|
Prezident Gürcüstanı təriflədi, çünki...

Ekspert: “Tiflisin Rusiyaya ”yox" deməsinə görə..."

Azərbaycan prezidenti İlham Əliyevin yerli telekanallara verdiyi müsahibədə Gürcüstan barəsində dedikləri diqqət çəkib.  Dövlət başçısı qonşu ölkəni tərifləyərək, rəsmi Tiflisə son proseslərdə sərgilədiyi mövqeyə görə öz təşəkkürünü bildirib. Müsahibədən sitat: “Bilirsiniz ki, Gürcüstan öz ərazisindən Ermənistana silahların daşınmasına imkan vermədi. Gürcüstan özünü çox etibarlı tərəfdaş kimi apardı. Ona görə də mən Gürcüstan hökumətinə təşəkkürümü bildirirəm. Deyə bilərəm ki, Gürcüstan hökumətinin simasında biz etibarlı tərəfdaş və dost görürük. Hökumətlərarası əlaqələr gündən-günə möhkəmlənir. Gürcüstan və Azərbaycan hökuməti bir-biri ilə sıx təmasdadır və bu, davam edəcəkdir”.

Qeyd edək ki, bu ilin iyulunda Tovuz hadisələri zamanı Gürcüstanın öz ərazisi üzərindən Serbiya və Rusiyadan gələn silahları Ermənistana ötürməsi barədə ortaya çıxan faktlardan sonra qonşu ölkə ilə Azərbaycan arasında münasibətlərdə çatlar əmələ gəlmişdi. Ölkə başçısının dediklərindən çıxış edərək, rəsmi Tiflisə Bakının son iki ayda səhvini qəbul etdirdiyi xüsusi vurğulanır. Eyni zamanda bu ölkənin Azərbaycan üçün önəminə də toxunulur. Gedən müzakirələrdə Gürcüstanın ən çətin vaxtlarında, xüsusilə 2008-ci ildə Rusiyanın qonşu dövlətin ərazilərinə təcavüzündən və diplomatik əlaqələrin kəsilməsindən sonra Azərbaycanın şimal qonşusunu qarşısına alaraq, bu dövləti qazla təmin etməsi önə çəkilir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstana yatırdığı böyük sərmayələr də diqqətdən qaçmır. Bütün bunların Gürcüstanın “öz yoluna qayıtması”nda həlledici rol oynadığı qeyd olunur. Bu dövlətin Azərbaycan üçün təkcə tranzit ölkə kimi deyil, strateji tərəfdaşa çevrilməsinin mühüm tərəflərinə də toxunulur.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu: “Prezident İlham Əliyevin son çıxışında Gürcüstana xüsusi yer ayırması, qonşu dövləti Azərbaycanın strateji tərəfdaş adlandırmasının səbəbi var. Gürcüstan Rusiyadan bu ölkə üzərindən Ermənistana silah daşınmasına imkan verməyib. Bu səbəbdən Rusiya Qazaxıstan, Türkmənistan və İran hava sahəsindən Ermənistana hərbi yükləri daşımalı olub. Bu isə Rusiya üçün daha uzun yol və əlavə xərc deməkdir. Gürcüstanın Rusiyaya ”yox" deməsinə görə də İlham Əliyev qonşu dövlətin ünvanına “Gürcüstan özünü çox etibarlı tərəfdaş kimi apardı” ifadəsini səsləndirib. Doğrusu, iyul ayında Ermənistan Azərbaycan sərhədində təxribat törətdikdə Gürcüstan prezidentinin açıqlamasından narazı qalmışdıq. Çünki Gürcüstan prezidenti Azərbaycanla Ermənistan arasında bərabərlik işarəsi qoymuşdu. Bundan başqa, xəbərlər yayılmışdı ki, Serbiya Ermənistana satdığı silahları Gürcüstan üzərindən Ermənistana göndərmişdi. Bir müddət əvvəl Gürcüstandakı bəzi qüvvələrin Azərbaycanla sərhəddə müəyyən təxribatçı hərəkətləri haqlı narazılığımıza səbəb olmuşdu. Görünür, rəsmi Tiflis Azərbaycanla münasibətlərdə gərginliyin onlar üçün problem yaradacağını anlayaraq yenidən strateji tərəfdaşlıq siyasətinə qayıtdı. Bunu təqdir etmək lazımdır. Gürcüstan üçün Azərbaycanla Ermənistan tərəzinin eyni gözündə ola bilməz. Gürcüstanla Azərbaycanı birləşdirən ortaq maraqlar var. Bu hər iki dövlət üçün ərazi bütövlüyünün əsas götürülməsindən tutmuş ortaq enerji və nəqliyyat əməkdaşlığına dair müxtəlif bəndlərdir".

İqtisadçı ekspert Natiq Cəfərli hər iki ölkənin problemlərinin eyni olmasına toxundu: “Azərbaycan və Gürcüstan arasında münasibətlər həm qarşılıqlı zərurətdən, həm də qarşılıqlı maraqlardan doğur. Bu ölkə zatən Azərbaycanın iqtisadi uzantısıdır. Yəni bizim bütün iqtisadi layihələrimizin, Qərblə bağımızın Gürcüstan üzərindən həyata keçirildiyi hər kəsə məlumdur. Rəsmi Tiflis də bundan kifayət qədər həm maddi, həm də siyasi qazanc əldə edir. Təbii olaraq da, Azərbaycanla Gürcüstanın hədəfləri də, qarşılaşdığı problemlər də eynidir. Hər iki ölkənin torpaqları işğal altındadır və hər iki dövlət işğaldan əziyyət çəkir. Burada iqtisadi və siyasi maraqlarımız da üst-üstə düşür. Ona görə də böyük strateji tərəfdaşlığın daha da genişləndirilməsi və bir çox regional və beynəlxalq məsələlərin həllində də qarşılıqlı dəstək mümkündür. Bu hər iki ölkəyə kifayət qədər ciddi dividentlər gətirə bilər. SOCAR-a gəldikdə isə təbii ki, şirkət Gürcüstanın ən böyük vergi ödəyicisidir. ”SOCAR Georgia" Gürcüstanda böyük yatırımlara malikdir, həm qaz paylayıcı şirkət, həm də yanacaqdoldurma şəbəkəsi kimi. Eyni zamanda ümumilikdə enerji sahəsində ən vacib əməliyyatları həyata keçirən şirkətlərdən biridir. “SOCAR Georgia” Gürcüstanın ən böyük vergi ödəyicisi kimi başqa xeyriyyə tədbirlərində də, humanitar məsələlərdə də iştirak edir. Bir çox hallarda Gürcüstanda xeyriyyəçilikdə SOCAR-ın ciddi işlər gördüyünü görürük. Orada təhsil alan azərbaycanlı tələbələrə də müəyyən qrantlar ayırır, Gürcüstan ərazisində dini binalara da pulsuz qaz verir. Yəni “SOCAR Georgia”nın Gürcüstanda kifayət qədər fəaliyyəti mövcuddur. Bəzi problemlər var, məsələn, şəffaf idarəetmə ilə bağlı. Amma bu başqa mövzudur. Ümumilikdə götürdükdə SOCAR-ın Gürcüstanda gördüyü kifayət qədər işlər var. Bütün bunlardan çıxış edərək, təbii ki, Gürcüstan tərəfi belə iqtisadi tərəfdaşını itirmək istəməz. Azərbaycana gəldikdə isə bir daha deyirəm ki, həm iqtisadi, həm də siyasi maraqlarımız üst-üstə düşür. Bir çox beynəlxalq layihələrdə, Avropaya çıxışımızda Gürcüstanın körpü, Azərbaycanın iqtisadi uzantısı rolunu oynadığı açıq-aşkar görünür".