Rəkam Bağırov: “Yaxın 2-3 ildə bu sahədə inkişafın sürətlənəcəyini gözləyirik”
Biznesin öz fəaliyyətini genişləndirmək məqsədilə həyata keçirdiyi fəaliyyətlərdən biri bazar araşdırmasıdır. Marketinq siyasətinin tərkib hissəsi olan bazar araşdırması müasir dünyada biznesin fəaliyyətində mühüm yerlərdən birini tutur. Bu araşdırma biznesə öz məhsulunu harada, kimə və nə qədər sata biləcəyini, qarşısına hansı maneələrin çıxacağını müəyyənləşdirməyə imkan verir.
Marketinq araşdırmaları aparılarkən iki mühüm istiqamətə diqqət yetirilir: bazarın səciyyəvi xüsusiyyətləri, ehtiyacları və imkanları; onun həcmi, doyma dərəcəsi, rəqabət şəraiti, analoji malların meydana çıxması ehtimalları və s. Bu iki istiqamətdən birinin seçilməsi ya məhsula yönəlik marketinqə, ya da istehlakçıya yönəlik marketinqə gətirib çıxarır.
Bazar araşdırmaları ötən əsrin əvvəllərindən Avropa və ABŞ-da geniş təşəkkül tapıb. Müasir dünyada marketinq olmadan hər hansı sahədə biznesin genişləndirilməsi mümkünsüz hala gəlib. Hazırda biznesin yüksək inkişafının bir mühüm şərti kimi çıxış edəm marketinqlə məşğul olan fərdi şəxslər və şirkətlərin birləşdiyi beynəlxalq qurumlar fəaliyyət göstərir. Əsası 1937-ci ildə qoyulan Amerika Marketinq Assosiasiyası (American Marketing Association) bütün dünyadan olan marketoloqların ən qədim birliklərindən biridir. Bu qurumun üzvlərinin sayı 50 min nəfərə, universitet şöbələrinin sayı isə 300-ə yaxındır.
Avropanın marketoloqları isə 1948-ci ildən Avropa Marketinq və İctimai rəy Tədqiqatları Cəmiyyətində (ESOMAR) birləşiblər. Hazırda ESOMAR 100-dən yuxarı ölkədən olan 5 minə qədər fərdi şəxsi birləşdirir.
SSRİ dağıldıqdan sonra bazar iqtisadiyyatına keçid prosesinə daxil olan ölkələrdə marketinq 2000-ci illərdən etibarən inkişaf etməyə başlayıb. Bir sıra ölkələrdə bazar iqtisadiyyatının formalaşması sürətlə getdiyinə görə marketinq sahəsində də eyni sürətli inkişaf müşahidə olunur. Məsələn, Rusiyada bu sahənin inkişaf səviyyəsi Pribaltika ölkələrini çıxmaq şərtilə, digər Sovet respublikalarından daha yüksəkdir. 2018-ci ildə Rusiyada marketinq araşdırmaları bazarının ümumi həcmi 6 faiz artaraq 21,3 milyard rubla çatıb. Bu, dollar ifadəsində şirkətlərin marketinqə 340 milyon dollar xərcləməsi deməkdir.

Azərbaycanda marketinq araşdırmalarının bir sahə kimi yüksək inkişaf etdiyini söyləmək mümkün deyil. Lakin son illərdə dövlət tərəfində biznesə xarici və daxili bazar araşdırmalarının aparılması üçün maliyyə dəstəyinin təqdim olunmasına başlanması bu sahədə inkişafın sürətlənəcəyindən xəbər verir. Belə ki, 2016-cı ildə Prezident İlham Əliyev tərəfindən “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, ”Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası"nın təsdiq edilməsi haqqında" fərman imzalanıb.
Qaydada nəzərdə tutulan dəstək tədbiri - xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkili, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, ixracla bağlı beynəlxalq sertifikat alınması, tədqiqat-inkişaf proqram və layihələrinin həyata keçirilməsidir. Bazar araşdırması isə qeyri-neft məhsullarının və ya məhsul qruplarının ixracı üçün yeni və mövcud ixrac bazarlarına çıxış imkanlarının tədqiqi məqsədi ilə təşkil edilən fəaliyyət hesab olunur. Dövlət hər bir bazar araşdırmasına görə ixracatla məşğul olan biznesə 30 000 (otuz min) manatdan artıq olmamaq şərtilə dəstək verir. Bu dəstək İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunur. İqtisadiyyat Nazirliyindən aldığımızməlumata görə, indiyədək meyvə şirələri və mineral sular, quru meyvə, qənnadı məmulatları, şərab və spirtli içkilər, ev tekstili, lak və boya, mühərrik və sürtgü yağları kimi məhsullar üzrə 27 bazar araşdırması aparılıb. Aparılan bazar araşdırmaları Birləşmiş Ərəb Əmirliyi, Böyük Britaniya, Rusiya, Çin, Gürcüstan, Almaniya, Ukrayna, İsveçrə, Belarus, Qazaxıstan, Belarus, Səudiyyə Ərəbistanı Krallığı və s. ölkələri əhatə edib.
Dövlət ötən ildən etibarən mirko, kiçik və orta sahibkarlıq subyektlərinin daxili bazar araşdırmalarına da dəstək mexanizmi tətbiq etməyə başlayıb. Ölkə Prezidentinin 29 may 2019-cu il tarixli fərmanı ilə “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası” təsdiq edilib. Qaydaya əsasən bu dəstək mexanizmindən mikro, kiçik və orta sahibkarlıq subyektləri yararlanır. Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi (KOBİA) yeni dəstək mexanizmi çərçivəsində sahibkarların müraciəti əsasında müvafiq sahə üzrə bazar araşdırmasının aparılması üçün kiçik və orta sahibkarlara informasiya və maliyyə dəstəyi göstərir.

KOBİA-dan verilən məlumata görə, daxili bazar araşdırmalarının hazırlanması üçün yerli və xarici hüquqi və fiziki şəxslər (fərdi sahibkarlar), o cümlədən universitetlər, institutlar, xüsusi araşdırma və təhlil mərkəzləri, məsləhətçi şirkətlər cəlb edilir. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 faizi, kiçik sahibkarlıq subyektinin müraciəti ilə aparılan daxili bazar araşdırmasına çəkilən xərcin isə 50 faizi dövlət tərəfindən qarşılanır. Ümumilikdə isə hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödəniləcək dəstək məbləği 20 min manata qədər olmalıdır. 2019-cu il ərzində kiçik və orta biznesin daxili bazar araşdırmalarına dəstək müraciətlərindən 8-nə müsbət cavab verilib.
Marketinq araşdırmaları sahəsində ixtisaslaşmış “Business Insight” şirkətinin rəhbəri Rəkam Bağırovun “Yeni Müsavat”a dediyinə görə, dünyada böyük müəssisələrdə həyata keçirilən araşdırmaların keyfiyyəti çox yüksəkdir: “Azərbaycanda xüsusilə də yerli şirkətlərin mütləq əksəriyyətində rəhbərlik hesab edir ki, marketinq araşdırmalarına ehtiyac yoxdur. Bu, xüsusilə də orta sahibkarlığa aiddir. Bu sektorda marketinqin zəif inkişafı şirkətlərdə menecmentin, idarəetmənin aşağı səviyyəsi ilə bağlıdır. Şirkətlərin çoxunda marketinq şöbəsi belə yoxdur. Müqayisə üçün deyim ki, bir sıra MDB ölkələrində adambaşına marketinq xərcləri 1-2 dollara çatır. İnkişaf etmiş ölkələrdə araşdırma xərcləri reklam xərclərinin 10-12 faizinə qədər təşkil edir. Bizdə isə araşdırmalar reklam xərclərinin heç 1 faizinə də çatmır”.
![]()
Mütəxəssisin fikrincə, yaxınmüddətli dövrdə Azərbaycanda orta sahibkarlıq səviyyəsində marketinqin sürətli inkişafı baş verəcək: “Müşahidələrimiz, aldığımız sifarişlər bunu deməyə əsas verir. Ümumiyyətlə, son beş ildə marketinq araşdırmaları sahəsində bizim gözlədiyimizdən daha yüksək inkişaf baş verib. Elə böyük şirkətlər var ki, araşdırmalara ildə 100 minlərlə manat vəsait sərf edir. Pandemiyadan sonra şirkətlərin bazar məlumatlarına, istehlakçı davranışlarına dair məlumatlara ehtiyacı böyük olacaq. Biz karantin tədbirlərinin yumşaldılmasına dair hər qərardan sonra sifarişlərin artdığını görürük”.
R.Bağırovun sözlərinə görə, marketin araşdırması sadə dillə deyilərsə, istehlakçı rəyini öyrənmək, istehlakçını dinləmək, onun rəyini məhsul istehsalçısına təqdim etməkdir: “Belə bir deyim var ki, marketinq araşdırması birbaşa istehsalçıya, dolayı olaraqsa istehlakçıya xidmətdir. Yəni istehlakçının istəklərini öyrənir, istehsalçı onun məlumatları əsasında və istehlakçının istədiyi məhsulu istehsal edir. Hər bir sahibkar bazardan sağlam məlumata malik olmalıdır ki, biznesini genişləndirə bilsin. Biznesin marketinq araşdırmalarına ehtiyacı həmişə var”.

Rəkam Bağırov
Şirkət rəhbərinin fikrincə, bu sahənin yüksək inkişaf etməsi üçün azad rəqabət mühiti olmalıdır: “Məmur biznesi tam olaraq aradan qalxmalıdır. Çünki rəqabət olmayan mühitdə bazarı öyrənmək istehsalçının nəyinə lazımdır ki. Məmurların biznes maraqlarının olması isə elə sağlam rəqabət mühitinin olmamasına gətirib çıxarır. Biz öz fəaliyyətimizdə bunun dəfələrlə şahidi olmuşuq. Bu və ya digər şirkət rəhbərləri ilə müzakirələrimiz olub, görmüşük ki, onların bazarda rəqabət mühitində işləmək kimi qayğıları yoxdur deyə bazarın öyrənilməsinə də önəm vermirlər. İkinci mühüm şərt bacarıqlı mütəxəssislərin olmasıdır. Hazırda biz də, digər şirkətlər də xaricdən gətirilən mütəxəssislərlə işləməli oluruq. Buna görə də bacarıqlı mütəxəssislərin olması mühüm şərtlərdən biridir”.
Mütəxəssis dövlətin bu sahəyə ciddi bir dəstəyinin olmadığını deyir: “Düşünürəm ki, dövlət şirkətləri bu sahənin inkişafına ciddi töhfə verə bilərlər: araşdırma ehtiyaclarına dair tenderləri şəffaf və ədalətli keçirməklə. Dövlətin 2016-cı ildən bəri bazar araşdırmaları ilə bağlı biznesə dəstək mexanizmi işə salınıb. Lakin hələlik həcm kiçikdir. Dövlətin digər dəstəyi marketinq şirkətlərinə müəyyən vergi güzəştlərinin verilməsi də ola bilər. Amma düşünürəm ki, ən böyük dəstək sağlam rəqabət mühitinin təmin olunmasıdır. Bu mühit marketinq araşdırmaları bazarının genişləndirilməsini özü təmin edəcək. Biz bu sahənin yaxın 2-3 ildə sürətlə inkişaf edəcəyini gözləyirik. Şirkətlərin marketinq araşdırmalarına ehtiyaclarının artdığını görürük. İstehlakçı istəklərinin sürətli dəyişilməsi istər-istəməz biznesin araşdırma ehtiyaclarını da artırır. Bu baxımdan, sürətli inkişaf gözləyirik və bu inkişafa öz töhfəmizi verməyə hazırıq”.
