Fransada “COVİD-19”la xəstələnən bir qrup insan və onların yaxınları baş nazir Jan Kasteksi məhkəməyə verib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, həmin adamlar hökumət rəhbərini koronavirus epidemiyası ilə mücadiləni bərbad şəkildə təşkil etməkdə günahlandırırlar.
Belə ki, Jan Kasteks və onun kabineti pandemiya ilə əlaqədar yeni məhdudiyyətlərin tətbiq olunmasına qarşı çıxaraq iqtisadi sahələrin açılmasına tərəfdardır.
Xəstə və yaxınlarının hüquqlarını müdafiə edən vəkil Fabris di Vizio iddia ərizəsini hökumət nazirlərinin fəaliyyətinə nəzarət məqsədilə qurulan Respublika məhkəməsinə təqdim edib. Həmin sənəddə baş nazirin “ictimai təhlükəsizlik üçün təhdid törədən bir fəlakətlə mübarizə aparmaq qabliyyətində olmadığı” bildirilir.
Əgər məhkəmə iddiaçıları haqlı çıxarsa, o zaman Jan Kasteksi 2 il həbs, 30 min avro cərimə gözləyir.
Koronavirus indiyə qədər 30 600 fransızın, o cümlədən 10 min qocalar evlərinin sakininin canını alıb. Hazırkı anda ölkədə hər 100 000 adamın 70-də test nəticəsi müsbət çıxır. Bu isə dünyada ən yüksək göstəricilərdən hesab olunur.
