|
Partiya rəhbərlərindən deputatlığa namizədlər siyahısına münasibət

Müxalifət partiyalarında parlament seçkilərində iştirak edəcək deputatlığa namizədlərinin müəyyənləşdirilməsi işi davam etdirilir.

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirdi ki, partiyanda hələlik namizədlərin ilkin müəyyənləşməsi prosesi gedir: “Namizədliklərini irəli sürmək niyyətində olan şəxslər bu barədə öz istəklərini ifadə edir. Eyni zamanda, müvafiq seçki dairəsi ərazisini əhatə edən rayonlardakı yerli partiya təşkilatları ilə məsləhətləşmələr aparılır. Artıq seçki dairələrinin yarısından çoxundan ilkin olaraq namizədlər müəyyənləşib. Namizədlərin son müəyyənləşməsi isə Müsavat Partiyasının Nizamnaməsinə uyğun olaraq Məclisdə həyata keçiriləcək”.

“Digər partiyalarla hansısa dairələrdə namizədlərin razılaşdırılması istiqamətində danışıqlar aparılırmı” sualına A.Hacılı belə cavab verdi: “Danışıqlar adlandırmaq olmaz. Ancaq bəzi siyasi qüvvələrin rəhbərləri ilə ilkin müzakirələrimiz olub”.

8 partiyanın daxil olduğu “Azadlıq-2015" seçki blokundakı partiyalar da namizədlərini müəyyənləşdirirlər. Blokun üzvü olan AXP-nin sədri Pənah Hüseyn bildirdi ki, blokun namizədlərinin müəyyənləşməsi oradakı partiyaların öz namizədlərini təqdim etməsi şəklində baş verir: ”Hazırda vəziyyət onu göstərir ki, bu, davamlı olaraq gedəcək. Yəni proses birdəfəlik akt sayılmamalıdır. Partiyalar hansı dairədən kimlərin namizədliyini irəli sürmək barədə təkliflərini blokun seçki qərargahına təqdim edirlər. Məsələn, artıq Xalq Partiyası 5 dairədə öz namizədlərini təqdim edib. Bu proses davam edəcək. İndiki mərhələdə əsas məsələ blokun öz daxilində dairələrin və namizədlərin razılaşdırılmasıdır. Yeni namizədlərin blok adından irəli sürülməsi, bloka daxil olan partiyaların adından namizədlərin təklif edilməsi prosesində müəyyən dəyişikliklər də mümkündür".

Digər partiyalarla hansısa dairələrdə namizədlərin razılaşdırılması istiqamətində danışıqlar aparılıb-aparılmadığına gəlincə, P.Hüseyn dedi ki, bu istiqamətdə məsləhətləşmələr daha sonra olacaq: “Çünki bizim tərəfimizdən məqbul görünən böyük koalisiya qurmaq barədə danışıqlar aparılması hələ ki, digər partiyalar tərəfindən dəstək almayıb. Seçkilərdə əməkdaşlıqla bağlı memorandum imzalanması təklifi irəli sürülmüşdü. Bu memorandum blokdakı 8 partiyadan başqa 11 siyasi partiyaya təklif olunmuşdu. Bir-iki partiyanı istisna etsək, elə bir meyil müşahidə olunmadı. AMİP belə bir təkliflə çıxış etmişdi ki, partiya liderlərinin dairələrində razılıq əldə olunması, seçkidə müşahidələrin birgə aparılmasına razıdırlar. Digər partiyalardan hansısa təklif olmadı. İstisna deyil ki, bu, onların öz daxilində namizədlərin müəyyənləşdirilməsi prosesinin başa çatmaması ilə bağlıdır. Bəzi partiyalar isə indiki məqamda əlahiddə iştiraka meyillidirlər. Hesab edirəm ki, may ayına qədər ”Azadlıq-2015" seçki blokundan bir sıra dairələrdə kimlərin namizədliyinin olması prosesi başa çatacaq".

Ümid Partiyasının sədri İqbal Ağazadə deputatlığa namizədlərinin müəyyənləşdirilməsi prosesinin uğurla getdiyini bildirdi: “Həm Ümid Partiyası, həm ”125-lər" bloku çərçivəsində bu işimiz gedir, ADP ilə bu istiqamətdə bir sıra danışıqlarımız var. Yəqin ki, daha detallı danışacağıq. Başqa partiyaların heç biri ilə dairələrlə bağlı uzlaşdırma, razılaşdırma istiqamətində iş aparılmır. Bir blokda deyiliksə, uzlaşdırma, razılaşdırma olmayacaq.

Çünki hər partiyanın və blokun öz maraqları var. Çalışacağıq ki, namizəd verdiyimiz dairədə kimin namizəd olmasından asılı olmayaraq, seçicinin daha çox səsini qazanaq. Seçki məsələlərində üçmərhələli iş aparırıq. Onun ilk mərhələsi başa çatıb. İkinci mərhələ gedir. Təxminən 80 faizə yaxın namizədlərimiz birinci mərhələni uğurla başa çatdırıb. İkinci mərhələ mayın sonunda bitəcək. Üçüncü mərhələ isə iyun-iyul-avqust aylarında olacaq".

AMİP baş katibi Arzuxan Əlizadə bildirdi ki, parlament seçkilərində iştirakla bağlı məsələ AMİP Siyasi Şurasında müzakirə olunub və aprelin 12-də rayon təşkilatlarının sədrlərinin iştirakı ilə Mərkəzi Şuranın iclasında müzakirə olunması üçün tövsiyə olunub. Bu tövsiyəyə uyğun olaraq Mərkəzi Şuranın toplantısı keçirilib: “AMİP faktiki olaraq aprelin 12-də parlament seçkilərində iştirakla əlaqədar proseslərə start verdi. Bundan sonra seçki dairələri üzrə namizədlərin müəyyənləşdirilməsi nəzərdə tutulur”. (musavat.com)