|
Prezidentin Ermənistana xəbərdarlıqları düşmən ölkədə təlatümə səbəb oldu

Dövlətimizin başçısının “əgər onlar beynəlxalq hüququ yerə vururlarsa, biz niyə beynəlxalq hüququ gözləməliyik” mesajının sıradan məsələ olmadığını İrəvanda da yaxşı anlaylırlar; Ermənistanın müdafiə naziri əhalini sakitləşdirməyə başladı, XİN rəhbəri “danışıqlara hazırıq” dedi...

Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak etdikdən sonra telekanallara müsahibəsində bir sıra mühüm fikirlər söyləyib, işğalçı Ermənistanın məkrli siyasətinin ifşası istiqamətində açıqlamalar verib.

“Mən danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm. Danışıqlar faktiki olaraq getmir. Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik, ancaq o deməkdir ki, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik” deyən dövlət başçısı fikirlərinə daha sonra bunları əlavə edib: “Mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir”.

İlham Əliyev Ermənistan rəhbərliyini danışıqlar prosesini pozmaqda, cəfəng bəyanatlar verməkdə, təxribat xarakterli addımlar atmaqda və məsuliyyətsizlikdə suçlayıb: “Əfsus ki, Ermənistanın indiki rəhbərliyi bu məsuliyyəti dərk etmir. Onlar bu addımların nəyə gətirib çıxara biləcəyini də düzgün təhlil edə bilmirlər. Halbuki Ermənistanda rasional düşüncəli insanlar, siyasətçilər var. O siyasətçilər özləri artıq bu məsələni qaldırırlar və Ermənistan ictimaiyyətinə öz fikirlərini çatdırırlar ki, bugünkü rəhbərlik ölkələrini uçuruma aparır”.

Dövlət başçısı iki il əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə “küçə qəhrəmanlarının” taleyinin həm də Azərbaycanın əlində olduğuna açıq işarə edib. Sitata diqqət edək: “İki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Yəni biz vəziyyətdən istifadə edib nəyisə əldə etmək fikrində olmadıq. Biz hesab edirdik ki, bu, labüd idi. Çünki Ermənistanın bundan əvvəlki hakimiyyəti erməni xalqında ancaq nifrət hissləri doğururdu və faktiki olaraq bu hərbi-kriminal rejim Ermənistanı tamamilə bərbad vəziyyətə salmışdı. Xüsusilə nəzərə alsaq ki, yeni hakimiyyət hakimiyyətə gələndən sonra çox ümidverici bəyanatlar verməyə başlamışdır ki, bu məsələni həll etmək istəyirlər, əvvəlki hakimiyyəti tənqid edirdi, bizə qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərirdi, vaxt istəyirdi. Biz də ümidlərlə yaşayırdıq ki, bəli, yeni hakimiyyət bütün başqa sahələrdə də, bu sahədə də yenilik gətirəcək və o əvvəlki yanlış siyasətə düzəliş edəcək”.

Prezident müsəlman ölkələrinin Ermənistanla hansısa yaxınlaşmasına həmişə çox həssas yanaşdığını da vurğulayıb, “müsəlman ölkələri də bilməlidirlər ki, Ermənistan işğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı soyqırımı törədib, mədəni soyqırımı törədib. Baxın, bizim məscidlərimiz nə gündədir? Məgər müsəlman ölkələrində bilmirlər ki, ermənilər bizim yarıdağılmış məscidlərdə heyvan saxlayır, donuz saxlayır, inək saxlayır. Bu, müsəlman aləminə edilən təhqir deyilmi? Ona görə hər bir müsəlman ölkəsinin rəsmi şəxsi erməni rəsmisinin Azərbaycan xalqının qanına batmış əlini sıxanda bu görüntüləri göz önünə gətirsin”-İ.Əliyev deyib.

“Biz mütləq öz torpaqlarımıza qayıdacağıq. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. Bu gün mövcud olan Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. Bu barədə kifayət qədər tarixi sənədlər var. Biz heç vaxt ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” “ - ölkə başçısı bəyan edib.

İlham Əliyev bir daha vurğulayıb ki, Azərbaycana qarşı ciddi təxribat törədilərsə, bu, ermənilər üçün pis olacaq. Azərbaycan Prezidentinin son açıqlaması Ermənistan mediası, sosial şəbəkə istifadəçiləri, politoloqlarının təşvişinə səbəb olub.

Axar.az-ın xəbərinə görə, Ermənistanın müdafiə naziri David Tonoyanın bu gün erməni mətbuatına verdiyi açıqlaması da bu gərginliyin səviyyəsini təsəvvür etməyə imkan verir. “Narahat olmayın! Biz güclü və dözümlüyük və qarşıda bizi yalnız qələbə gözləyir”, - deyə o bildirib.

Əgər İlham Əliyevin çıxışında ermənilər üçün qorxulu heç nə yoxdursa, o zaman müdafiə naziri niyə belə səksəkəli açıqlama verir? Xalq nədən narahatdır və Tonoyan onları niyə sakitləşdirir? Aydın məsələdir ki, Tonoyan və digər erməni rəsmiləri İrəvanın son iyul hadisələrinin əsas günahkarı olduğunu yaxşı bilir və İlham Əliyevin də bu çıxışının hədəfini dərk edirlər.

Erməni politoloq Stepan Danielyanın Əliyevin çıxışına münasibəti isə erməni ictimaiyyətinin narahatlığının səbəbinə tam aydınlıq gətirib. Danielyan Azərbaycan Prezidentinin heç vaxt aldatmadığını, xalqa yalan demədiyini, çıxışlarında yalnız həqiqəti söylədiyini vurğulayıb:

“Onun (Prezident İlham Əliyevin - red.) sözlərini diqqətlə dinləyin. Onun dediklərində həqiqət var və bir çox hallarda bu həqiqəti yalnız Əliyevdən öyrənmək olar, pəltək yalançıdan (Ermənistan baş naziri Nikol Paşinyan nəzərdə tutulur - red.) deyil”.

Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyanın son çıxışı da erməni politoloqun nə qədər haqlı olduğunu deməyə əsas verir. Mnatsakanyan son açıqlamasında bir tərəfdən Ermənistanın Dağlıq Qarabağla bağlı sülh danışıqlarına hazır olduqlarını deyir, digər tərəfdən isə Qarabağın “suverenliyi”nin İrəvanın maraqları çərçivəsində olduğunu bildirir: “Ermənistan özünün sülh prosesinə yanaşmasında çox davamlıdır. Biz dəqiq şəkildə qeyd etmişik ki, sülh prosesinə alternativ yoxdur, həll yalnız sülh yoluyla mümkündür. Biz özümüzə əmin olaraq Ermənistan və Qarabağın öz sərhədlərini, öz maraqlarını güclü müdafiə etdiyini deyirik”.

Məhz “dqr suverenliyi” və “Qarabağ Ermənistandır” təzadlı açıqlamalarına görə də Azərbaycan Prezidenti hazırda heç bir danışığın aparılmadığını deyir. Prezident Ermənistan tərəfinin səslənədirdiyi cəfəng fikirlərinin danışıqlar prosesini pozduğunu xüsusi vurğuladı: “Faktiki olaraq bu açıqlamalar onu deməyə əsas verir ki, Ermənistan danışıqlardan çıxıb. Danışıqlar getmir və bu, pandemiyaya görə baş vermir. Əlbəttə, pandemiya müdaxilə edib, amma pandemiyasız da danışıqlar getmir. Siyasi cəhətdən qüsurlu və ziyanlı bu bəyanatlar danışıqlar üçün yer qoymur”.

Z.Mnatsakanyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla tezliklə görüşəcəyini açıqlayıb. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Mnatsakanyan görüşün tarixinin yaxın zamanda məlum olacağını bildirib. “Biz açıq şəkildə demişik ki, sülh prosesinin alternativi yoxdur. Məhz bu məntiqə sadiqik və ötən müddətə aparılan danışıqları davam etdirməyə hazırıq. Danışıqlarda irəlilədikcə, müəyyənlik yarandıqca bu barədə açıqlama verəcəyik. Görüşə gəlincə, bunu dərhal etməyə hazırıq. Hazırda həmsədrlərlə məsləhətləşirik,  razılaşma olan kimi müvafiq elan veriləcək.”-deyə Mnatsakanyan söyləyib.

İlham Əliyevin danışıqların aparılmadığı və Ermənistanın faktiki olaraq sülh prosesindən çıxdığına dair açıqlamasından sonra düşmən ölkənin nazirinin belə bir bəyanat verməsi qorxunun təzahürüdür.

Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!” - modern.az

Fazil Mustafa: “Prezident Ermənistana yardım edənləri dəqiq işarə verdi və Gürcüstan kimi ləyaqətli davranış sərgiləyən dövlətlərə də bir daha dostluq mesajlarını yenilədi”

Deputat Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında Prezidentin fikirlərini yüksək qiymətləndirdi: “Ölkə Prezidentinin aparıcı media quruluşlarının bir neçə təmsilçisi ilə bu cür təmasları olduqca faydalıdır. Adətən bu cür müsahibələrdə dövlət siyasətinin bütün konturları daha açıq şəkildə dilə gətirilir. Bu görüşdə də Prezident ölkənin daxili və xarici siyasətinə aid çox ciddi məqamlara aydınlıq gətirdi. Burada əsas açıqlamalar Dağlıq Qarabağ məsələsi və işğalçı Ermənistanın təxribatçı davranışları üzərində yoğunlaşdığından, səsləndirilən fikirlərin bir qisminə toxunmaq istədim. İlk öncə Prezident Ermənistana yardım edənləri dəqiq işarə etdi və Gürcüstan kimi ləyaqətli davranış sərgiləyən dövlətlərə də bir daha dostluq mesajlarını yenilədi. Türkiyənin Azərbaycana qardaşlıq dəstəyini xüsusi olaraq vurğuladı və bu münasibətlərin gələcəyi barədə nikbin proqnozlar verdi. Ermənistanın müharibəyə hazırlaşdığını birmənalı şəkildə bəyan etdi və bunun nəticələrinin ilk növbədə Ermənistan və onu himayə edənlər üçün acınacaqlı olacağını bildirdi. Müsəlman ölkələri içində İran başda olmaqla, Ermənistanı dəstəkləyənləri ad çəkmədən əxlaqlı davranışa çağırdı”. F.Mustafa qeyd etdi ki, dövlət başçısının Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasının yolverilməz olduğunu bir daha vurğulaması da həm düşmən tərəfi, həm də beynəlxalq qurumları prinsipial mövqeyimizdə dəyişiklik olmayacağı barədə xəbərdarlıq mahiyyətində idi:  “Ümumilikdə isə Prezident tərəfindən Xəzərdəki Qarabağ yatağının Qarabağın taleyi ilə əlaqələndirilməsi anlamlı və pozitiv metafora idi”.

Elxan Şahinoğlu: “Erməni dili universitetlərimizdə peşəkar tədris  olunmalıdır”

Elxan Şahinoğlu: “İlham Əliyevin son açıqlamaları müharibə anonsu kimi qiymətləndirilə bilər” 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a dedi ki,  Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamaları müharibə anonsu kimi qiymətləndirilə bilər: “Birincisi, Prezidentin açıqlamasından bir daha bəlli oldu ki, danışıqlar üçün zəmin yoxdur və artıq hamıya aydındır ki, danışıqların davamı ehtimalı işğal faktına qon qoymayacaq. İkincisi, Ermənistanın sərhəddəki təxribatları davam edir, Azərbaycan hava sahəsində vurulan növbəti pilotsuz uçuş aparatı da bunun sübutudur. Üçüncüsü, Ermənistan hakimiyyətinin işğal altındakı bölgələrə köçü sürətləndirməsi, PKK terrorçularının Dağlıq Qarabağda məskunlaşması barədə məlumatların çoxalması da gərginliyi artırır”.

Politoloq hesab edir ki, hazırda tərəflər növbəti toqquşmaya hazırlaşırlar: “Ermənistan haradan mümkündürsə muzdluları toplayır, Rusiyadan silah və hərbi texnika toplayır, Azərbaycan isə Türkiyə ilə iyul ayından başlayan hərbi təlimləri bu və ya digər şəraitdə davam etdirir, üstəgəl ehtiyatda olan hərbi vəzifəlilərin orduya çağırışı başlayıb”. E.Şahinoğlu bir məsələyə diqqət çəkməyi vacib sayır: “Hərbi toqquşma ehtimalı artdıqca əsas sual budur: Rusiyanın reaksiyasi necə olacaq? Son 4 ildə Azərbaycanla Ermənistan arasında iki dəfə toqquşma olub və hər ikisində döyüşlər 4 gün çəkib. Hər dəfəsində Moskva prosesə müdaxilə edərək tərəfləri atəşkəsə riayət etməyə çağırıb. Atəşkəsin bu şəkildə davamı isə Ermənistanın maraqlarına xidmət edir. Ermənistan işğal altındakı torpaqlarda məskunlaşma siyasətini genişləndirib, inşaat işləri aparır, müəssisələr yaradır, hətta separatçıların ”parlamentini" Şuşaya köçürəcəklərinin anonsunu veriblər. Bu təxribatlara Minsk Qrupu həmsədrləri və beynəlxalq təşkilatlar səssizdirlər. Halbuki bütün bu qanunsuzlqlar böyük dövlətlərin və beynəlxalq təşkilatların əleyhinə çıxdığı müharibə ehtimalını artırır". Ekspert dedi ki, hazırkı şərtlər daxilində Azərbaycan üçün yeganə maneə Rusiyadır. Azərbaycan Prezidentinin sözlərinə də istinad edərək əgər biz məsələnin yekun həllinə hazırlaşırıqsa, hədəfə yaxınlaşmaq üçün Rusiya maneəsini də aşmalıyıq".

Azərbaycan Prezidenti ərazi bütövlüyümüzlə bağlı mövqeyində qətidir və israrlıdır, ermənilər kimə arxalansalar da, bu mövqe dəyişməzdir. Ölkə başçısının bu fikirləri düşmən üçün ciddi xəbərdarlıqdır: “Bir daha demək istəyirəm və onlara xəbərdarlıq etmək istəyirəm ki, əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün nəticələr çox ağır olacaq... Bizim Ermənistan ərazisində heç bir hərbi hədəfimiz yoxdur və əgər istəsəydik, biz Ermənistan ərazisinə keçə bilərdik, bizim tam hərbi imkanlarımız var idi. Amma biz bunu etmədik. Əgər onlar beynəlxalq hüququ yerə vururlarsa, biz niyə beynəlxalq hüququ gözləməliyik, biz də yerə vuracağıq, amma axırı pis olacaq onlar üçün”.

Ermənilər günün birində savaşın Ermənistan ərazisinə keçəcəyindən ehtiyatlanır. O gün mütləq olacaq! Ali Baş Komandan xəbərdarlığını edib, düşmən nəticə çıxartmasa, qorxulu yuxusu çin olacaq!