|
“Sərhəd kəndlərində yaşayan əhali üçün sosial proqramlar işlənməlidir” - deputatlardan təklif

Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Hakobyanla Azərbaycanla həmsərhəd Tavuş bölgəsinin kəndlərinə səfəri zamanı əhali ilə görüşüb və diqqətçəkən açıqlamalar verib. Paşinyan Çinari sakinlərindən birinin iyul döyüşləri zamanı dağılmış, indi yeni tikilən evinin inşaatı ilə maraqlanıb və bildirib ki, 90-cı illərdən bəri Çinari kəndində ilk dəfə “sıfırdan, təməldən” yeni ev tikilir. Paşinyanın bu açıqlaması Tovuzla həmsərhəd olan erməni kəndlərində vəziyyətin nə dərəcədə acınacaqlı olmasından xəbər verir. Ölkə rəhbərliyi səviyyəsində etiraf olunur ki, insanlar hələ də ötən əsrin sonlarında tikilmiş köhnə evlərdə qalırlar. Azərbaycanın Tovuz rayonunda isə sərhəd kəndlərdə nəinki əhali öz dədə-baba  torpağından köçmür, uzun illərdir hər gün yeni evlər tikilir, gənc ailələr məskunlaşır.

Baş nazir Movses icması sakinləri ilə kilsənin görüşündə isə kənddə aparılan yol-tikinti işlərindən danışıb və qeyd edib ki, kəndin 300 illik tarixində ilk dəfə asfalt yol salınır. Paşinyan bunu bir uğur kimi səsləndirsə də, əslində ötən müddət ərzində  bu kəndlərin hansı vəziyyətdə olduğundan xəbər verir.

Paşinyanın digər açıqlaması isə əncir ixracı ilə bağlı olub. Məlum olub ki, bölgədə aqrar sektor adına yalnız əncir ağaclarının məhsulu yığılır. Baş nazir hətta bunu nümunə adlandırıb: “Çinari mənim üçün bir nümunə olub. Bizim məqsədimiz əncir ixracını ötənilki 600 tondan 6000 tona çatdırmaqdır. Sizin problemlərinizin həlli torpaqdadır. Məqsədimiz əncir bağlarınızı pul çap edən maşına çevirməkdir”.

Paşinyanın səsləndirdiyi maraqlı bir fikir isə sərhəd kəndləri ilə bağlı xüsusi siyasətin yeridilməsidir. O bildirib ki, hazırda sərhəd bölgəsində işləyən qadınlar doğulan uşağa baxmaq üçün ayda 50 min dram (təxminən 103 dollar), işləməyən qadınlar üçün 26 min dram (təxminən 54 dollar) müavinət alacaqlar.

Paşinyan indi “ayılıbsa”, Azərbaycan dövləti uzun illərdir sərhəd bölgəsində yaşayan azərbaycanlılara xüsusi diqqət və qayğı göstərir. Ekspertlər hesab edir ki, ermənilərə göz dağı olsun deyə, sərhəd kəndlərinə qayğı və diqqət daha da artırılmalıdır.   

Vahid Əhmədov uşaqpuluna "yox" deməyi düzgün hesab etmir

 Vahid Əhmədov: “Sərhəd kəndlərindəki əhalinin sosial problemlərinin həlli üçün maddi yardımların ayrılması gündəmdə olan məsələlərdir”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında  bildirdi ki, sərhədyanı kəndlər üçün müəyyən sosial proqramlar işləmək, maddi yardımlar etmək hazırda ən vacib məsələlərdən biridir: “Hazırda bu istiqamətdə müzakirələr aparılır. Ancaq ən vacib məsələ işğal altında olan torpaqları azad etməkdir. Buna başlamaq lazımdır və münbit şərait də var. Türkiyə Azərbaycanın yanındadır. Qısa müddətdə torpaqlarımızı azad etməliyik. Ondan sonra bütün layihələr həyata keçiriləcək, kommunal xətlər, yollar çəkiləcək. İndiki durumda isə sərhəd kəndlərindəki əhalinin sosial problemlərinin həlli üçün maddi yardımların ayrılması gündəmdə olan məsələlərdir. Hazırda sərhəddə yaşayan əhalinin ən böyük problemi erməni təxribatı və atışmalardır. Müəyyən yerlərdə su, işsizlik problemi var, bunlar hamısı həll olunmalıdır. Ancaq bütövlükdə problemlər torpaqlarımızın azad olunmasından sonra həll olunacaq”.

Arzu Nağıyev: Azərbaycan və Rusiya qlobal faciə ilə mübarizədə parlaq  nümunə göstərdi - Sonxeber.net

Arzu Nağıyev: “İlk növbədə kommunal xərclərdə güzəştlər, sosial problemlərin həlli, iqtisadi zonaların yaradılması, vətəndaşların işlə təminatı həyata keçirilməlidir”

Milli Məclisin üzvü, Tovuz rayonundan olan deputat Arzu Nağıyev də “Yeni Müsavat”a danışarkən vurğuladı ki, əsas məsələlərdən biri sərhəd kəndlərində yaşayan əhaliyə kommunal xərclərdə güzəştlərin edilməsidir: “Mən Milli Məclisdə də sərhəd kəndlərində yaşayan əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı təkliflərlə çıxış etmişəm. İlk növbədə həmin ailələrin kommunal xərclərinin azaldılması müsbət hal olardı. Təklif etdim ki, sərhəd kəndlərində yaşayanlara su, qaz, işıq kimi kommunal məsələlərdə  50 faiz yardım edilsin. Çünki şəhərlə sərhəd kəndlərinin arasında bir fərq olmalıdır. Sərhəd kəndlərində infrastrukturun yenidən bərpa edilməsinə ehtiyac var. Hətta mən plenar iclaslardan birində sərhəd kəndlərində iqtisadi zonaların yaradılmasını təklif etdim. Çalışmalıyıq ki, sərhəddə vətəndaş məmnun yaşasın və oradan köçmə, kənara çıxma məsələsi olmasın. Təbii ki, nə Tovuzda, nə Gədəbəydə, nə də digər rayonların sərhəd kəndlərində belə hallar yaşanmır. Ancaq iqtisadi və sosial problemlərin həlli də mühüm məsələdir. Ona görə də bu istiqamətdə hökumət müvafiq addımlar atır”.

Deputatın sözlərinə görə, əhalinin əkin və otlaq sahələrinin atəş altında olması da beynəlxalq təşkilatların diqqətinə çatdırılmalıdır: “İlk növbədə kommunal xərclərdə güzəştlər, sosial problemlərin həlli, iqtisadi zonaların yaradılması, vətəndaşların işlə təminatı həyata keçirilməlidir ki, insanlar orada rifah içində yaşaya bilsin. Sərhəd kəndlərinin bəzilərində  su problemi var, bütün kəndlər haqqında birmənalı fikir səsləndirmək mümkün deyil. Humanitar məsələlərlə bağlı problemlər var. Tovuzun Koxanəbi kəndi, Qoşa, Əsrik Cırdaxan, Dondar Quşçu kəndlərində əhali kənd təsərrüfatı ilə məşğul ola bilmir. Çünki əkin sahələri, bütövlükdə kəndlər daim atəş altındadır. Beynəlxalq təşkilatlar ora diqqət yetirməlidir ki, atəşkəsə əməl olunsun. Onlar nəzərə almalıdırlar ki, müharibə əsgərlə əsgərin arasında olan məsələdir. Bu məqama da  diqqət yetirmək lazımdır”.