|
İqtisadi Şura nədən başlamalıdır?

Ekspertlər məhkəmə sistemi və məmur sahibkarlığını nişan verirlər

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin fərmanı ilə Maliyyə Sabitliyi Şurası ləğv olunaraq İqtisadi Şura yaradılıb. Yeni qurum qarşısında bir sıra mühüm vəzifələr qoyulub. 

Bu sıraya ölkə iqtisadiyyatında yarana biləcək daxili və xarici təsirlərin qarşısının alınmasına yönəlmiş qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə həyata keçiriləcək islahatların və iqtisadi siyasətin istiqamətinin müəyyən edilməsinə dair təkliflərini hazırlayıb Prezidentə təqdim etmək, həmçinin postpandemiya dövründə iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi üçün onun yeni mexanizmlərinin formalaşdırılması və inkişaf etdirilməsi, bu məqsədlə daha dayanıqlı və inklüziv iqtisadi artım mənbələrinin yaradılmasına, xüsusilə özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlbinə, qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyən edilməsi, qlobal dəyər zəncirinə fəal qoşulma, investisiya mühitinin radikal yaxşılaşdırılması, müasir səhiyyə və təhsil siyasəti vasitəsilə insan kapitalının keyfiyyətinin daha da yüksəldilməsi, biznesin tələblərinə uyğunlaşdırılması, mülkiyyət hüquqlarının daha effektiv qorunması və “biznesə dost” digər strateji vəzifələr də aiddir.

İqtisadi Şuranın yaradılmasına dair fərmanda qarşıda duran əsas vəzifələr sırasında qeyd olunan investisiya mühitinin radikal yaxşılaşdırılması üçün hansı addımlar atılmalıdır? Bank sahəsi üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənovun dediyinə görə, bu, daim aktuallığını saxlayan məsələdir: “İnvestisiya mühitinin əsas göstəricisi müstəqil məhkəmə sisteminin olmasıdır. Məhkəmə sistemi müstəqil və mükəmməl olmalıdır ki, mülkiyyət hüquqları, müqavilə öhdəliklərinin icrasına effektiv nəzarət imkanları olsun. Prezidentin fərmanında da mülkiyyət hüquqlarının qorunmasının vacibliyi qeyd olunub. Hər bir ölkəyə investisiya qoymaq istəyən sahibkarı maraqlandıran 3 əsas məsələdən ikisi - mülkiyyət hüququ və müqavilələrə əməl olunmasıdır, üçüncüsü isə sağlam rəqabət mühitidir. İlk ikisinin təmin olunması bilavasitə məhkəmə sisteminin işindən asılıdır. Bütün bunları təmin etmək, ədalətli məhkəmə sistemi, sağlam rəqabət mühiti formalaşdırmaq üçün qanunvericilikdə çox ciddi dəyişikliklər olunmalıdır”.

Əkrəm Həsənov: “Regionlarımızda vəkillərə böyük ehtiyac var”

Əkrəm Həsənov

Ekspertin fikrincə, yalnız hansısa sahənin inkişafına dair proqramlar hazırlamaqla problemlər həll olunmur: “İndiyədək Azərbaycanda onlarla inkişaf proqramları qəbul olunub, real nəticə isə gözlənildiyindən qat-qat aşağıdır. Ona görə də prosesə qəbul edilən proqramların effektiv işləməsini təmin edəcək qurumlar da qoşulmalıdır. Məsələn, İqtisadi Şurada ədliyyə nazirinin də olmasını çox istərdim. Mülkiyyət hüquqları ilə bağlı məhkəmə sistemində olan qanunsuzluqların qarşısının alınması sahəsində vəziyyəti dəyişmək üçün onun da prosesdə olması vacibdir. İnvestisiya mühitini radikal dəyişmək üçün ilk növbədə qanunvericilik dəyişməlidir. Azərbaycan qanunvericiliyi sahibkarlığın inkişafına meylli qanunvericilik deyil. Hər bir ölkənin iqtisadi konstitusiyası Mülki Məcəllədir. Azərbaycanda bu sənəd ən savadsız hazırlanmış, ən çox pozuntulara yol açan qanundur. Hətta mən deyərdim ki, Orta Asiya ölkələrinin mülki məcəllələri də bizimkindən savadlı hazırlanıb. Bir neçə il əvvəl Prezident sərəncam verib ki, yeni mülki məcəllə hazırlansın, hələ də proses başa çatmayıb. Eləcə də sahibkarlıq, investisiya fəaliyyəti ilə bağlı qanunvericilik tam yenilənməlidir. Bizdə, ümumiyyətlə, ayrıca qanunvericilik institutu yaradılmalıdır. Hər bir dövlət orqanı öz fəaliyyətinə aid olan sahəyə dair qanun hazırlayır, bu isə sui-istifadə hallarına yol açır. Hərə özünə sərf edən müddəaları salır qanunvericiliyə. Ona görə də təkmil qanunvericilik əvəzinə ayrı-ayrı qurumların, qrupların maraqlarına cavab verən qanunvericilik meydana çıxır. Hətta bu vəziyyətdə olan qanunvericilik belə normal tətbiq olunmur. Əksər hallarda sahibkarın, biznesin xeyrinə olan müddəalar gözardı edilir, xüsusilə məhkəmə qərarlarının qəbulunda heç bir qanuni tələb nəzərə alınmır”. 

Ə.Həsənov bildirir ki, ilyarım əvvəl Prezident məhkəmə-hüquq sistemində islahatlara dair fərman imzalayıb: “Orada nəzərdə tutulan bir sıra mühüm işlərin heç biri həyata keçirilməyib - fərmandan ilyarım keçib artıq. Düşünürəm ki, aşağıdan yuxarıya doğru bütün məhkəmələrdə ən azı rəhbərlik tamamilə dəyişdirilməlidir. Bəzi yüksək məhkəmə instansiyalarının fəaliyyətinə alman mütəxəssislər cəlb olunmalıdır - Azərbaycanda alman hüquq sistemi tətbiq olunur. İnvestisiya mühitini radikal yaxşılaşdırmaq istiqamətində sonuncu addım maliyyə amnistiyasının elan olunmasıdır. Qeyd etdiyim tədbirlər həyata keçirilərsə, investisiya mühitinin radikal dəyişməsinə nail ola bilərik”.

Azər Mehtiyev: Hökumətin arzuladığı odur ki, 2018-ci ildə neftin dünya  bazarındakı qiyməti bu il də təkrarlansın

 Azər Mehtiyev

İqtisadçı-alim, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev qeyd edir ki, Azərbaycan iqtisadiyyatına yaxınmüddətli dövrdə təsir göstərəcək daxili və xarici amillər dəqiq müəyyənləşdirilməlidir: “İndiyədək əsas təsir edən amil neftin dünya bazar qiymətidir. Buna görə də xarici amillərin ölkə iqtisadiyyatına təsirlərinin qarşısını almaq dedikdə, iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın azaldılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi nəzərdə tutulur. Daxili amillərə gəlincə, iqtisadi artıma gətirən müxtəlif amillər var. Əsas amillərdən biri neft gəlirləridir. Digər amil məmur sahibkarlığının mövcudluğudur. İqtisadi Şuradan əsas gözləntilər məhz neftdən asılılığın azaldılması, məmur sahibkarlığının rolunun kiçildilməsi istiqamətidir. Çox vacibdir ki, ölkədə azad sahibkarlığın inkişafı üçün əlverişli mühit yaradılsın, investisiya mühiti radikal yaxşılaşdırılsın. Bütün bunlara nail olmaq üçün İqtisadi Şura ölkə iqtisadiyyatına təsir göstərən daxili və xarici amilləri dəqiq müəyyən etməli, onların təsirlərinin minimuma endirilməsi üçün tədbirlər həyata keçirməlidir. Bu isə ilk növbədə qanunçuluğun təmin olnması, müstəqil məhkəmə sisteminin formalaşdırılmasını zəruri edir”.