|
Moskva şəhərinin müftisi koronavirusa yoluxub

Moskva şəhərinin Müftisi, Müsəlman Ruhani İdarəsi sədrinin müavini İldar Alyautdinov koronavirusa yoluxub.

APA “gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə İldar Alyautdinov "İnstagram" səhifəsində məlumat paylaşıb.

Müfti bir müddət xəstə olduğunu və sonradan onda koronavirus aşkarlandığını təəssüf hissi ilə qeyd edib:

“Xəstəlik dövründə bəzi günlər olduqca çətin keçdi və dərhal diaqnoz qoymadılar. Bir sıra simptomlar var idi, amma yenə də düşünürdük ki, bəlkə, COVID-19 deyil, adi SARS və ya qripdir. Lakin sonradan COVID-19 olduğu təsdiqləndi”.

Qeyd edək ki, İldar Alyautdinov 1978-ci ildə Moskvada anadan olub. 2001-ci ildə Qahirədəki Əl-Əzhər Universitetinin Filologiya və İlahiyyat fakültəsini bitirib. 2000-ci ildən başlayaraq Moskva Memorial Məscidinin imamı olub. 2013-cü ildən isə Moskva şəhərinin müftisi təyin edilib.