Yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 574 min 206 şagird təhsil alacaq
Səhər açılar-açılmaz bütün yollar, küçələr, avtobuslar - hər yer sanki ağ-qara rəngə bürünüb. Nəinki məktəblilər, hətta övladını dərsə aparan valideynlər belə bu gün bəyaz köynəkdə sevincək görünür. “Yeni Müsavat”ın əməkdaşları pandemiyadan sonra ilk dərs ilinin başlaması ilə bağlı məktəblərdə olub.
“Ana, mən çox xoşbəxtəm..”
“Ana, mən çox xoşbəxtəm, yenidən məktəbə gedirəm. Bundan sonra yay tətili olmasını da istəmirəm”, - deyə tələsə-tələsə məktəbə yürüyən bu qızcığazın dediklərinə də təsadüfən yolda qulaq şahidi olduq.
Pandemiya səbəbindən bu il məktəblərdə “Bilik günü” ənənəvi qaydada keçirilmədi. Bütün orta məktəblər kimi 169 saylı tam orta məktəbdə də “Bilik günü” fərqli qaydada qeyd edildi. Bu dəfə birinci sinfə gələnlərin valideynləri məktəbdən kənarda gözləməli oldular. Uşaqlar isə sinif rəhbəri ilə məktəbə daxil oldular. Həmişəki kimi, güllər, şarlar, “selfi”lər də olmadı. Məktəbin həyətinə nəzarət edən polis əməkdaşları isə valideynləri bir yerə toplaşmamağa səslədilər.
“Deyirlər, məktəblər oktyabrdan yenə bağlanacaq”
Bizimlə söhbətdə övladı birinci sinfə gətirən Nuridə Əliyeva dedi ki, çox sevinclidir: “Elə bilirdik, məktəb ümumiyyətlə olmayacaq. Şükürlər olsun ki, balam ilk dərs sevincini yaşadı. Ümid edirik ki, koronavirus bəlası tamam yox olar, qorxumuz da çəkilər”.
Övladı 4-cü sinifdə oxuyan Nərgiz Əliyeva da fikirlərini bizimlə bölüşdü: “Baxmayaraq ki, dərslər həftədə iki dəfə olacaq, yenə də çox sevinirik. Deyirlər, məktəblər oktyabrdan yenə bağlanacaq, kaş belə olmasın. Onlayn təhsil övladlarımıza bilik verə bilməz. Ötən təhsil vaxtı telefona baxmaqdan uşağımın gözləri ağrıyırdı. Mən istəyirəm ki, dərslər məktəbdə keçirilsin”.
Biz də məktəbin həyəti boşaldıqdan sonra oranı tərk etdik. Amma yolda bir qrup valideynin narazılıq etdiyini eşitdik. Yaxınlaşıb soruşduqda məlum oldu ki, onlar məktəbin növbəli rejimdə işləməsindən şikayətçidirlər. Xatun Ənvərova qeyd edir ki, oğlu 4-cü sinifdə oxuyur və ikinci növbədə məktəbə gələcək: “Bu il uşağımın sinfini iki hissəyə ayırdılar, birinci hissə səhər saat 8-dən 11-in yarısına kimi dərsə gedəcək. Mənim oğlum isə ikinci növbəyə düşdü, dərs saat 11-də başlayacaq. Bu isə mənə heç uyğun deyil. İşləyirəm axı, həmişə səhər məktəbə qoyurdum, bacım da gəlib götürürdü. Indi qalmışam belə, bilmirəm nə edim...”
“Dezinfeksiya uşağıma zərər verəcək”
Digər valideyn Arzu Əliyeva isə bir başqa problemdən narahat olduğunu dilə gətirdi: “Birinci növbənin dərsi bitəndən sonra dedilər gözləyin, otaqda dezinfeksiya işləri aparılır. Bu düzgün deyil axı, internetdən özüm oxumuşam ki, dezinfeksiyadan sonra iki saat otağa daxil olmaq olmaz. Uşaqları isə yarım saatdan sonra qəbul edəcəklər. Mən haradan bilim o zərərli deyil”.
“Məktəblərdə bütün işlər təlimata uyğun aparılır...”
Valideynlərlə söhbətdən sonra məsələni araşdırmaq üçün Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə saxladıq. O bildirdi ki, məktəb otaqlarında aparılan dezinfeksiya işlərinin uşaqlara ziyanı yoxdur: “Hər halda, müvafiq təlimata uyğun olaraq aparılır. Burada elə əsas məqsəd sağlamlığın qorunmasıdır. Dezinfeksiyanı ona görə edirlər ki, insanların sağlamlığı qorunsun. Bu işlər uşaqların orqanizminə zərər vurulmadan aparılır. Burada böyük təhlükə görmürəm”.
C.Valehov onu da vurğulayıb ki, növbəti aylarda yoluxma sayı azalarsa, əyani qaydada dərslərin sayı artırılacaq.
Qeyd edək ki, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 574 min 206 şagird təhsil alacaq. Birinci siniflərdə ümumilikdə 165 min 511, IX siniflərdə 132 min 734, XI siniflərdə isə 85 min 44 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Yeni tədris ilində 121 min 696 uşaq ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, paytaxtın ümumi təhsil müəssisələrində 2020-2021-ci tədris ili üçün pandemiya ilə əlaqədar olaraq, sentyabrın 15-dən mərhələli olaraq əyani (ənənəvi) və distant (məsafədən) formada tədris prosesinə start verilib. I-IV siniflər tədris ilinə əyani və distant (məsafədən), V-XI siniflər isə distant formada başlayıb.
İlk dərslər I-IV siniflərdə (əyani formada) “Gigiyena qaydalarına necə əməl edirəm?”, V-IX siniflərdə (distant (məsafədən) formada) “Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir”, X-XI siniflərdə (distant (məsafədən) formada) “Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir” mövzularına həsr olunub.
Təhsil nazirinin əmrinə əsasən keçirilən dərslər pandemiya vəziyyətində tədris prosesinin mövcud qaydalar çərçivəsində həyata keçirilməsində şagirdlərin üzərlərinə düşən məsuliyyəti onlara anlatmaq məqsədinə xidmət edir.
Müəllimlər dərs zamanı şagirdlərə COVİD-19 pandemiyası ilə əlaqədar məktəblərdə davranış qaydaları, təhsilalanların sağlamlıqlarını qorumaları üçün şəxsi gigiyena qaydalarına ciddi riayət etmələri barədə geniş məlumatlar veriblər.
Həmçinin məktəblilərə koronavirus infeksiyasından qorunmaq üçün digər insanlarla ünsiyyətdə olarkən sosial məsafəni gözləmələri, əllərini tez-tez və qaydalara uyğun yumaları, başqalarının əşyalarına toxunmamaları, sinfi və məktəbi təmiz saxlamaları, kütləvi toplaşmaqdan çəkinmələri barədə müvafiq tövsiyələr verilib.
2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları, həmçinin Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları əsasında təşkil edilir.
“Yeni Müsavat”


