|
Ekspert: “Əgər Culian Assanc ABŞ-a ekstradisiya olunsa özünü öldürəcək”

Avstraliyalı jurnalist, ABŞ-ın bir çox dövlət sirrini ortaya çıxarmasına görə bütün dünyada məşhurlaşan, uzun müddət Ekvadorun Böyük Britaniyadakı səfirliyində gizlənən, 2019-cu ildə həbs olunan Culian Assancın ABŞ-a ekstradisiya məsələsi gündəmə gəlib.

London Krallıq Kollecinin eksperti Maykl Kopelmanın fikrincə, dünyada bir çox məxfi məlumatı bilən belə bir adamın Birləşmiş Ştatlara köçürülməsi olduqca çətin görünür. Onun sözlərinə görə, əgər C.Assanc casusluq maddəsi ilə ittiham olunacağı bu ölkəyə zorla göndəriləcəyini bilsə özünü öldürəcək.

Maykl Kopelman avstraliyalı jurnalistin öncə Ekvador səfirliyində, daha sonra 2019-cu ildən bu yana Böyük Britaniya həbsxanalarında keçirdiyi tənhalıq və onun gətirdiyi depressiyanın burada az rol oynamayacağını bildirib. Üstəlik ona intihara meylli, autist spektr pozğunluğu diaqnozu da qoyulub.

Xatırladaq ki, ABŞ prokurorluğu Culian Assanca “WikiLeaks”də yayımladığı məlumatlara, o cümlədən ABŞ-ın məxfi hərbi sənədlərini ortaya çıxardığına görə 17 ittiham irəli sürüb. ABŞ məhkəməsi önünə gəlməsi halında onu 175 il cəza gözləyir.