|
İqtisadi Şuranın ilk iclası;

Vüqar Bayramov: “Şuranın fəaliyyəti Prezidentin nəzarətində olacaq”

Azərbaycan hökuməti postpandemiya dövründə iqtisadi siyasətin hazırlanması və həyata keçirilməsi sahəsində ciddi addımlar atmaq niyyətindədir. Sentyabrın 9-da Prezident İlham Əliyevin fərmanı ilə yaradılmış İqtisadi Şuranın ilk iclasında bu istiqamətdə görüləcək işlər müzakirə olunub. 

Baş nazir və İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda bütün Şura üzvləri iştirak ediblər. Baş nazir bildirib ki, İqtisadi Şura yeni bir platforma olaraq dünya və milli iqtisadiyyat üçün mürəkkəb bir dövrdə ən çətin tapşırıqları kollegial şəkildə müzakirə etmək, ortaq məxrəcə gəlmək üçün əlverişli institutdur. İqtisadi Şuranın Prezidentin fərmanı ilə qarşıya qoyulmuş tapşırıqları yerinə yetirmək üçün bütün təşkilati, iqtisadi və maliyyə imkanları var.

Ə.Əsədov bildirib ki, Prezidentin tapşırığına əsasən İqtisadi Şura iqtisadi siyasətin çərçivələrinə dair Proqram hazırlamalıdır. Dövlət investisiyalarına paralel olaraq özəl yerli və xarici investisiyaların cəlbi yeni dövr iqtisadi siyasətinin əsas istiqaməti olmalı, özəl sektorun aparıcı rolu təmin edilməli, investisiya mühitinin yaxşılaşdırılması üçün ciddi və radikal addımlar atılmalıdır: “Milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavabın verilməsini təmin etmək məqsədilə cənab Prezident qarşımızda yeni vəzifələr qoymuşdur. Bunlar makroiqtisadi və maliyyə sabitliyinin qorunması; iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi üçün yeni mexanizmlərinin formalaşdırılması; daha dayanıqlı və inklüziv iqtisadi artım mənbələrinin yaradılması; xüsusilə özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlb olunması; qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyən edilməsi; investisiya mühitinin radikal yaxşılaşdırılması; ölkə iqtisadiyyatının beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi; sosial-iqtisadi rifah səviyyəsinin yüksəldilməsi və digər strateji vəzifələrdən ibarətdir”.

Baş nazir vurğulayıb ki, qeyd olunan vəzifələrin icrasını təmin etmək məqsədilə Prezidentin fərmanında İqtisadi Şuraya tapşırılır ki, iqtisadiyyatın bütün sahələrində, o cümlədən fiskal, monetar və maliyyə-bank sahələrində, real sektorda, özəl investisiyaların təşviq edilməsində, dövlət müəssisələrinin fəaliyyətinin tənzimlənməsində, sosial müdafiə sisteminin səmərəliliyinin artırılmasında, səhiyyə və təhsilin inkişafında dünyada mövcud olan uğurlu modellər əsasında təkliflər hazırlansın. İqtisadi Şura fərmanda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə yerli və xarici ekspertləri, beynəlxalq təşkilatları və elmi müəssisələri cəlb edə bilər.

Vüqar Bayramov: Dəstək proqramı çərçivəsində bir sıra sahibkarlar həm  birbaşa yardım, həm də təşviq paketindən faydalanmaq

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, İqtisadi Şuranın yaradılması islahatlara sistemli şəkildə yanaşma baxımından çox vacibdir: “Nəzərə almaq lazımdır ki, İqtisadi Şura yalnız pandemiya və xarici şokların təsirlərini minimumlaşdırmaq deyil, eyni zamanda fərqli sektorlarda qiymətləndirmələrin aparılması və bunların nəticəsində proqramların hazırlanması, həmçinin icra olunması işini də həyata keçirəcək. Eyni zamanda Şura investisiya mühitinin yaxşılaşdırılması yolları ilə bağlı təkliflər paketi hazırlayacaq, xarici sərmayələrin cəlb olunması üçün mövcud imkanların genişləndirilməsinə nail olacaq ki, bu da biznesin dəstəklənməsi baxımından çox vacibdir. Digər tərəfdən, burada diqqət çəkən məqamlardan biri budur ki, Şura tərəfindən müxtəlif sektorlarda mövcud vəziyyətin qiymətləndirilməsi aparılacaq. Bu, real və effektiv təkliflərin hazırlanması baxımından çox mühüm əhəmiyyətə malikdir. Vəziyyəti qiymətləndirmədən real həll yolunu tapmaq mümkün deyil. Bizim üçün vacib məqamlardan biri də Şiranın ildə iki dəfə Prezidentə hesabat verməsidir. Bu hesabatlılıq Şuranın məsuliyyətinin artırılması və səmərəliliyin yüksəlməsi baxımından vacib məqamdır. Eyni zamanda bu, ondan xəbər verir ki, Şuranın fəaliyyəti Prezidentin nəzarətində olacaq”.

Millət vəkili hesab edir ki, Şura investisiya mühitinin yaxşılaşdırılması, xarici investorların Azərbaycana gəlişini təmin etmək istiqamətində ciddi addımlar atmalıdır: “Çünki xarici investisiya müasir innovativ texnologiyaların ölkəyə gəlməsi deməkdir. Postpandemiya dövründə daha çox investisiyanın cəlbi ən mühüm prioritetlərdən biridir. Bundan əlavə, biznesə dəstək üçün yeni mexanizmlərin işlənməsi, maliyyə-bank sektorunda mövcud vəziyyətin qiymətləndirilməsi və müəyyən dəstək tədbirlərinin həyata keçirilməsi məqsədəuyğun olardı”.