Deputatların, ziyalıların, ictimaiyyət nümayəndələrinin prezidentə müraciətindən sonra Müsavat Partiyasının funksionerinin apelyasiya şikayəti üzrə prosedur tezləşdirildi və o, ev dustaqlığına buraxıldı
Sentyabrın 18-də Müsavat Partiyasının funksioneri, həbsinə etiraz olaraq 17 gün aclıq aksiyası keçirən Tofiq Yaqublu ev dustaqlığına buraxılıb.
Belə ki, Bakı Apelyasiya Məhkəməsində Tofiq Yaqublunun barəsində çıxarılmış hökmdən verilən şikayətə baxılıb.
Məhkəmə iclasında Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edib.
Növbəti məhkəmə prosesi sentyabrın 28-nə təyin edilib.
Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarmışdı.
İttihamda qeyd edilir ki, avtomobil qəzası baş verən zaman Tofiq Yaqublu toqquşduğu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. Yaqublu isə ittihamları qəbul etmirdi.
Sentyabrın 2-də aclıq aksiyasına başlayan Tofiq Yaqublu səhhəti pisləşdikdən sonra sentyabrın 12-də istintaq təcridxanasından “City Hospital”a köçürülmüşdü. Lakin orada da qida qəbulundan imtina etmişdi.
Dünən məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılan Tofiq Yaqublu müalicə aldığı “City Hospital”dan evə buraxılıb.
Həkimi Adil Qeybulla Musavat.com-a açıqlamasında deyib ki, Tofiq Yaqublu aclıq aksiyasını məhkəmənin qərarından dərhal sonra dayandırıb. O bildirib ki, T.Yaqublu müvafiq qaydada qida qəbul eləməyə başlayıb.
Ekspertlər Tofiq Yaqublunun həbsdən azad edilərək, ev dustaqlığına buraxılmasını hakimiyyətin növbəti humanist davranışı, ziyalıların, ictimaiyyətin müraciətlərinə ehtiramlı davranışı kimi qiymətləndirir. Nəzərə çatdıraq ki, Tofiq Yaqublu həbsinə etiraz edərək, aclıq aksiyasına başladıqdan sonra səhhəti ağırlaşmışdı. Həkimlər onun həyatına təhlükə yarana biləcəyini deyirdilər. Belə bir vəziyyətdə deputatlar Qüdrət Həsənquliyev, Razi Nurullayev, Fazil Mustafa, ziyalılar, Zeynəb Xanlarova, yazıçılar Anar, Çingiz Abdullayev, habelə ADR hərəkatı onun azadlığa buraxılması üçün prezidentə müraciət etmişdilər. Həmçinin, xeyli sayda vətəndaş övlad acısı yaşamış Tofiq Yaqublunun azadlığı üçün sosial şəbəkələrdə müraciətlər edirdilər. Dövlət rəhbərliyi bu müraciətlərə etinasız yanaşmadı və Tofiq Yaqublu ilə bağlı apelyasiya proseduru tezləşdirilərək, o, sentyabrın 18-də azad edildi.

Penitensiar Xidmət məhkəmə qərarından sonra Tofiq Yaqublu ilə bağlı rəsmi açıqlama yayıb.
Musavat.com-a daxil olan açıqlamada deyilir ki, məhkəmənin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Tofiq Yaqublu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin saxlanıldığı 3 saylı istintaq təcridxanasında 02.09.2020-ci il tarixdən yemək qəbulundan imtina etmiş, bununla əlaqədar səhhəti həkim nəzarətinə götürülərək o, təcridxananın tibb məntəqəsinə köçürülmüşdü: “Eyni zamanda xahişi ilə şəxsən tanıdığı mülki sektorun həkimi Adil Qeybullanın konsultasiyası təşkil edilmiş, A.Qeybulla onun səhhətinə gündəlik nəzarət edilməsi və müalicəsinin aparılması üçün çalışdığı xəstəxanaya - ”City Hospital"a köçürülməsini xahiş etmişdi.

Bununla əlaqədar T.Yaqublunun səhhətinə qayğı və həssaslıqla yanaşılaraq o, 12.09.2020-ci il tarixdə həmin xəstəxanaya yerləşdirilmişdi.
17.09.2020-ci il tarixdə T.Yaqublu “City Hospital”da TƏBİB-in və Ədliyyə Nazirliyinin Tibb xidmətinin həkimləri tərəfindən birgə müayinə olunmuş və vəziyyətinin orta ağırlıqda stabil olduğu müəyyən edilib...
T.Yaqublunun müdafiəsini həyata keçirən vəkillərin hökmdən verdikləri apelyasiya şikayətləri və barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatəti Bakı Apelyasiya Məhkəməsinin icraatında olduğundan, Tibb xidməti tərəfindən onun səhhət durumunun nəzərə alınması ilə bağlı məhkəməyə müraciət edilib.
Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsində keçirilmiş ilkin baxış zamanı məhkəmə humanistlik göstərərək T.Yaqublunun barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib".
