|
Sabah “qızıl” istiqrazlar 100 dollara satışa çıxır

Ekspert: “Əhali tərəfindən bu istiqrazlara maraq olacağı gözləniləndir”

Sabah “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin buraxdığı istiqrazları üzrə  “Bakı Fond Birjası” QSC-də hərrac keçiriləcək. Birjanın Listinq Komitəsinin qərarı ilə sözügedən istiqrazlar standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək.

Söhbət hər birinin nominal dəyəri 100 dollar olan 100 min ədəd istiqrazdan gedir. 3 il müddətində tədavüldə olacaq istiqrazların illik gəlirliliyi 4 faizdir. Faizlər rübdə bir dəfə ödəniləcək. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Bununla belə, hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan bütün investisiya şirkətlərinə müraciət edə bilərlər.

İstiqrazların tədavüldə olduğu müddətdə emitentin onları geri alması nəzərdə tutulmayıb. Fiziki şəxslər istiqrazlar üzrə onlara ödənilən faizlərdən (kupon) 1 fevral 2023-cü ilə qədər vergi ödəməyəcəklər. Hüquqi şəxslər isə əldə etdikləri faizlərin 10 faizi qədər vergi ödəməli olacaqlar.

Qeyd edək ki, bu, “AzerGold”un ilk istiqraz emissiyasıdır. Emissiyanın ümumi həcmi 20 milyon dollar olacaq. Birinci hərracda 10 milyon dollarlıq istiqrazlar satışa çıxarılacaq. QSC-dən verilən məlumata görə, ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində mövcud makroiqtisadi sabitlik və maliyyə sektorunun dayanıqlılığı yerli şirkətləri yeni maliyyə alətlərinin buraxılışına təşviq edir: "Yüksək səmərə ilə fəaliyyət göstərən yerli qiymətli kağızlar bazarının mövcudluğu yeni istiqrazların tədavülə buraxılmasına əlverişli şərait yaradır. Maliyyə bazarına təklif edilən istiqrazlar daim inkişaf edən qiymətli metalların hasilatı sahəsinin və qeyri-neft sənayesinin liderlərindən biri olan “AzerGold”un maliyyə mənbələrinin şaxələndirilməsi və yeni layihələrin icrasına yönəldilməsi ilə eyni zamanda ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə vermək, eləcə də vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanları yaratmağa xidmət edəcək. Bu da öz növbəsində vətəndaşların milli iqtisadiyyat və dağ-mədən sənayesinin inkişafında pay sahibi olmağa əlverişli fürsət yaradacaq".

Ən çox gəlir gətirən istiqrazlar

 “AzerGold”un açıqladığı məlumata görə, bu ilin yanvar-avqust aylarında QSC 39 312 unsiya qızıl hasil edib. Bu, 8 aylıq plandan 4 752 unsiya, illik müqayisədə isə 14 faiz çoxdur. QSC-dən bildirirlər ki, bu hasilat göstəriciləri istehsalatda həyata keçirilən optimallaşdırma işləri və müasir texnoloji metodologiyaların tətbiqi sayəsində əldə edilib.

Bu müddətdə “AzerGold” tərəfindən icra edilən ixrac əməliyyatları nəticəsində ölkə iqtisadiyyatına 68.5 milyon dolları (116.4 milyon manat) məbləğində vəsait cəlb edilib. Cari ilin 8 ayında qızıl və gümüş ixracından əldə edilən gəlir ötən ilin analoji dövrü ilə müqayisədə 32 faiz, yaxud 16 milyon dollar (28 milyon manat) çoxdur.

Maliyyə hesabatından aydın olur ki, 2018-ci ildə “AzerGold” QSC-nin satışları 58 milyon 369 min 947 dollar olduğu halda, 2019-cu il üçün bu rəqəm 27 milyon 798 min 421 dollar (və ya 48 faiz) artaraq 86 milyon 168 min 368 dollar təşkil edib. Şirkət bildirir ki, satış gəlirlərinin artmasının əsas səbəbi 2018-ci ilə nisbətdə 2019-cu ildə həm qiymətlilərin (qızıl və gümüş) satış həcmlərinin daha artıq olması, həm də ki, dünya bazarlarında qiymətlilərin ortalama satış qiymətlərinin daha yüksək olmasıdır.

Maraqlıdır ki, indiyədək əldə olunan nəticələr yalnız “Çovdar” qızıl yatağının hesabınadır. QSC bəyan edir ki, hazırda yeni yataqların istismara hazırlanması istiqamətində də intensiv işlər davam etdirilir: “Təbii ki, bu sahədə işlərin icrasına kifayət qədər böyük maliyyə vəsaiti tələb olunur. Yeni yataqların işlənməsi, eləcə də əldə olunan müsbət iqtisadi artım göstəricilərinin daha yüksək dinamika ilə davamlılığının təmin edilməsi üçün Cəmiyyət tərəfindən kapital qoyuluşu həyata keçirilməkdədir. ”AzerGold" QSC mənfəətlə çalışan dövlət şirkəti olaraq yeni layihələrə sərmayə qoyuluşunu təkcə əldə etdiyi gəlirlər (məlumat üçün, Cəmiyyətin ötən ilki fəaliyyəti nəticəsində əldə edilmiş 21 milyon manat həcmində xalis mənfəətin 15 milyonunun Nizamnamə kapitalına yönəldilməsi qərara alınmışdır) və dövlət hesabına deyil, həm də alternativ maliyyə mənbələrinin hesabına həyata keçirməyi qarşıya məqsəd qoyub. Bu xüsusda qeyd olunan maliyyə mənbələrinin sırasına istiqrazların emissiyası da daxildir".

İstiqrazların emissiyasından cəlb ediləcək vəsaitin isə “Çovdar” (Daşkəsən), “Köhnəmədən” (Balakən) və “Qaradağ” (Şəmkir-Gədəbəy) layihələri üzrə yeni yataqların resurslarının artırılmasına, yataqların yerüstü hissəsində istismar işlərinin sürətləndirilməsinə və çöl tədqiqat işlərinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərə tutulub.

Rəşad Həsənov: “Ciddi daxili islahatlara gediləcəyinə ümid edirəm”

Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, xarici valyutada olduğuna görə bazarda “AzerGold” istiqrazlarına maraq yüksək ola bilər: “Çünki hazırda banklar dollar əmanətlərinə çox aşağı faiz təklif edirlər. Üstəlik, əhalidə devalvasiya gözləntiləri olduğuna görə manatla əmanət yerləşdirməyə ehtiyatlanır. Bu baxımdan, 4 faizlə təklif olunan istiqrazların emissiyası passiv vəsaitlərin iqtisadiyyata yatırılmasına səbəb olacaq. Əhalinin müxtəlif təbəqələrindən istiqrazlara marağın olacağını düşünürəm. Bu istiqrazlarda risk səviyyəsi çox aşağıdır. Çünki ”AzerGold" dövlət şirkətidir, istiqrazların taleyindən narahatlıq yoxdur. Amma banklar özəl təşkilatlardır və əmanətlərlə bağlı risklər daha yüksəkdir. Bundan əlavə, “AzerGold”un fəaliyyət sahəsi elədir ki, gələcək inkişaf səviyyəsinin yüksək olacağı gözlənilir. Ötən ilin yekununa əsasən şirkət 30 milyon dollara yaxın daha artıq mənfəət əldə edib. Kapitalının həcmi 18 milyon dollara qədər artıb. Bu, əvvəlki illə müqayisədə 200 faizə yaxın yüksəlmə deməkdir. Həmçinin xalis gəlirləri artıb. Bütün bunlarla yanaşı, digər dövlət şirkətlərindən fərqli olaraq daha şəffaf fəaliyyət göstərir, müntəzəm şəkildə maliyyə hesabatlarını açıqlayır. Bu isə investorların cəlbi baxımından da üstün mövqedədir".

“AzerGold” istiqrazlarının qiymətli kağızlar bazarına təsirinə gəlincə, ekspert emissiya olunan istiqrazların məbləğinin az olduğunu deyir: “20 milyon dollar qiymətli kağızlar bazarı üçün elə böyük məbləğ deyil. Amma yenə də bir məhsul kimi qiymətli kağızlar bazarında aktivliyə səbəb ola bilər. Eyni zamanda digər şirkətlərin də bu prosesə qoşulması üçün müəyyən stimullaşdırıcı rol oynaya bilər. Lakin bu kimi addımlarla Azərbaycanda qiymətli kağızlar bazarının sürətli inkişafına nail olmaq mümkün deyil. Bu bazarda fundamental problemlər var: kölgə iqtisadiyyatının səviyyəsinin yüksək olaraq qalması, şəffaflıq və hesabatlılığının aşağı səviyyəsi və sair. Onların həllinə nail olmadan bazarın sürətli inkişafı qeyri-mümkündür”.

Onu da bildirək ki, “AzerGold” tərəfindən 2025-ci ilə qədər (ortamüddətli) və 2035-ci ilədək (uzunmüddətli) dövr üzrə korporativ strategiya hazırlanıb. Xarici ekspertlərin iştirakı ilə hazırlanan strategiyaya əsasən Cəmiyyətin strateji hədəflərinə ən böyük qeyri-neft sənaye şirkətlərindən və işəgötürənlərdən birinə çevrilməsi, mədən sahəsində bölgənin ən böyük şirkətləri sırasında qərarlaşması, strateji proqramların icrası üzrə maliyyələşmədə dövlət büdcəsindən asılılığın aradan qaldırılması, habelə dağ-mədən sənayesinin yan sahələrinin və zərgərlik sənayesinin innovativ tətbiqlərlə inkişaf etdirilməsinə töhfələrin verilməsi və əsas bazar Azərbaycan olmaqla, qonşu ölkələrə genişlənmə potensialının inkişaf etdirilməsi daxildir: “Qeyd olunan məqsədlərə nail olmaq üçün hazırlanan orta və uzun müddətli yol xəritəsi çərçivəsində strateji proqramlar müəyyən edilib. Bu proqramlar qızıl, mis-sink mədənlərinin, sənayenin yan sahələrinin inkişafı, beynəlxalq bazarlarda genişlənmə hədəflərini əhatə edir. Cəmiyyətin korporativ strategiyası çərçivəsində müəyyən edilmiş layihələrin icrası ilə 2035-ci ilədək ölkənin məcmu ÜDM-nə 8,9 milyard dollaradək həcmində töhfənin verilməsi, Cəmiyyətin səhmdarı olan dövlətə dividendlərin ödənilməsi, habelə, layihələrin icrasının ən fəal mərhələsində 14 min nəfərə qədər işçinin cəlb edilməsi proqnozlaşdırılır. Eyni zamanda layihələrin icrası ilə Cəmiyyətin gəlirlərinin proqnozlaşdırılmış məcmu illik artım dərəcəsi 14 faiz həcminə hədəflənir. Məlumat üçün qeyd olunmalıdır ki, 2009-2019-cu illərdə qlobal mədən sənayesinin MİAD-ı (Məcmu illik artım dərəcəsi) 9 faiz olmuşdur”.

Qeyd etmək yerinə düşər ki, dünya praktikasında dağ-mədən şirkətlərinin fəaliyyətininin səmərəliliyi yalnız əldə etdiyi maliyyə nəticələrinə görə deyil, həm də və daha çox ətraf mühitə təsirlərin azaldılması səviyyəsinə görə qiymətləndirilir. Bu baxımdan, hələ ki ekoloqlardan “AzerGold”un ətraf mühitə zərər vurmasına dair hansısa narazılıq qeydə alınmayıb. Şirkət istehsalat nəticəsində formalaşan civənin ətraf mühitə və insan sağlamlığına zərərvurmadan zərərsizləşdirilməsi istiqamətində uğurlu addım ataraq civənin xaricə satışına nail olub: “İstehsalat prosesi zamanı tullantı qismində ayrılan civə kütləsi dünya təcrübəsində torpağa basdırılmaqla zərərsizləşdirilir və ya təkrar istehsalda istifadə edilməklə utilizasiya edilir. Qeyd olunan ilk üsul torpağı istifadəyə yararsız hala gətirməklə yanaşı, bütövlükdə ekosistemə, həmçinin insan orqanizminə təhlükə yaradır. Civənin təkrar istifadəyə yönləndirilməsi məqsədilə satışı isə ekoloji cəhətdən daha məqbul və təhlükəsiz həll yolu hesab edilsə də, çoxsaylı icazələrin alınması və mürəkkəb tələblərlə müşayiət edilir. ”AzerGold" ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin tənzimlənməsi məqsədilə dayanıqlı inkişaf prinsipləri üzrə mütərəqqi üsulları tətbiq edir. Bu kimi amillər və sosial məsuliyyət siyasəti nəzərə alınmaqla Cəmiyyət tərəfindən daha mürəkkəb yol seçilib. Nəticədə civə kütləsi təkrar emalda istifadə olunması məqsədilə ixrac edilib. Beləliklə, “AzerGold” beynəlxalq qanunvericiliyə uyğun, BMT-nin “Minamata” və “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel konvensiyalarının tələbləri nəzərə alınmaqla civənin ikinci dəfə ixracını reallaşdırıb".

Sözügedən konvensiyalar təhlükəli tullantıların, xüsusilə də civənin istehsalı və ticarətinin tənzimlənməsini, ətraf mühitin antropogen təsirlər nəticəsində atılan civə və onun birləşmələrindən qorunmasını ehtiva edir.