|
Gəncənin iki rayonunun ləğvi - deputatlar danışdı

Ekspertlər şəhərin iki rayonunun inzibati bölgüsünün ləğv olunmasını zəruri hesab edirlər

Bir neçə gündür ölkədə əsas müzakirə olunan məsələlərdən biri Gəncə şəhərinin iki rayonunun -  Nizami və Kəpəz rayonlarının inzibati ərazi bölgüsünün ləğv edilməsi təşəbbüsüdür. Mətbuatda, sosial şəbəkələrdə müzakirə olunan mövzu ilə bağlı fikirlər fərqlidir.

Gəncə şəhərindən Milli Məclis üzvü olan Naqif Həmzəyev, Musa Quliyev hesab edirlər ki, iki rayonun inzibati ərazi bölgüsünün ləğv olunması doğru yanaşmadır, böyük həcmdə dövlət vəsaitinə qənaət etməyə imkan verəcək.

Deputatlar bildirirlər ki, Gəncə şəhəri ilə bağlı bütün həlledici qərarlar onsuz da şəhərin icra hakimiyyəti tərəfindən qəbul edilir, ictimai əhəmiyyətli tədbirlər bu qurum tərəfindən təşkil olunur. Yəni rayonlara bölünmə faktiki olaraq formal xarakter daşıyır.

Milli Məclisin digər üzvü Vahid Əhmədov isə hesab edir ki, yalnız adıçəkilən rayonlar deyil, bütün rayonlarla bağlı inzibati ərazi bölgüsündə dəyişikliklər olunmalı, Azərbaycanda 11 iqtisadi rayon formatında yeni inzibati bölgü və idarəetmə təşkil olunmalıdır. Millət vəkili təklif edir ki, icra orqanları iqtisadi rayonlar üzrə formalaşdırılmalı, yerlərdə bütün idarəçilik isə bələdiyyələrə verilməlidir.

Vahid Əhmədov uşaqpuluna "yox" deməyi düzgün hesab etmir

Vahid Əhmədov

Qeyd edək ki, Azərbaycanda rayonlara bölünmənin ləğv olunması, regional idarəçiliyə keçilməsi uzun illərdir müzakirə olunur. Müstəqil mütəxəssislər idarəetmə aparatının ixtisarına gətirəcək bu addımın yerli özünüidarə orqanları olan bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi ilə müşayiət olunmasını təklif edirlər.

Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarına gəlincə, hər iki rayon 1980-ci ildə Azərbaycan SSR Ali Sovetinin fərmanı ilə yaradılıb. Kəpəz rayonunun ərazisi 7064, Nizami rayonunun ərazisi isə 3925,6 hektardır. İki rayonda birlikdə 310 minə yaxın əhali yaşayır. Bu qədər ərazi və əhali üçün iki icra hakimiyyəti strukturunun olması dövlət vəsaitlərinin səmərəsiz xərclənməsinin göstəricisidir. İcra hakimiyyətlərindən əlavə hər rayon üzrə səhiyyə, təhsil, mədəniyyət idarələri, müxtəlif nazirliklərin rayon şöbələri də fəaliyyət göstərir. Bu isə yüzlərlə əlavə ştatın saxlanması deməkdir.

Bundan əlavə, rayonlarda icra strukturlarının özlərini kiçik padşah kimi apararaq, vətəndaşlarla davranışlarında, sahibkarlara münasibətdə qanunsuzluqlara yol vermələrinə dair nümunələr kifayət qədərdir. İcra başçıları yerlərdə əhalinin ən az etimad etdiyi dövlət məmuru statusu qazanıblar. Bu şəraitdə kiçik bir ərazi üçün iki icra strukturu həm də iki narazılıq mənbəyi deməkdir.

Erməni vandallıqlarına beynəlxalq hüquqi qiymət verilməlidir - Naqif  Həmzəyev

Naqif Həmzəyev

Milli Məclisin üzvü N.Həmzəyevin sözlərinə görə, Azərbaycanda dövlət idarəçiliyinin optimallaşdırılması, şəffaflaşdırılması, onun operativliyinin və səmərəliliyinin yüksəldilməsi prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatların mühüm tərkib hissəsidir: “Müxtəlif vaxtlarda yerli və mərkəzi icra orqanlarının strukturu, fəaliyyət istiqamətləri, prinsipləri, vəzifə və öhdəliklərinin dəqiqləşdirilməsi, paralelliyin aradan qaldırılması, qərarların çevik qəbul olunması və vəzifələrin mümkün qədər səmərəli icrası ilə bağlı qanunvericilik təşəbbüsləri irəli sürülmüşdür. Hazırda həyata keçirilən islahatlar paketinin mühüm tərkib hissəsi kimi Milli Məclis, Prezident Administrasiyası, Nazirlər Kabinetində həyata keçirilən struktur dəyişiklikləri öz müsbət nəticələrini verir. Bu gün dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativlik, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşma, bürokratik əngəllərin, korrupsiya, rüşvətxorluq və digər neqativ hallara qarşı kəskin mübarizə əhali tərəfindən təqdir olunur, yeni idarəetmə fəlsəfəsi ictimai rəydə daha çox rəğbət qazanır. Bütün bunlar göstərir ki, qarşıdan gələn dövrdə də yerli və mərkəzi icra orqanlarının fəaliyyətinin optimallaşdırılması ilə bağlı tədbirlər davam etdiriləcəkdir. Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı irəli sürülən təşəbbüs ölkənin ikinci böyük şəhərində idarəetmənin keyfiyyətinin yüksəldilməsi və vətəndaşların rahatlığının,  məmnunluğunun təmin edilməsi məqsədi daşıyır. Əhalisinin sayına görə Gəncə şəhərinə yaxın olan Sumqayıt şəhərinin nümunəsi göstərir ki, idarəçiliyin bir mərkəzdən həyata keçirilməsi daha səmərəli və optimal mexanizmdir”.

Azər Mehtiyev: Hökumətin arzuladığı odur ki, 2018-ci ildə neftin dünya  bazarındakı qiyməti bu il də təkrarlansın

Azər Mehtiyev

İqtisadçı-alim, İqtisadi TəşəbbüslərəYardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyevin sözlərinə görə, Azərbaycan sovet dövründən qalma rayonlara bölgü prinsipindən imtina etməlidir: “İnzibati rayonlaşmadan imtina olunmasının vaxtı çoxdan çatıb. Bu cür bölgü iqtisadi inkişafın təşkili baxımından da səmərəli deyil. Ümumiyyətlə, hesab edirik ki, yerli idarəetmənin bələdiyyələrə verilməsi vacibdir. Ona görə də regional və yerli bələdiyyə sisteminin qurulmasına başlanmalıdır. Bu zaman rayonlarda icra orqanlarının səlahiyyətləri bələdiyyələrə verilməlidir. Bu, yerli inkişafın təmin olunması baxımından da mühüm əhəmiyyət kəsb edir”.