin üzvü deyil. Ona görə də qərarlarımızı özümüz müstəqil qəbul edirik”.

Siyasi şərhçi Əhəd Məmmədli məsələni bu cür şərh etdi: “Belarus məsələsində Lukaşenkonu dəstəkləmişəm. Çünki bunun ilk öncə Azərbaycan və Türkiyənin milli maraqlarına cavab verdiyi düşüncəsində olmuşam. İndi də elə düşünürəm. Həmçinin Belarusda gedən proseslərdə rusların əlinin olduğunu göstərmişəm. Bu ölkədə baş verənlərin tək qalibi var, o da Rusiyadır. Belarus müxalifətinin 70-80%-i Rusiya ilə əlaqəlidir. Mühacir müxalifətin böyük əksəriyyəti Rusiyada oturur və yaxud bu ölkəyə məsləhətləşmək üçün daim səfərlər edir. Tixanovskayanın Vilnusda oturmasına rəğmən bu adam da bilavasitə Moskva ilə bağlıdır. Bu haqda dəfələrlə yazmışam, demişəm. Lukaşenko Rusiyanın adamı olsaydı, çətin məqamda ailəsini Rusiyaya göndərərdi, Türkiyəyə yox. Belarus xalqı, müxalifəti və Qərb təəssüflər olsun ki, Lukaşenkonu Putinin qucağına atdılar. O, inauqurasiyasını keçirdi. Mitinqlər də azalma xətti ilə gedir. İllərdir ki, Amerika, Avropa Belarusa sanksiyalar tətbiq edir, Lukaşenko köhnə qitənin son diktatoru adlandırılır, amma fakt faktlığında qalır. O, Belarusun prezidentidir. İndi vəziyyət daha gərgin də olsa, bu fakt faktlığında qalacaq. Yəni Lukaşenko Belarusun prezidenti olaraq siyasi fəaliyyətini davam etdirəcək. Yuxarıda qeyd etdiyim kimi, indi vəziyyət daha gərgindir. Amma Avropa Birliyinin mövqeyinə rəğmən Azərbaycan Belarusla münasibətlərini qoruyub saxlamalıdır. Belarusun, daha doğrusu, Lukaşenkonun bu çətin vəziyyətində Azərbaycanla Türkiyə yaxşı mənada bundan xeyirlərinə istifadə etməli və rəsmi Minskin tam şəkildə Rusiyadan asılı vəziyyətə düşməməsi üçün bu ölkəyə siyasi-iqtisadi dəstəklərini əsirgəməməlidirlər”.

Politoloq Ramiyə Məmmədovanın da fikirləri diqqət çəkir: “Öncəliklə bir məsələyə diqqət çəkim. Lukaşenko andiçmə mərasimində dedi ki, Belarusu məhv etməyə çalışırlar, çünki ölkəmizin bugünkü gündə məhvinin, Qərb tərəfindən ələ keçirilməsinin Rusiyaya təsiri daha çoxdur. Belarusun Rusiyanın Avropa qapısı olduğunu da Lukaşenko dedi. Bu baxımdan o, ölkəsinin ələ keçirilməsinin Qərb dövlətlərinin siyasəti olduğunu söylədi. Kreml bugünlərdə bunu çox yaxşı bilərək, Lukaşenkoya böyük dəstək verdi. Belarus rəhbəri Putindən qardaşcasına bir dəstək istəyib. Düşünürəm ki, o, dəstəyi də Putindən aldı. Lukaşenkonun o kresloda oturması ən çox şimal qonşumuza sərf edir. Hazırda Belarusda mitinqlər səngiməyib. Buna baxmayaraq, Avropa Birliyi bugünlərdə Belarusa sanksiyalar tətbiq etsə belə, bunun Lukaşenkonun siyasətinə və iqtisadiyyatına  ciddi təsiri olmayacaq. Çünki o, Rusiyaya sığınıb. Xatırlayırsınızsa, bundan əvvəl də Belarus sanksiyalar tətbiq olunmuşdu. Avropa Birliyi hər zaman bu cür bəyanatlar verir. Bu qurum Navalnı məsələsində Amerika olmadan o dərəcədə sərt çıxışlar edə bilmədi. ABŞ prezidenti Tramp da bu məsələdə heç bir reaksiya vermədi. Bu da Avropa Birliyinin əlini bərkitmədi. Ümumiyyətlə, birlik Amerikanın dəstəyi olmadan heç bir məsələdə irəliləyə bilmir. Bu baxımdan ABŞ dəstək verməsə, bu sanksiyaların Belarusa ciddi təsirləri olmayacaq. Azərbaycanla bağlı məsələyə gəlincə, bəllidir ki, rəsmi Minsk ölkəmizə hər zaman böyük dəstək verib. Ərazi bütövlüyümüz məsələsində daim yanımızda olub. Prezident İlham Əliyevin Lukaşenko ilə çox yaxşı münasibətləri var. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Lukaşenko Azərbaycanı hər zaman müdafiə edib. Diplomatik və iqtisadi məsələlərdə Belarusla rəsmi Bakı heç bir problem yaşamayıb. Bizim dövlətin onsuz da bu ölkədən heç bir asılılığı yoxdur. Belarusla bağlı yəqin ki, bundan sonra Azərbaycan yürütdüyü siyasəti davam etdirəcək. Təbii ki, rəsmi Bakı hər zaman çalışır ki, balanslı siyasət yürütsün, heç kəslə münasibəti pozulmasın, yaxud düşmən olmasın. Düşünürəm ki, Belarusla bağlı ölkəmizə o qədər də ciddi problem yaranmayacaq”.