ABŞ-ın Demokrat partiyasından prezidentliyə namizəd Co Bayden koronavirus pandemiyası dövründə tibbi maskalardan istifadəni hər kəs məcburi edəcəyini bildirib.
Bu barədə o, Delaver ştatında jurnalistlər qarşısında çıxış edərkən bildirib.
Co Baydenin sözlərinə görə, o, bunun üçün bütün ştat qubernatorlarını Ağ Evə çağırıb və deyib ki, alimlərin də müvafiq rəyi əsasında, belə bir səlahiyyətlə bağlı prezidentə ümummilli mandatın verilməsini istəyə bilər. Co Baydenin hüquqşünasları, əslində, prezidentin bu cür tədbirə əl atmadan da belə bir hüquqa malik olduğunu bildirirlər.
Keçmiş vitse-prezident, rəqibi Donald Trampı bir daha ABŞ vətəndaşlarının sağlamlığı üçün həssas sayılan məqamlara biganə qalmaqda suçlayıb.
ABŞ prezidenti isə heç də maska hayında deyil. Onu əsas maraqlandıran mövzu ölkə vətəndaşlarının poçtla səs vermək hüququnun seçki maxinasiyasına çevrilməsi təhlükəsidir. Donald Tramp bu məsələdə sistemə heç də güvənmədiyini bildirib.
“Bu mənim üçün hər hansı əcnəbi dövlətin törətdiyi təhlükədən daha betər bir təhdiddir. Çünki onların bir çoxu deyildiyi qədər düşmən çıxmayıb”,-deyə Donald Tramp bildirib.
