|
«Azərbaycanda daşlar yerində oturmayıb»

«Azərbaycanda dövlət aparatı, dövlətin siyasət üzərində ağırlığı daha çox güclənib amma ictimai institutlar, siyasi partiyaların dövlətə təsir mexanizmi, siyasətdə müəyyən söz sahibi olma imkanları yoxdur»

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa: «Rahatlıqla seçkiyə gedə bilmirəm»

CİA.Az PİA.Az-a istinadən Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa ilə geniş müsahibənin birinci hissəsini oxucularının diqqətinə cəlb edir:

Fazil bəy, 25 ildən artıqdır ki, siyasətdəsiniz. Azərbaycanın müstəqilliyinin ilk günündən bəri yeni tariximizin şahidlərindən birisiniz. 25 illik həyat yolunuzu necə dəyərləndirirsiniz? İllər keçəndən sonra nələri dəyişmək istərdiniz?

Fazil MUSTAFA: Hardasa 30 ilə yaxındır siyasətdəyəm. 1981-82-ci illərdə Naxçıvanda gizli təşkilatda fəaliyyətə başlamışıq.Yəni Milli Azadlıq Hərəkatı başlayanda siyasətin içindəydim. Əbülfəz bəylə də dostluğum, yaxınlığım 1981-ci ildən başlayıb. Hardasa 16 yaşım olanda onunla görüşmüşəm, münasibətimiz qurulub və onun təşkilatında da yer almışam. Bu böyük məktəb, təcrübədir. Bu illər ərzində Azərbaycanda müəyyən dərəcədə siyasətin konturları artıq hamı üçün dəqiqləşib. Bəlkədə əvvəlki illərdə olan daha emosional siyasət anlayışı daha soyuqqanlı siyasət anlayışı ilə əvəz olunub. Kimsə müdrikləşib, kimsə siyasətdə daha çox təcrübə əldə edib, kimlərsə yerində sayıb, heçnə öyrənməyiblər. Ona görə də siyasi mühitin Azərbaycanda hələ gələcəkdə daha fərqli məcrada olması gözlənilir. Çünki daşlar yerinə oturmayıb. Azərbaycanda normal partiya seçkisi modeli tətbiq olunmadığına görə, partiya rəqabəti, proqramlar savaşı olmadığına görə, sözün geniş mənasında ideoloji siyasi qütblər mahiyyətcə formalaşmadığına görə yəni nə milliyyətçilik, nə islamçılıq, nə liberalizm elmi-fəlsəfi əsasa dayanmayan, sadəcə başqa ölkələrdən köçürülmüş mexaniki modellər kimi tətbiq olunduğuna görə


Fazil Mustafa: «Əbülfəz bəylə də dostluğum, yaxınlığım 1981-ci ildən başlayıb»

Azərbaycan siyasətinin başladığını, keyfiyyətcə inkişaf etdiyini söyləmək olmaz. Azərbaycanda dövlət aparatı, dövlətin siyasət üzərində ağırlığı daha çox güclənib amma ictimai institutlar, siyasi partiyaların dövlətə təsir mexanizmi, siyasətdə müəyyən söz sahibi olma imkanları yoxdur.Hətta ən aparıcı partiya Yeni Azərbaycan Partiyası (YAP) dövlət qurumu kimi fəaliyyət göstərir. Faktiki olaraq, partiya modelində fəaliyyət göstərmir. Bu isə cəmiyyətin ictimai şüurunun inkişafına çox mənfi təsir edir. Çünki insanlar debatlarda, polemikalarda kimisə dəstəkləməkdə, kiminsə əleyhinə çıxmaqla öz fikirlərini daha çox ifadə edirlər və püxtələşirlər. Azərbaycan insanından nəyisə soruşub açıqlama almaq istəyəndə cavab verməyə çətinlik çəkir. Amma normal Avropa, Türkiyə cəmiyyətlərində insanlar rahatlıqla siyasi dildə danışa bilirlər. Çünki seçkidə 10 lilərin sözünü dinləyiblər, ritorikasını öyrəniblər, televizyalarda debatları dinləyiblər. Təəssüf ki, bizdə bu sahədə məhdudiyyətlər var.

- Belə demək olarmı k, Azərbaycan insanı siyasi məsələlərdə sözünü açıq deməyə qorxur?

- Bu təkcə qorxuyla bağlı deyil. Təbii ki, Azərbaycanda demokratiyanın məhdudluğu problemi var. Həmdə Azərbaycan insanı kifayət qədər tənbəldir. Azərbaycan insanı oxumağa, müəyyən mənada öz üzərində işləməyə, daha inadla nəyisə əldə etməyə maraqlı deyil. 30 il bundan öncə də belə idi. İnsanlar rahatlıqla imtahana hazırlaşıb qiymət ala biləcəyi halda kiminsə tapşırmağına daha çox üstünlük verirdilər. Bu indi dəbelədir. Adi bir yerdə fəhlə işləyən adam belə müdir dəyişəndə orada öz avtoriteti ilə qalmağı barədə düşünmür. Xahiş edir ki, müdir dəyişilsə də, məni tapşırasız bəlkə nəzərdən qaçıb. Yəni heç kəs öz şəxsiyyətinə güvənərək hansısa bir dağı aşmağa maraq göstərmir. Hamıya mütləq çəlik, dirək lazımdır ki, adamı hərəkətə gətirsin. Deyək ki, siyasətdə məhdudiyyət var, bəs elmdə?! Azərbaycan elmində dünya arenasına çıxarılacaq iqtisadçısı, filosofu, riyaziyyatçısı yoxdur. Və yaxud da idmanda bir erməni Henrikh Mkhitaryanla Azərbaycan futbolçusunu müqayisə edə bilərikmi?! Mkitaryan 25 milyona “Borussiya Dortmund”a transfer oldu, amma deyir ki, Donbasda yaşaya-yaşaya bir dəfədə olsun diskotekaya getməyib. Niyə? Çünki erməni xalqını təmsil edir və əsas hədəfi ən yüksək klublara yüksək məbləğlə transfer olmaqdır. Bizdə isə 1 dəfə Olimpiya çempionu olan idmançı 2-ci dəfə çempion ola bilmir. Demək bu xarakterlə bağlıdır.

Fazil Mustafa: «Azərbaycanda demokratiyanın məhdudluğu problemi var»

Eyni zamanda burada siyasətin də təsiri var. Cəmiyyətin önünü açmaq lazımdır ki, hamı öz çuxuruna düşə bilsin. İndi müəllim taksi sürücüsüdür. Çünki məllimin maaşı azdır. Və ya qadın müəllimi evdə işsiz oturmasın deyə yoldaşı vəzifəlidirsə, xanımını məktəbə düzəldir. Xanım vaxt öldürmək üçün məktəbdə 1 və ya 2 saat dərs keçir. Fədakar müəllimlərimizdə var. Bütövlükdə Azərbaycan cəmiyyətiinn mental psixologiyasında tənbəllik tendensiyası var. Ona görə də çox şeylərdə problemi özümüz çözə bilmədiyimizə görə siyasətin, demokratiyanın azlığının üstünə yıxırıq. Eyni halı rus cəmiyyətində görə bilmərik. Rus cəmiyyətində bir ziyalı, akademik, professor avtoritetlər var. Azərbaycan cəmiyyətində isə bu çox məhdud səviyyədədir.

-Cəbhəçi Fazil Mustafa ilə partiya sədri, millət vəkili Fazil Mustafa arasında hansı fərq var?

- Cəbhədə ilk fəaliyyətim rəhmətlik Əbülfəz bəyin köməkçisi kimi olub. Sonra müşaviri olmuşam. Daha sonra müavini və 3 il Türkiyədə təmsilçisi olmuşam. Mənim bütün fəaliyyətim siyasi liderin siyasətdə mövqeyinin möhkəmlənməsinə xidmət edib. Hətta razılaşmadığım tezislərin müdafiəçisinə çevrilmişəm. Çünki partiya strukturu elədir ki, fədakarlıq etmək seçimim var. Sən bu seçimi partiyanın özü, lideri üçün etməyə başlayırsan. Orada bəzi neqativ, yanlış bir şeylərə haqq qazandırmağa da meylli olursan. Çünki rəqabətdə digər partiyalara uduzmamalısan və sənin dəstəklədiyin lider həmişə öndə olmalıdır. Amma siyasi partiya rəhbəri kimi kursu özün müəyyən edirsən. Bu kursu müəyyən edəndə xalq cəbhəçisində olan düşüncələrimdən tam fərqli düşüncələr ortaya qoyuram. Tam fərqli bir cəmiyyətlə ünsiyyətə girirəm. Bəzən cəmiyyətin dəyərlərinə qarşı çox sərt mövqelər belə ortaya qoyuram. Bunun səbəbi odur ki, artıq partiya sədri kimi başqasının yüksəlişi, ideyalarının yayılmasına çalışmıram. Ona görə də bu siyasətdə daha sərbəst, müstəqil, özünə aid ola biləcək anlayışla mövcud olmağa yer açır.

Fazil Mustafa: «Bütövlükdə Azərbaycan cəmiyyətinin mental psixologiyasında tənbəllik tendensiyası var»

- AXC funksionerlərində bir çoxu bu gün partiya sədridir və onların demək olar hamısı ayrılarkən bir qrup cəbhəçini də özləriylə aparıblar. Amma siz Böyük Quruluş Partiyasını yaradarkən bu müşahidə olunmadı. Səbəbi nədir?

- Düşündüm ki, sırf yeni, fərqli insanlarla bu partiyanın yaranması daha önəmlidir. Həm də cəhbəçi kimisə, hardansa transfer etmək yerinə daha cəlbedici bir ideya üzərində qurulsun. Hədsiz siyasiləşməmiş, düşüncəsində özünün hər şeyi yekunlaşdırdığı qənaətinə gəlməmiş insanlarla işləmək daha asandır. Çünki cəhbəçilər bizdə daxil olmaqla, Azərbaycanın müstəqilliyini qazanmasında, müəyyən mənada demokratiyanın inkişafında, düşüncə sisteminin dəyişməsində böyük rol oynadılar. Amma bir dövr gəlir ki, standartlar dəyişir. Məsələn, 15 il qabaqkı Rusiya ilə indiki Rusiyanın standartları fərqlidir. 20 il qabaq Rusiya Ukraynanı işğal edə bilməzdi, problemlər çıxardı, amma 20 il sonra işğal edir. ABŞ-ın da standartları dəyişir. Azərbaycan dövlətində də siyasətə münasibətdə, QHT-lərə qarşı standartlar dəyişir. QHT-lərin xeyli fəaliyyəti məhdudlaşdırıldı. QHT-lərin xaricdən qrant alması dəyişdi. Əslində partiyalar da bu cürdür. Standartlar dəyişəndə o şərtlərə uyğun mövcudluğu sürdürmək lazımdır. Ona görə də bizim cəhbədən kontingent almamağımızın əsas səbəbi bu idi. İnsanlar həm də yeni bir başlanğıca çox maraq göstərmirlər, bir az çəkinirlər. Biz gələndən sonra sübut etdik ki, fərdi qayda da partiya yükünü götürməyə hazır insanlarıq. Yəni cəmiyyətdə ideyaca, fikircə, insanların qəlbini fəth etmək lazımdır. Çoxları elə fikirləşirlər ki, bir təşkilata nə qədər çox adam yığsan işin xeyrinədir. Onda futbol meydançasında elə hamını tökərsən meydançaya ki, 10 min adam var. 11 nəfər oynayır axı. Yəni ağıllı 11 nəfəri tap, adamların meydançaya düşməsinə ehtiyac qalmasın. Ona görə də müasir texnoloji imkanlardan ağıllı istifadə etmək imkanlarını qaçırmamaq lazımdır. Bunu bəzi insanlara izah etmək çətindir. Onlar çoxluq görəndə elə bilirlər ki, mitinqə 10 min, 20 min insan gəldi. Amma televizyada bir çıxışla 1 milyon adama xitab edirsən və yaxud da sosial şəbəkədə yüzlərlə izləyicin olur, fikrini paylaşır. Fikrin sakit və soyuqqanlı şəkildə dərk edilərək paylaşılması mikrafonla bağırtı-çığırtıyla, 1 saatdan sonra unudulacaq eyforiya ilə deyilməsindən daha üstündür. Biz baxdıq ki, cəhbə modeli inkişaf edə bilməz, etmədi də. Əbülfəz bəy sağlığında belə bu modeli inkişaf etdirə bilmədi. Bir yerə qədər gəlir yeni siyasət istehsal edə bilmir, tükənir. Nə qədər "Azadlıq" deyib qışqırmaq olar, küçənin bu başından o başına yerimək olar. Artıq şablonlaşır. Şablonlaşdıqdan sonra isə insanlar bezirlər, sevmirlər. Bəlkə ürəyində simpatiya ola bilər amma insanın marağı başqa şeylər tələb edir. Marağı doğru tapmaq lazımdır. Buna görə biz başqa xətti izlədik və izlədiyimiz xətt odur ki, ən azından parlamentdə təmsilçilik qazandıq, parlament tribunasından sözümüzü deyirik, kiminsə qabağında hansısa sözümüzü qısmırıq, fikirlərimizi açıq cəmiyyətdə bölüşürük. Hansı platforma olursa olsun, cəmiyyətlə üz-üzə qapıları həmişə açıq saxlayırıq. Cəbhədə olanda bu imkanlar məhdud idi.

Fazil Mustafa: «Biz baxdıq ki, cəhbə modeli inkişaf edə bilməz, etmədi də. Əbülfəz bəy sağlığında belə bu modeli inkişaf etdirə bilmədi.»

- Rəhbərlik etdiyiniz Böyük Quruluş Partiyasının hazırkı vəziyyəti sizi qane edirmi?

-Böyük Quruluş Partiyasının hazırkı vəziyyəti məni qane etmir. Səbəbi isə sırf subyektiv səbəb deyil. Birbaşa obyektiv səbəblə bağlıdır. Ölkədə proporsional seçki sistemi yoxdur. Partiya özü ayrıca nə bələdiyyə, nə də parlament seçkilərinə girə bilir. Prezident seçkilərinə isə girmək heç gündəmdə deyil. Çünki fərdi namizədlər üçün nəzərdə tutulur. Belə bir vəziyyətdə partiya hansısa bir proqramla seçkiyə qatılmır. Məsələn, mən 125 dairə üçün bir proqram tərtib edə bilərəm. 1 proqramın isə 125 dairəyə dəxli yoxdur. Çünki Şamaxının probleminin Zaqatalanın probleminə dəxli yoxdur. Ona görə də Azərbaycan şərtlərində partiyanı inkişaf etdirmək çox cətindir. Partiyanı stimullaşdırmalısan, partiya siyahı üzrə girməlidir. Siyahıya 20-25-30-100 fəal adamı salmalısan. Fəal adam partiya üçün çalışmağa başlamalıdır. Amma deyirik ki, kimin hansı bölgədə səs toplama, keçmə şansı var. O prinsiplə hətta parlamentə düşməsə belə seçkidə iştirakına üstünlük verilir. Mərkəzdə elə bir savadlı adamımız var ki, onun Gədəbəydən namizədliyini verə bilmirəm. Çünki Gədəbəydə yerli əhalidən səs ala biləcək tamam başqa bir adam var. Amma ümumi respublika standartında bəlkə də o yaxşı performans ortaya qoymaya bilər. Demək istədiyim odur ki, partiya modelinin inkişafı üçün mütləq partiyalı seçki mexanizmi inkişaf etməlidir. Bu olmadığına görə partiyaların faktiki olaraq mövcud olmasından o tərəfə hansısa bir fəaliyyəti hiss olunmur. Fərdi fəaliyyətimiz partiyanın fəaliyyətindən daha çoxdur və üstündür.

- Siz BQP-ni uğurlu layihələrinizdən biri hesab edirsiniz, yoxsa baş tutmayan layihədir?

- BQP-ni uğurlu layihə hesab edirəm. Azərbaycanda bir cinahda siyasət aparmaq , sonra başqa bir platformada, ideyalarda çıxış etməyə transfer olunmaq çox çətindir. Yəni bu bir xəstəlik kimi hər tərəfi bürüyüb. 20 il əvvəl cəbhəçi olmusansa, ölənə qədər cəbhəçi kimi ölməlisən. Təşkilat dinamik bir mexanizmdir. Bəlkə ideyalar dəyişib? Bəlkə əvvəllər demokratik olan təşkilat çevrilib faşist təşkilatı olub? Bəlkə bu təşkilatın cəmiyyət həyatına heç bir təsiri yoxdur. Mən hökmən burada qalmalıyam?! Məsələn, Türkiyədə "Rifah" partiyası var idi. Ak Partiya niyə yarandı? Sanki bir avtomobil dalana dirənir, nə geriyə, nə də irəliyə çəkmək olmur. İrəli getmək istəyirsənsə, başqa avtomobillə getməlisən. Ona görə də BQP uğurlu layihədir. Sadəcə ölkədəki siyasi mühit o həddə deyil ki, avtomobili 20-dən daha yuxarı sürətlə sürə biləsən. Biz ancaq xırda sürətlə sürürük ki, yolda polis saxlamasın, maşının təkərinə mismar qoymasınlar.


Fazil Mustafa: «Fərdi fəaliyyətimiz partiyanın fəaliyyətindən daha çoxdur və üstündür»

- Standartdan çıxmaq üçün sürəti artırmaq olmaz?

- Biz standartdan çıxırıq amma partiya olaraq bunu etmək çox çətindir. Partiyanı gücləndirdikdən sonra sonda seçkiyə qatmalısan. Partiya mexanizmi kimi seçkidə iştirak yoxdur. Çünki partiya üzvlərinin hamısı seçkidə proqram hazırlamaq, onun təbliği və başqa məsələlərlə məşğul ola bilmirlər. Burada isə aktivlik öləziyir. Amma fərdi qaydada biz cəmiyyətin standartlarını aşan, cəmiyyətin standartlarına qarşı mövqeyimizi açıq şəkildə ortaya qoyuruq.

- Deməli, Azərbaycanda partiyaların fəaliyyəti sadəcə formal görüntü olaraq mövcuddur...

- Əslində Azərbaycanda bütün partiyaların fəaliyyəti daha çox formal xarakter daşıyır. Canlı dinamizmi artırmaq imkanları məhduddur.

- Partiyanız payızda keçiriləcək seçkilərdə neçə namizədlə çıxış etməyi planlaşdırır? Və seçkilərə hazırlıq səviyyəniz necədir?

- İlkin olaraq 125 nəfər düşünürük amma elə Xankəndi, Xocalı və bir neçə dairələrdə adamımız yoxdur. Ona görə hədəf olaraq 100 dairəni əhatə etsək, bunu uğurlu addım hesab edərəm. May ayında Məclisin iclası olacaq və orada qərarımız qəbul olunacaq. İndidən hazırlıq gedir. Çünki bələdiyyə seçkilərində YAP-dan sonra bizim partiya üçüncü yeri tutdu. Yəni əksər bələdiyyələrdən biz namizəd vermişdik. Demək istədiyim odur ki, seçki təcrübəmiz var və qərargahımız çox aktiv işləyir. Seçki prosesi başlayanda hazırlığımız daha da intensivləşəcək. Hələki zəifdir. Çünki seçki abu-havası yoxdur. Amma öz dairəmizdə və potensial namizədlərimiz olan dairələrdə işlər başlayıb.

Fazil Mustafa: «Bələdiyyə seçkilərində YAP-dan sonra bizim partiya üçüncü yeri tutdu»

- Namizədliyinizi hazırda deputat olduğunuz bölgədən verəcəksiniz və növbəti dəfə deputat seçiləcəyinizə inanırsınız?

- Əsas inamdır. İnanmasam belə siyasi partiyanın əsas funksiyası seçkidə iştirakdır. Hətta məğlub olsaq belə, seçkidə iştirak etməliyəm. Ona görə ki seçki bir ünsiyyət vasitəsidir. İnsanlara deyəcəyin sözlər var. Digər tərəfdən bunu insanların öhdəsinə buraxmaq lazımdır. Eyni zamanda mən özümə aid məsələləri həll etməliyəm ki, rahatlıqla seçkiyə gedə bilim. Rahatlıqla seçkiyə gedə bilmirəm. Çünki bir çox problemləri həll edə bilmirik, bürokratiyanı aşa bilmirik, seçicilərin fundamental problemlərini-pensiya, səhiyyə, təhsil, sağlıq məsələlərinə dəstək vermək imkanlarımız geniş deyil. Çünki hökümət, mərkəzləşmiş aparat deputatın bu istiqamətdə təsir gücünü xeyli azaldıb. Buna baxmayaraq biz üzərimizə düşən minimum işləri görmüşük. Məsələn, hər həftə dairəyə gedib seçicini birbaşa qəbul edirəm, nə problemi varsa yerində həll edirəm. Adam tutmuşam ərizə yazmayanın ərizəsini yazır, sosial fonda, məhkəməyə aparmaq lazımdırsa özüylə birlikdə gedir. Yəni gücüm çatan nədirsə, seçiciyə qarşı onu edirəm. Tək öz seçicim üçün deyil, cəmiyyət üçün lazım olan mesajları səsləndirirəm. Mənə xeyli təkliflər göndərilir, onları səsləndirirəm. Dünyagörüşü yerində olan, normal seçici bilir ki, passiv deputat deyilsən. Hər zaman siyasi arenada öz sözün, fikrin var və seçicinin də problemini deyirsən. İndi seçicinin seçimi artıq özünədir. Ona səssiz-küysüz, heç nəylə məşğul olmayan, illərlə tapa bilmədiyi deputat lazımdırsa, o variantı da düşünsün. Özümə aid işi gördüyümə görə insanların qarşısına alnıaçıq gedirəm. Kimsə mənə deyə bilməz ki, səni tapa bilmədim. Bunu deyəcək insan olsa, sadəcə vicdansız insan olar.

Fazil Mustafa: «Prezident seçkilərinə isə girmək heç gündəmdə deyil»

İlk dəfədir ki, sizə deyirəm. 10-15 dairədən mənə çox ciddi təkliflər var ki, namizdəliyimi onların rayonlarından verim. Çünki seçicilərin çoxusu istəyir ki, onların sözünü dilə gətirən deputat olsun. Hələki hansı variant üzərində duracağım barədə düşünürəm.

- Hansı partiyaları özünüzə rəqib, hansı partiyaları isə müttəfiq hesab edirsiniz?

- Açığı partiyalardan YAP bizə rəqibdir. Çünki hakimiyyətin ideologiyasını o təmsil edir və biz də həm baxış olaraq, həm düşüncə olaraq hakimiyyətin ideologiyasına qarşı müxalifətdəyik. Sadəcə olaraq müxalifətçiliyi biz artıq düşmənçilik anlayışından çıxarmışıq. Yəni mənim üçün ağıllı YAP-çı da, BQP-çi də, Bütöv Azərbaycançı da, cəbhəçi də dəyərlidir. Yəni mühakiməsi doğru olmayan YAP-çı da, BQP-çi də faydasızdır. Artıq insanlara və dəyərlərə ölkə məhfumu ilə baxmaq lazımdır. Ona görə də dost partiya olaraq axırıncı seçkidə müttəfiqliyimiz olan BAXC (Bütov Azərbaycan Xalq Cəbhəsi Partiyası) ilə müttəfiqliyimiz olub. İlk əvvəllər Ədalət partiyası ilə müttəfiqliyimiz var idi, sonradan Ədalət partiyası başqa bir seçim edərək başqa partiyalarla əməkdaşlığa üstünlük verdi. Ona görə də indi daha çox BAXCP-i ilə müəyyən blok və başqa formatlarda iştirak eləmişik. Amma bu seçkidə müstəqil iştirak edəcəyik.