|
2021-ci ilin büdcəsində də neft pullarından xərcləyəcəyik

Neft gəlirlərinin qeyri-neft sektoru  hesabına əvəzlənməsi niyə baş tutmur?

Hökumət 2021-ci il üçün dövlət büdcəsinin konturlarını açıqlayıb. Məlum olur ki, 2021-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 327 milyon manat məbləğində proqnozlaşdırılır.

Büdcə gəlirlərinin 57,3 faizi və ya 13 milyard 950,0 milyon manatı neft sektorunun, 42,7 faizi və ya 10 milyard  377,0 milyon manatı qeyri-neft sektorunun payına düşür.

Neft sektoru üzrə büdcə gəlirlərinin 87,5 faizini və ya 12 milyard 200 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 12,5 faizini və ya 1 milyard  750,0 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir. 2021-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 35 ABŞ dollarına bərabər götürülüləcək. 

Büdcə göstəricilərinə nəzər salsaq görərik ki, uzun illərdir müzakirə getsə də, proqramlar hazırlansa da, dövlət büdcəsinin neft gəlirlərindən asılılığı azalmır. Büdcə gəlirlərinin yarıdan çoxu Neft Fondundan transfertlər hesabına həyata keçirilir. Bəs görəsən, qeyri-neft sektoru nə zaman büdcə gəlirlərinin təmin olunmasında önə keçəcək və iqtisadiyyatın əsas aparıcı qüvvəsi olacaq? İldən-ilə Azərbaycanın neft hasilatının aşağı düşdüyünü və neft qiymətlərinin də kəskin ucuzlaşdığını nəzərə alsaq, iqtisadi sabitliyin təmin olunması üçün qeyri-neft sektorundan daxilolmaların artması mütləq şərtlərdəndir. 

Yaranmış vəziyyətlə əlaqədar sahibkarlara hansı güzəştlər ediləcək?Pərviz  Heydərov yazır... » Sedanews.az

Pərviz Heydərov

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, dövlət büdcəsində Neft Fondundan transfertlərin qeyri-neft sektorundan daxilolmalarla əvəzlənməsi qısamüddətli bir proses deyil: “Qeyri-neft sektorunun inkişafı və bu sahədə ixrac potensialının dövlət gəlirlərinin 50 faizdən yuxarısını təmin edəcək səviyyəyə gətirib çıxartmaq uzun illər tələb edən məsələdir. Xammal sektoru elədir ki, pul qoyursan və alınan məhsulu dərhal dünya bazarına çıxarıb reallaşdıra bilirsən. Ancaq qeyri-neft sektoru elə bir sahədir ki, oraya investisiya yatırmaqla iş bitmir. Orada əldə olunan məhsulun keyfiyyəti, rəqabət qabiliyyəti, onun hansı bazara  çıxarılacağı məsələləri və sair amillər, çağırışlar var ki, bunların hamısına əməl etməyi bacarmalısan. Təəssüf ki, bəzi iqtisadçılar, o cümlədən əhali bu məsələyə qəti yanaşır. Sanki hansısa sahibkarın fəaliyyətinə, onun stimullaşdırılmasına, iqtisadi aktivliyə geniş yer verməklə, investisiya üçün münbit şərait yaratmaqla qısa müddətdə qeyri-neft sektorunda inqilabi nəticələr əldə etmək olar. Xeyr, mümkün deyil, bunun üçün onilliklər lazımdır. Mən o fikirlə razıyam  ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra uzun illər qeyri-neft sektoru diqqət mərkəzindən kənarda qaldı. Bunu səhvləri sığortalamaq üçün demirəm, ancaq qeyri-neft sektoruna xarici  investisiyaların cəlb olunması, bu sahədə qapıların xaricilərin üzünə açılması özü də asan proses deyildi. Bunun siyasi tərəfləri var idi, ağır şərtləri var idi. İnvestisiya qoymaq istəyənlər təkcə bir çağırışla gəlmir, onların da ağır şərtləri var. Uzunmüddətli səylər, cəhdlər edilməli idi və bu da uzun zaman tələb elədi”. 

Ekspertin sözlərinə görə, son illərdə, xüsusən də 2015-2016-cı illərdə neftin qiyməti kəskin ucuzlaşanda qeyri-neft sektoruna diqqət artdı. 2010-cı ildən bəri bu sektrora müəyyən diqqət var: “Həmin ildə Azərbaycanda neft hasilatı ən yüksək həddə, 51 milyon tona çatdı, ondan sonra isə  azalan xətlə gedir. Hökumət başa düşdü ki, gələcəyin təminatı qeyri-neft sektorudur. 10 ildir bu sahəyə diqqət var, son 5 ildə isə daha çox iş görülüb. Müəyyən nəticələr də var. Ancaq qeyri-neft sektorunun Azərbaycan iqtisadiyyatının lokomotivinə çevrilməsinə bir neçə onillik tələb olunur”. 

P.Heydərov onu da qeyd etdi ki, Azəraycanın qeyri-neft sektoru məhsulları ilə dünya bazarına çıxması üçün elmin, təhsilin, texnoloji inkişafın səviyyəsi yüksək olmalıdır: “Ona görə də, acı həqiqət olsa da, razılaşmalıyıq ki, Azərbaycan xammal ölkəsidir. Bundan sonra da bir müddət xammal ölkəsi olaraq qalacaq. Qeyri-neft sektorundan da xarici bazarlara emal məhsullarından daha çox xammal satırıq və ən çox gəliri də o sahədən götürürük. Emal məhsullarına gəlincə, təhsil inkişaf etməli, yüksək ixtisaslı kadrlar yetişməlidir. Sahibkar o deyil ki, yaxşı ideyası var və filan sahədə iş görmək istəyir, pulu olan kimi olacaq sahibkar. Bu gün sahibkarlarımızın hamısına yaxşı bir məbləğdə pul versəniz, onların 90 faizi xaricdən mal daşıyıb gətirməyə yönələcək. Çünki kobud çıxsa da, savad yoxdur. Bizim xaricdəki tanınmış milyarderlər kimi böyük ideyaları, yüksək təhsili olan sahibkarlarımız azdır. Bizdə hamı şikayətlənir ki, pul yoxdur, kredit verilmir, verilsə də faizlər yüksəkdir. 

Faizlər ona görə yüksəkdir ki, burada bankları da nəzərə almaq lazımdır. Bank krediti ona görə yuxarı faizlə verir ki, risk çox böyükdür. Bank borcun qayıdacağından yüksək faizlə əmin olsa, onu daha yumşaq faizlə verər. Risk yüksək olan yerdə faizlər də yüksək olur. Faizlər aşağı olsa da, sahibkar emal sənayesinə yox, idxal sahəsinə yönəlir". 

İqtisadçı ekspertin fikrincə, dünya ölkələrinin iqtisadi təsnifatına baxsaq, Azərbaycan xammal ölkəsidir: “Dünya ölkələri ümumilikdə iki yerə bölünür. Xammal ölkələrinə  və istehsalçı ölkələrə. İstehsalçı ölkələr kimlərdir - Almaniya, Böyük Britaniya, Amerika, Yaponiya və sair. Onların heç birinin xammal resursu yoxdur, ancaq təhsil səviyyəsi olduqca yüksəkdir. Deməli qeyri-neft sektorunun inkişafında, istehsalın kökündə dayanan bir nömrəli amil təhsildir. Təhsili qaldırmadan buna nail olmaq mümkün deyil. Normal bir kadrın yetişdirilməsi 7-8 il vaxt tələb edir. Pul əsas şərt deyil, Azərbaycanın kifayət qədər pulu var. Ancaq o pulun qeyri-neft sektoruna niyə yatırılmamasının səbəbləri dediyim məqamlardır. Qeyri-neft sektorunun Azərbaycan iqtisadiyyatının lokomotivinə çevrilməyinə bir neçə onilliklər lazımdır. Hökumət də bu gün böyük səylər göstərir, proqramlar həyata keçirir. Likvitliyi təmin etmək üçün sosial müavinətlər, maaşlar verilir, təkcə bu il 900 min insan işə çıxmadan pandemiya dövründə maaşlarını aldı. Bu da  onun sayəsindədir ki, bizim neftimiz var, xammalımız var, ölkəyə pul gəlir və iqtisadiyyatın lokomotivi neft sektorudur. Bütün bu amillər səbəbindən Neft Fondundan transfertlər dövlət büdcəsinin əsasını təşkil edir. Neft sektorundan dövlət büdcəsinə daxil olan vəsaitin 90 faizə yaxını Neft Fondundan transfertlərdir. Hökumət illərdir çalışır ki, fonddan büdcəyə transfertləri azaltsın, lakin mümkün olmur. Bu il avqust ayında əlavə 850 milyon manat Neft Fondundan pul ayrıldı. Hələ  qarşıdakı illərdə bu tendensiya davam edəcək, neft-qaz sektorunun Azərbaycan iqtisadiyyatının lokomotivi rolunda çıxış etməsi uzun illər qalacaq. Bununla bərabər, qeyri-neft sektorunda əldə olunan müsbət işartıları da qiymətləndirmək lazımdır, ancaq büdcənin yarıdan çoxunu bu sektor hesabına maliyyələşdirmək fikri reallıq deyil”.