“ABŞ-ın bu mövqeyi bizi təəccübləndirir. Çünki Vaşinqton dəfələrlə bəyanat verib ki, Azərbaycan bizim strateji tərəfdaşımızıdır. Ancaq baxın, Ukraynada separatçılara sanksiyalar tətbiq olunur, amma Qarabağ separatçılarına yardım göstərilir. Biz bu siyasəti anlaya bilmirik və çox təəssüf edirik. Eyni zamanda bu, bizi təəccübləndirir, belə olmamalıdır”.
Milli Məclis sədrinin 1-ci müavini, Təhlükəsizlik və müdafiəməsələləri komitəsinin sədri Ziyafət Əsgərov bunu “Yeni Müsavat”a açıqlamasında deyib.
ABŞ Konqresinin hər il işğalçı Ermənistana və işğal olunmuş Azərbaycan ərazilərindəki separatçı rejimə milyonlarla dollar maliyyə yardımı ayırmasını qəti şəkildə qəbul etməyən vitse-spiker inanmır ki, ABŞ-ın ayırdığı layihələr Qarabağda sosial layihələrə xərclənir.
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirliyindən bu barədə sorğumuza cavab olaraq Konqresin ayırdığı vəsaitin hərbi məqsədlər üçün istifadəsi təkzib olunmuşdu. Z.Əsgərov isə buna inanmır: “Mən tamamilə o fikirdəyəm ki, onlara sosial, humanitar yardım adı ilə ayrılan pullar əslində başqa məqsədlər üçün istifadə olunur. 90-cı illərdən bu yana Ermənistan xüsusi xidmət orqanları Azərbaycan ərazisində 30-dan çox terror aktı törədib. O cümlədən bu işdə Qarabağdakı separatçıların əli olub. Hətta 90-cı illərdə bizdə məlumatlar var idi ki, ASALA-nın nümayəndələri Dağlıq Qarabağda terrorçular hazırlayır. Çünki o ərazilərə nəzarət olunmur. Biz də çox təəssüf edirik ki, ABŞ bir halda separatçılara sanksiyalar tətbiq edir, digər halda isə separatçılara yardım göstərir, bilə-bilə ki, o humanitar yardım başqa məqsədlər üçün istifadə olunur”.
Z.Əsgərov hesab edir ki, əgər söhbət yalnız sadə ermənilərə, əslində Azərbaycan vətəndaşı olan əhaliyə yardımdan gedirsə, o halda bu, rəsmi Bakı ilə razılaşdırılmalıdır: “Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Bunu ABŞ da dəfələrlə bəyan edib ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Əgər Dağlıq Qarabağa doğrudan da humanitar yardım göstərmək istəyirlərsə, buyursunlar, Bakıdan icazə alsınlar, rəsmi Bakıdan soruşsunlar ki, belə bir iş görmək istəyirik, sizin mövqeyiniz necədir? Biz də araşdırarıq, bu yardımın doğrudan da sosial məqsədlərlə edildiyinə əmin olarıqsa, bu məsələyə baxmaq olar. Amma Azərbaycanın başı üzərindən belə bir yardım olunmasını qətiyyətlə pisləyirik, bunu qəbul etmirik”.
Qeyd edək ki, 1992-ci ildən Azərbaycana qarşı “907-ci düzəliş”i tətbiq etməklə 10 ilə yaxın ölkəmizə yardımları qadağan edən, 2011-ci ildən etibarən bu düzəlişi sadəcə donduran ABŞ Konqresi indiyədək işğalçı Ermənistana 2 milyard dollardan artıq yardım göstərib.
