Qabil Hüseynli: “BMT-nin qərar qəbul etmə, icrasına nəzarət və sanksiya tətbiq etmək səlahiyyəti artırılmalıdır”
Dünyanın ən mühüm beynəlxalq təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının (BMT) yaranmasından 75 il ötür. 1945-ci ildə yaradılmış dövlətlərarası beynəlxalq təşkilatda hazırda 193 üzv ölkə təmsil olunur. Baş qərargahı Nyu-York şəhərində yerləşən təşkilatın əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir.
Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatı İkinci Dünya Müharibəsindən sonra, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılıb. 1945-ci il 26 iyunda San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən təşkilatın nizamnaməsi imzalanıb və 1945-ci il 24 oktyabrda qüvvəyə mindi.
BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir.
Məlum olduğu kimi, 1992-ci ilin martın 2-sində Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzv olması ilə BMT və müstəqil Azərbaycan dövləti arasında əməkdaşlığa start verilib. BMT-nin Azərbaycanda ilk nümayəndəliyi 1992-ci ilin noyabrında paytaxt Bakıda açılıb. O zamankı prezident Heydər Əliyevin 1994-cü ildə BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirakı ilə Azərbaycan Respublikas və BMT arasında əsaslı tərəfdaşlığın əsası qoyuldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə əməkdaşlıq daha da inkişaf etdirilir.

Təşkilatın yubileyi münasibətilə sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində Yüksək Səviyyəli İclas keçirilib. Ümumilikdə 182 ölkənin dövlət və hökumət başçısının videoformatda iştirak görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həm dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi çıxış edib.
Dövlət başçısı çıxışının birinci hissəsində Qoşulmama Hərəkatının sədri kimi çıxış edərək bildirib ki, Azərbaycan Respublikası 120 ölkənin yekdil qərarı ilə 2016-cı ildə Qoşulmama Hərəkatının sədri seçilib.
Qeyd edək ki, 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində növbəti toplantısı Bakıda keçirilib və 18-ci Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürüb.
Dövlət başçısı hərəkata üzv dövlətlər adından bildirib ki, Qoşulmama Hərəkatına üzv dövlətlər BMT Nizamnaməsinin imzalanmasının 75-ci ildönümünə həsr edilmiş bu Yüksək Səviyyəli İclasın keçirilməsini yüksək qiymətləndirirlər: “BMT, onun nizamnaməsi və beynəlxalq hüquq dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanılmasında və beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm və əvəzolunmaz alətlərdir. Məhdudiyyətlərinə baxmayaraq, BMT hazırda bütün ölkələrin qarşılaşdığı qlobal məsələ və çağırışların müzakirəsi üçün çoxtərəfli mərkəzi forum olmaqda davam edir. İnsan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşahidə olunan silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasətlər, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizm dünyada milyonlarla insana mənfi təsir etməkdə davam edir”.

Dövlət başçısı vurğulayıb ki, Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir: “Yaranmasının 75-ci ildönümündə biz BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqanı kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq”.

BMT universal üzvlüyü təmin edən yeganə qlobal təsisatdır və beləliklə də dayanıqlı inkişafa nail olunması məqsədilə qlobal iqtisadi idarəçiliyi əhatə etmək iqtidarındadır. Bu səbəbdən BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir. Qlobal iqtisadi idarəçilikdə müvafiq rolu oynamaq üçün təşkilat çərçivəsindəki proseslərə, multilateralizmə və onun təməl dəyərlərinə sadiqlik baxımından bütün üzvlərin siyasi iradəsi olduqca əhəmiyyətlidir.
Azərbaycana gəlincə, dövlətimiz daha çox BMT platformasında Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə bağlı məsələnin həlli, hüquqi qiymətini alması istiqamətində işlər görüb. Çünki bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürüblər. Ermənistan isə öz öhdəliklərini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi güc tətbiq edib, Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonu işğal edib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir. Bundan başqa, Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan Xocalı soyqırımını törədib. 10-dan çox ölkə Xocalı soyqırımını tanıyıb. Ermənistan həmçinin işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Düşmən ölkə Ermənistan mülki əhalini hədəf seçir, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir.
Azərbaycan-BMT əlaqələrinə gəlincə, 1992-ci ildən bəri təşkilatla dövlətimiz arasında səmərəli əlaqələr qurulub. Ölkəmiz 155 dövlətin dəstəyi ilə 2012-2013-cü illərdə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bundan əlavə, hazırda Azərbaycan 120 dövlətin yekdil dəstəyi ilə Qoşulmama Hərəkatına sədrlik edir.
Qoşulmama Hərəkatının COVID-19-a qarşı onlayn formatda Zirvə görüşü Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin may ayında keçirildi. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündə Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürdü və bu təşəbbüsü 130-dan çox ölkə dəstəklədi.
Azərbaycan BMT-nin bir çox idarə və orqanları ilə fəal əməkdaşlıq edir. Onların sırasında BMT-nin İnkişaf proqramı (BMTİP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin Uşaq Fondu (UNİCEF), BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) və s. qeyd etmək olar. Azərbaycan BMT-nin müxtəlif orqan və idarələrinin fəaliyyətində yaxından iştirak etmiş, bu qurumlara keçirilən seçkilərdə öz namizədliyini irəli sürüb. Azərbaycan UNİCEF-in İcra Heyətinin 1995-1997, 1998-2000 illərdə, BMT-nin Davamlı İnkişaf üzrə Komissiyasının 2002-2004-cü illərdə üzvü olub, 2003-2005-ci illərdə BMT-nin İqtisadi və Sosial Şurasının üzvü seçilib.
Hazırda Azərbaycan Respublikası beynəlxalq terrorizmə qarşı qlobal miqyasda aparılan mübarizənin fəal iştirakçısı olmaqla, BMT-nin Terrorizmə qarşı mübarizə komitəsi ilə yaxından əməkdaşlıq edir, Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən işlər haqqında müvafiq hesabatlar verir. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikası 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib.
Prezident İlham Əliyev qurumun 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda da bildirib ki, Azərbaycan multikulturalizmin və beynəlxalq əməkdaşlığın simvolu olan BMT-yə açıq və güclü dəstək verir. Azərbaycan BMT-nin daha da güclənməsi, onun beynəlxalq münasibətlərdə əhəmiyyətinin və nüfuzunun yüksəlməsi üçün digər dövlətlərlə birgə işləməyə hazırdır.
Qabil Hüseynli
Təşkilatın 75 illik fəaliyyətini dəyərləndirən politoloq Qabil Hüseynli bildirdi ki, müasir dünyada sülh və təhlükəsizliyi təmin edə bilməsi üçün BMT-nin səlahiyyətləri gücləndirilməlidir: “BMT İkinci Dünya müharibəsindən sonra yaradılıb. Ondan əvvəl Millətlər Cəmiyyəti deyilən bir təşkilat mövcud idi. Onun səlahiyyətləri o qədər də böyük deyildi. II Dünya müharibəsindən sonra sülhün, təhlükəsizliyin və əminamanlığı qorumaq, xalqlar arasında sülh ideyalarını möhkəmləndirmək məqsədilə BMT yaradıldı. Bu qurum ilk dövrlərdə kifayət qədər əlverişli fəaliyyət göstərə bilirdi. O zaman BMT-nin iki əsas qurumu var idi, biri Təhlükəsizlik Şurası, digər Baş Məclis idi. Təhlükəsizlik Şurası sülh və təhlükəsizlik məsələləri ilə məşğul olurdu. Dünyada yaranan qarışıqlıqları, münaqişələri həll etmək missiyasını öz üzərinə götürmüşdü. Amma bu qurumun bir mənfi cəhəti var idi ki, həm II Dünya müharibəsinin qalibi hesab edilən, həm də kütləvi qırğın silahlarına malik olan 5 dövlətdən - ABŞ, Böyük Britaniya, SSRİ, Çin və Fransadan asılı idi. Qurumun digər bir cəhəti ondan ibarət idi ki, bu qurumda veto hüququ tətbiq edilirdi. Həmin 5 dövlətdən biri gündəliyə çıxarılan məsələlələrin müzakirəsinə etiraz edirdisə, veto qoyurdusa, o qərar qəbul edilmirdi. BMT-nin səmərəli fəaliyyətinə əngəl törədən ən mühüm amil həmin veto hüququ və uzun müddət Təhlükəsizlik Şurasının say tərkibinin məhdud saxlanılması idi. Baş Məclis geniş səlahiyyətlərə malik deyildi. BMT-yə üzv dövlətlərin hamısı bu baş məclisdə təmsil olunsa da, onların qərar qəbul etmədə, qərarların icrasına nəzarətdə o qədər də geniş səlahiyyətləri yox idi”.
Politoloqun sözlərinə görə, bu gün BMT-nin 75 illiyinə yekun vurarkən onun çatışmayan cəhətləri aydın şəkildə üzə çıxır: “Bu gün Almaniya, Türkiyə, Yaponiya, Hindistan, Braziliya və bəzi dövlətlər də var ki, onlar BMT Təhlükəsizlik Şurasının üzvü olmağa iddialıdırlar. Türkiyə prezidenti açıq şəkildə bildirdi ki, dünya 5-dən böyükdür. Almaniya kansleri də bildirib ki, ölkəsi BMT Təhlükəsizlik Şurasının üzvü olmağa iddialıdır. Hesab edirəm ki, Təhlükəsizlik Şurasından veto hüququ götürülməli, daimi üzvlərin sayı 15-ə çatdırılmalı, burada sadə səs çoxluğu ilə qərarların qəbul edilməsi həyata keçirilməlidir. Bu, kifayət qədər ağlabatan fikirdir. BMT-nin idarəetmə sistemində islahatların aparılması vacibdir”.
Azərbaycanla bağlı görülən işlərə gəlincə, politoloq bildirdi ki, BMT torpaqlarımızın işğal faktı ilə bağlı 4 qətnamə qəbul edib. Ancaq bu qətnamələrin icrası istiqamətində əməli iş görülmür. Hətta torpaqların işğalından danışanda bu işğalı kimin həyata keçirdiyi ilə bağlı ad çəkilmir. Orada buna bənzər digər münaqişə ocaqları da var, Fələstin problemi var, Afrika və Asiyada bir sıra münaqişə mənbələri var ki, BMT-nin bu məsələnin həllinə çalışa bilməsi üçün onun səlahiyyətləri artırılmalıdır, qərarların qəbul edilməsi mexanizmi sadələşdirilməli, icra mexanizmi də təkmilləşdirilməlidir. BMT-nin sanksiya tətbiq etmək səlahiyyəti artırılmalıdır".
