|
ADP sədrindən Əli Kərimliyə sərt cavablar

“Azadlıq” qəzeti ölkədə demokratik islahatlar keçirilməsinə nail olmaq üçün hakimiyyətlə müxalifətin siyasi dialoqunun vacibliyini önə çəkən siyasətçilərə qarşı kəskin ittihamlar yağdırıb. Xüsusilə də ADP sədri Sərdar Cəlaloğlu və AXP sədri Pənah Hüseyni hakimiyyət qarşısında “ağ bayraq” qaldırmaqda suçlayıb.

ADP sədri barəsində yazılanlara sərt reaksiya verib. O, “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ona qarşı şər-böhtan xarakterli yazılar AXCP sədri Əli Kərimlinin istəyidir: “Mən indiyə qədər 4 dəfə parlament seçkilərində iştirak etmişəm və hər dəfə qələbəmi hakimiyyət tanımayıb. Ona görə də mən Avropa Məhkəməsinə müraciət etmişəm. Əli Kərimli isə 4 dəfə parlament seçkilərində iştirak edib, 3 dəfəsində ona mandat verilib, sadəcə, birində -2005-ci ildə illər öncə götürdüyü öhdəliklərdən bəzilərini pozub qırmızı xətti keçdiyi üçün təzədən mandatını geri alıblar.

ADP mənim təşkilatçılığım ilə 1996-2004- illərdə meydanlarda, küçələrdə az qala hər həftə etiraz aksiyaları keçirəndə, minlərlə insan bu aksiyalarda iştirak etdiyi üçün həbs ediləndə, işgəncəyə məruz qalanda Əli Kərimli və ətrafındakı qrupu hakimiyyətlə sövdələşmə nəticəsində aldıqları deputat mandatı ilə parlamentdə oturmuşdular. Azərbaycan müxalifətində satqınlığın, hakimiyyətlə alverə getmənin əsasını Əli Kərimlinin qoyduğu hər kəsə məlumdur. Hakimiyyətdən mandat payı almaq təcrübəsində Əli Kərimlinin təcrübəsi çox böyükdür. Bu təcrübədə hətta rekord sayıla bilər.

ADP-nin, Sərdar Cəlaloğlunun demokratiya naminə etdiklərinin hələ yüzdə birini Əli Kərimli etməyib. İndi Əli Kərimli 2 min nəfərlik iki icazəli mitinq keçirib özünü yenilməz müxalifət, özünü xalq qəhrəmanı elan edir. Bu, isə gülüş doğurur. Özünü yüz dəfə əsl müxalifət, qəhrəman elan etsən də etdiklərini heç kim unudası deyil".

ADP sədri onu da dedi ki, hakimiyyətlə siyasi dialoqun tərəfdarı kimi AXCP-nin özü dəfələrlə bəyanata verib: “Hətta xaricilərlə görüşəndə bu dialoqun baş tutmasında vasitəçilik etmələri üçün yalvarıblar. Onlar siyasi dialoq tərəfdarı kimi çıxış edəndə bu, demokratiya naminə olursa, biz çıxış edəndə xəyanət olur? Dialoq xəyanətdirsə, beynəlxalq təşkilatların 2000-ci ildən sonra hakimiyyət təmsilçiləri ilə təşkil etdiyi dialoqlarda Əli Kərimli niyə iştirak edirdi?

İndi, belə çıxır o yerdə ki, Əli Kərimli var bu, demokratiyadır, o yerdə ki, Əli Kərimli yoxdur bu, satqınlıqdır, ağ bayraq qaldırmaqdır? Əli Kərimli çox yaxşı bilir ki, hakimiyyətdən mandat payını hansı yolla almaq olur. O, çox yaxşı bilir, müxalifətdə ola-ola lüks həyatı necə yaşayırlar, müxalifətdə ola-ola geniş imkanlara necə malik olurlar, bankda böyük məbləğdə hesabı olur. Bunların hamısını Əli Kərimli öz təcrübəsindən çox yaxşı bilir. O, mandat payı almaq yolunu əzbər bilir. Bu işdə hətta kurs açıb, kim istəsə ona dərs də keçə bilər.

Mənim, Pənah Hüseynin, İsa Qəmbərin maddi baxımdan malik olduqlarımızla Əli Kərimlinin əldə etdiklərinin müqayisəsi də sübut edir ki, AXCP sədri yalan deyir. Biz nə mandat almaq uğrunda, nə lüks həyatla təmin olunmaq uğrunda çalışmışıq. Biz xalq hərəkatında can qoymuşuq, məhrumiyyətlər yaşamışıq, həbsxanalardan keçmişik. Amma Əli Kərimlinin əldə etdikləri konkret şəkildə sübut edir ki, bu adam siyasətdən, müxalifətçilikdən yalnız şəxsi faydalanması üçün istifadə edib.

Baxın, nə xalq hərəkatında bu adamın xüsusi xidmətləri olub, nə sonrakı hərəkatda müsbət xidmətləri olub. Təsadüfən necə olmuşdusa gəlib Elçibəy hakimiyyəti zamanında dövlət katibi olmuşdu. Onun həmin dövrdə hakimiyyəti daxilində hansı oyunlardan çıxdığının şahidi Qurban Məmmədovdur. Əli Kərimli Əbülfəz Elçibəyi satıb, müxalifətə xəyanət edib. Bu adamda bir kompleks var, özü satqındır deyə çalışır ki, mümkün qədər çox insanın haqqında satqın obrazı yaratsın. Özü o qədər oyunlarda iştirak edib ki, elə bilir hər kəs onun kimidir. Hələ məni, Pənah Hüseyni hakimiyyətin seçkiyə buraxıb-buraxmayacağı fərziyyədir. Amma səninki faktdır, sən hər dəfə parlamentə danışıqlar yolu ilə, alverlə gedib parlamentdə oturmusan. Barı ayıbına kor olub dilini sakit qoy..."