|
Türkiyədə yoluxma sayı artır;

Son bir ayda Türkiyədə koronavirusa yoluxanların sayında sürətli artım müşahidə olunmaqdadır. Hökumətin pandemiyaya qarşı keçirdiyi sistemli tədbirlər də öz nəticəsini vermir. Təxminən bir ay əvvəl ölkə üzrə sutkalıq yoluxma sayı 800-900 nəfər arasında dəyişirdisə, hazırda bu rəqəm iki dəfəyə yaxın artıb. Ona görə də Daxili İşlər Nazirliyinin təlimatı ilə vilayətlər üzrə tətbiq olunan məhdudiyyətlərə müəyyən sərtləşdirici tədbirlər əlavə edilib.

Ölkədə təkcə virusa yoluxanların sayı deyil, eyni zamanda gündəlik ölüm sayında da xeyli artım var. Ekspertlərin fikrincə, yoluxma tempindəki artım toy-nişan məclislərinin keçirilməsinə icazə verildikdən sonra müşahidə edilməyə başlayıb. Həmçinin turizm mövsümünün açılması da səbəb kimi göstərilir.

Son məlumata görə, Türkiyədə koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində küçəyə çıxma qadağası yenidən qüvvəyə minə bilər.

Yoluxma sayının artmasından sonra başda paytaxt Ankara olmaqla, bir çox bölgədə həftəsonu küçəyə çıxma qadağası, park və küçələrə nəzarətin artırılması kimi planlar hazırlanır.

7 bölgədə müşahidə edilən yoluxma artımı səbəbi ilə Səhiyyə Nazirliyi və Koronavirusla Mübarizə Qərargahı keçirilən toplantılarda park və gəzinti sahələrinə girişin qadağası, ticarət mərkəzlərinə, girişə nəzarət, restoranların sadəcə, açıq havada fəaliyyətinə icazə kimi tədbirləri gündəmdə saxlayır.

Qeyd edək ki, azərbaycanlıların ən sıx getdiyi ölkə Türkiyədir. Ekspertlər qeyd edir ki, qardaş Türkiyədə yoluxma sayının artması ölkəmizə də təsirsiz ötüşməyəcək. Bəs aidiyyəti qurumlar bu məsələ ilə bağlı hansı tədbirləri görür? Türkiyədən geri dönənlərin xüsusi karantin rejimində saxlanılması planlaşdırılırmı?

TƏBİB-ə mətbuat katibi təyin olunub | ITS

Rəvanə Əliyeva: “Xaricdən vətənə hava yolu ilə geri qayıdan vətəndaşlarımızın analiz nəticəsi pozitiv olarsa, karantinə alınırlar”

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)-in rəyini öyrənməyə çalışdıq. Qurumun sözçüsü Rəvanə Əliyeva “Yeni Müsavat”a açıqlamasında bildirib:

“Xarici ölkədən vətənə hava yolu ilə geri qayıdan vətəndaşlarımız olduqları yerdə test analizləri verirlər. Əgər onların analiz nəticəsi neqativ olarsa, vətəndə karantinə alınmırlar. Lakin test nəticəsi pozitiv olan vətəndaşlar karantin rejiminə alınır”.

İnfeksionist Vasif Əliyev: “Düşünürəm ki, koronavirusa yoluxma iyunun  ortalarında pik həddə çatacaq”

Vasif Əliyev: “Yumşaldılmaların getdiyi bir dönəmdə yoluxma sayında artma ehtimalı yüksəkdir”

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev də mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Karantin rejimində yumşaldılmaların getdiyi bir dönəmdə yoluxma sayında artma ehtimalı yüksəkdir. Yəni bu risk hər zaman vardır. Bu baxımdan yumşaldılmaların olduğu dönəm çox həssas bir dönəmdir və buna görə də insanlar arxayınlaşmamalı, qaydalara daha da məsuliyyətli yanaşmalıdırlar. Karantin rejiminin yumşaldılması o demək deyil ki, artıq bu bəladan qurtulmuşuq. Əksinə, daha diqqətli olmalı, qoyulan qaydalara ciddi riayət etməliyik.

Qonşu ölkələrdə karantin rejiminin yumşaldılmasından sonra virusa yoluxanların sayının artması bizi daha da diqqətli olmağa sövq edir. Yumşaldılma qərarları verildikcə statistikanı daha da diqqətli izləyəcəyik. Təbii ki, yoluxma sayı artmağa doğru gedərsə, karantin rejimi ilə bağlı qərarlar təkrar gözdən keçirilə bilər.

Lakin hazırkı mövcud vəziyyət yumşalmalara doğru getməyə sövq edir. Ancaq yenə də ehtiyatı əldən verməməliyik.

Ölkəmizdə karantin rejiminin mərhələli şəkildə yumşaldılmasını yüksək qiymətləndirirəm. Belə olan halda nəticələri də mərhələli şəkildə analiz etmək mümkün olur. Analiz edən zaman görürük ki, məhdudiyyətlərin zamanla aradan qaldırılması doğru qərardır. Lakin bir daha qeyd edirəm ki, vətəndaşlarımız  riski unutmamalıdır. Qonşu ölkələrdəki vəziyyət buna əyani sübutdur".