“Nəsimi Dadaşlı və həyat yoldaşı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etməyib”
İkinci qrup Qarabağ müharibəsi əlili, Qarabağ qazisi Nəsimi Dadaşlı intihara cəhd edib. N.Dadaşlı Prezident Administrasiyasının qarşısında özünü yandırmağa cəhd göstərən zaman mühafizə xidmətinin əməkdaşları tərəfindən xilas edilib. Musavat.com xəbər verir ki, Qarabağ qazisinin intihara cəhd etməsinin səbəbi kimi işsizlik və mənzilinin olmaması göstərilir.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı da bu məsələ ilə bağlı ölkə rəhbərliyinə müraciət edib.
Akif Nağı qeyd edib ki, Nəsimi Dadaşlı 1993-1994-cü illərdə Ağdərə, Murovdağ istiqamətində döyüşlərdə iştirak edib, 1993-cü ildə Çaylı döyüşlərində ağır yaralanıb, buna baxmayaraq, 1997-ci ilə qədər cəbhə bölgələrində hərbi xidmətini davam etdirib.
QAT rəhbərinin sözlərinə görə, N.Dadaşlının səhhətində ciddi problemlər var, işsizdir, ağır sarsıntı və ruh düşkünlüyünə düçar olub.
Akif Nağı
“Dörd azyaşlı uşağı var, ailəsini dolandıra bilmir, ən əsası da yaşamağa yeri yoxdur, 20 ildən çoxdur daxmalarda kirayələrdə yaşayır, artıq son aylarda kirayə haqqını da verə bilmir. Onun yaşayış yeri ilə təmin olunmasına ciddi ehtiyacı var. Bu problem həll olunmasa özünü yandıracağını deyir. Elə sentyabrın 4-də Prezident Administrasiyasının qarşısında özünü yandırmağa cəhd edib, mühafizəçilər və polis imkan verməyib. Nəsimi Dadaşlı müraciət etmədiyi yer, idarə, nazirlik qalmayıb, amma heç bir müsbət nəticə yoxdur. Sizin Qarabağ əlillərinə, şəhid ailələrinə, veteranlara qayğınızı bilir və xahiş edirik ki, Qarabağ qazisi Nəsimi Dadaşlını, onun 4 körpəsini, ailəsini köməksiz qoymayasınız, onun yaşayış yeri, mənzillə təmin olunması üçün tapşırıq verəsiniz”, - deyə müraciətdə yazılır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev Qarabağ qazisinin evlə bağlı müraciət etməsi və onun müraciətinə baxılmaması ilə bağlı iddialara münasibət bildirib.

İbrahim Mirzəyev
İbrahim Mirzəyev qeyd edib ki, Dadaşlı Nəsimi Qəmbər oğlu 15 avqust 1974-cü ildə Abşeron rayonu Xırdalan şəhərində anadan olub. “Qaçqınkom” rəsmisi qeyd edib ki, Qarabağ qazisi hazırda da Abşeron rayonu Xırdalan şəhərində daimi qeydiyyatdadır: “Həyat yoldaşı Dadaşova Sevinc Ağdam rayonundan məcburi köçkün olub. Atası Hacıyev Mətləbin ailə tərkibində Bərdə rayonunda yerləşən sanatoriyada müvəqqəti məskunlaşıb. 2014-cü ildə oradan qeydiyyatdan çıxıb. Onların övladları Dadaşlı Fərid və Uğur da Abşeron rayonu Xırdalan şəhərində yaşayır”.
İbrahim Mirzəyevin sözlərinə görə, nə Nəsimi Dadaşlının, nə də həyat yoldaşı Sevinc Dadaşovanın Dövlət Komitəsinə heç bir müraciəti daxil olmayıb.
