|
“Dünyada insanlar konkret həkimin yanına yox, xəstəxanaya gedirlər”

Tanınmış pediatr uşaqları payız mövsümündə necə qorumaqdan, peyvəndin faydasından danışdı

Qarşıdan həm payız mövsümü gəlir, həm də dərs ilinin başlamasına az vaxt qalıb. Valideynlər təbii olaraq  narahatdırlar. Nəzərə alsaq ki, payızda koronavirusun ikinci dalğasının olacağı gözlənilir, onların bu narahatlığını anlamaq olar. Bu mövsümdə özümüzü, əsasən də uşaqları necə qorumalıyıq? Bu və digər suallar ətrafında uşaq həkimi Əli Quliyevlə söhbətləşdik.

Müsahibimiz Azərbaycanda bir çox ailələrin övladlarını etibar etdikləri məşhur pediatrdır. Hazırda özəl klinikalardan birində işləyən Əli Quliyev yerli və xarici jurnallarda çap olunmuş bir sıra elmi işlərin müəllifidir. 1994-1998-ci illərdə Naxçıvan Türk liseyini, 1998-2004-cü illərdə Türkiyə 19 Mayıs Universitetinin tibb fakültəsini bitirib. 2004-2009-cu illərdə Hacettəpə Universiteti Tibb fakültəsi İhsan Doğramacı Uşaq Xəstəxanasında uzmanlıq təhsili alıb. 17 ildir ki, pediatr kimi fəaliyyət göstərir. 2013-cü ildə tibb elmləri üzrə fəlsəfə doktoru adı alıb.

- Artıq altı aydan çoxdur ki, biz koronavirusla birgə yaşamağa məcburuq. Maraqlıdır, bu dönəmdə sizə müraciət edənlərin  arasında koronavirusa yoluxan çoxmu oldu? 

- Pandemiya dövründə biz də xəstə uşaqlarla qarşılaşdıq. Adətən valideynlərdə koronavirus aşkarlandıqdan sonra bizə müraciət edilirdi. Öz təcrübəmə əsasən deyim ki, qarşılaşdığım 90-a yaxın COVİD-19 xəstəsi olan uşaqda heç bir ağırlaşma görmədik, heç bir xüsusi müalicə alınmasına gərək qalmadı. 3-4 gün hərarətdən sonra sağaldılar. Dünyada da belədir, uşaqlarda koronavirusdan ağırlaşma demək olar ki, görmürük.  Ancaq bu o demək deyil ki, biz uşaqları sərbəst buraxaq. Təbii ki uşaqların qorunması lazımdır.

- Demək, xeyli COVİD19-a yoluxmuş pasiyentiniz olub. Siz də bu xəstəliyi keçirdinizmi?

- Bəli, özüm də COVİD keçirdim. Bir gün hərarətim oldu, 3-4 gün qoxubilmə, dadbilmə əlamətlərini itirdim. Amma tez sağaldım.

- Doktor, məktəblərin açılmasına sayılı günlər qalıb. Ötən il tez-tez müxtəlif virus xəstəliklərindən şikayətlər olurdu. Bu il koronavirusla bərabər digər qrip viruslarının da olacağı deyilir. Valideynlər bu dönəmdə nə etməlidirlər?

- Bilirsiniz, bu viruslar əslində hər zaman olub. COVİD-19 olmadan əvvəl də uşaqlar xəstələnirdilər. Sadəcə, koronavirus bizim yanaşmalarımzda dəyişikliyə səbəb oldu. COVİD-19-la mübarizədə xüsusi müalicəmiz yoxdur. Amma valideynləri xəbərdar edirik. Uşaqlar ağır keçirməsə belə, yeni xəstəlik olduğu üçün bəzi məqamlara diqqət etməliyik. Doğrusu,  koronavirusla bərabər uşaq qrip olarsa, həkim olaraq necə davranacağımızı bilmirik. Əgər COVİD-19-a müdaxilə edə bilmiriksə, heç olmasa qripə qarşı qabaqlayıcı tədbirlər görməliyik. O səbəbdən də valideynlərə mövsümündə qrip peyvəndinin vurulmasını tövsiyə edirik. Onsuz da koronavirus olsa da-olmasa da, uşağa 6 ayından sonra qrip peyvəndinin vurulmasını məsləhət görürdük. Pandemiya vaxtı isə şiddətlə tövsiyə edirik.

- Payızda qrip viruslarına qarşı yeni peyvəndlərin gətiriləcəyi bildirilir. Valideynlər çox zaman uşaqlarına peyvənd vurulmasından imtina edirlər. Ümumiyyətlə, bu peyvəndlərin digərlərindən fərqi nədir və qiymətləri barədə məlumat verərdiniz...

- Hansı qripin yayılma ehtimalı varsa, ona qarşı peyvənd yaradılır. Yəni bu peyvəndlər hər il Azərbaycana gətirilir. Qiymətlərin əslində baha olmaması lazımdır. Bu il hansı qiymətlər olacaq, hələlik məlumatım yoxdur. Amma “pandemiya dövründə daha bahalı qrip peyvəndi vurulacaq” deyə bir anlayış yoxdur. Hər zaman vurulan qrip peyvəndi nə idisə, təkmilləşmiş şəkildə eyni peyvəndlər veriləcəkdir. Qrip peyvəndinin yan təsirləri olmur. Azərbaycana onsuz da canlı qrip peyvəndləri gətirilmir. Cansız qrip peyvəndlərinin də qrip əmələ gətirmə ehtimalı yoxdur. Vurulan cansız bir maddədir, sadəcə, qripin müəyyən parçası onun içində var. Bədəni həssas hala gətirir ki, insan qriplə qarşılaşdığı zaman onunla mübarizə apara bilsin. Bu peyvəndlər vurulduğu zaman qrip olma ehtimalı ən azı 50 faiz azalır. Bundan başqa, 80 faiz ağırlaşmaları əngəlləyir. 80 faiz böyük rəqəmdir, bu baxımdan qrip peyvəndinin vurulması mütləqdir.

- Bu yaxınlarda Təhsil Nazirliyindən bildirildi ki, 12 yaşından aşağı olan uşaqların maska taxması önəmli deyil. Yəni uşaqlar məktəbdə maska taxmaya bilərlər. Əksər hallarda avtobuslarda da valideynlər özləri maskadan istifadə etdiyi halda, övladlarına bunu tətbiq etmirlər. Maska uşaqlara vacib deyilmi?

- Bu gün təbabətdə elə araşdırma yoxdur ki, “12 yaşından aşağı uşaqlar maska taxmasın” deyilsin. Maskanın məqsədi  mümkün qədər orqanizmə mikrobun yeridilməsini əngəlləməkdir. O baxımdan hər hansı bir yaşda uşaq maskanı taxa bilirsə, maska ilə düzgün davrana bilirsə, taxılması tövsiyə olunur.  “Virus 2-5 yaşında uşağı ağırlaşdıra bilməz” anlayışı da yanlışdır. Düzdür, uşaqlar virusu yüngül keçirirlər, amma bunu hamıya şamil etmək olmaz. Bəziləri bunu ağır keçirə bilər. Onu biz maska ilə qoruya bilərik. Adətən 2 yaşdan yuxarı uşaqlar maska ilə daha düzgün davranır. Mümkün qədər kollektivdə olan uşaqlara maska taxılmasını tövsiyə edirik.

- Əksər hallarda məktəblilərin çantaları və digər ləvazimatları natəmiz vəziyyətdə olur, bu da bir virus mənbəyi sayıla bilər. Pandemiya dövründə nə etmək lazımdır ki, uşaqları qoruya bilək?

- İnsanın bağırsağında mikrobun min növü var və mikrob sayı bədəndəki hüceyrə sayından daha çoxdur. Yəni mikroblar da bir orqan sayılır, o “pisdir” deyə anlayış yoxdur. İnsanın immun sistemi zamanla formalaşır və mikroblarla “dost” kimi yaşayır. Əgər immun sistemi zəifləyərsə, o zaman bunlar təhlükəli ola bilər. Bununla belə, gigiyena çox önəmlidir. Məktəblərin dezinfeksiya olunması, əllərin tez-tez yuyulması önəmlidir. Amma hər şeydən önəmli olan mikroblardan qorxmaq deyil, insanların düzgün qidalanmasıdır. Əgər bir uşaq düzgün qidalanırsa, immun sistemi normal formalaşırsa, mikroblar da onun üçün təhlükəli olmayacaq. Bəzi təhlükəli mikroblar var ki, biz buna görə uşaqlara peyvənd vururuq.

- Bəs uşaqların immun sistemini gücləndirmək üçün onları necə qidalandırmaq lazımdır?

- Dünyada immun sistemini gücləndirəcək dərman yoxdur. Bununla bağlı uşaqlara yalnız təbii qidalarla yardım edə bilərik. Məsələn, uşaq həftədə üç dəfə ət, yumurta, süd və süd məhsulları yeməlidir, göyərti isə mədə-bağırsaq üçün çox önəmlidir. Ayda heç olmasa 2 dəfə balıq dadmalıdır. Heç qidalanmayan uşaqlara isə vitamin veririk. Amma bunu da bir müddət etmək olar. Valideyn bir yolla uşağını yedirtməyin yolunu tapmalıdır.

- Azyaşlı uşaqlara bir neçə peyvənd vurulur, bir də qripə qarşı peyvəndin vurulması onların orqanizminə zərər verməyəcək ki?

- Uşaqlara əsas peyvəndlər ilk 6 ayına qədər vurulur. 6 ayından sonra, bir də uşağın 18-ci ayında və 1 yaşında vurulur. Amerika Pediatriya Akademiyası 6 aydan yuxarı bütün uşaqlara qrip peyvəndinin vurulmasını tövsiyə edir. Yəni əsas peyvəndlər 6 aya kimi vurulur. Amma bu peyvəndlərin bərabər vurulması üçün heç bir əks göstəriş yoxdur. Belə bir anlayış var ki, iki canlı peyvənd arasında ən azı bir ay vaxt keçməlidir. Azərbaycana gətirilən qrip peyvəndi cansız olduğu üçün heç bir problemi yoxdur.

- Peyvəndlərdən söz düşmüşkən, valideynlər arasında onların qiymətləri ilə bağlı narazılıqlar var. Deyirlər ki, dövlət poliklinikalarında peyvəndlər ucuz olur, özəl klinikalarda isə çox baha. Məsələn, 150-200 manat. Eyni peyvənd niyə özəl kilinikalarda bu qədər bahadır?

- Birincisi onu vurğulayım ki, biz bütün peyvəndlərin özəllərdə vurulmasını tövsiyə etmirik. Bəlkə yanlış anlaşılma olub. Məsələn, pnevmakok peyvəndi vardır, bunun özəldə və ya dövlətdə vurulmasının heç bir fərqi yoxdur. Eyni peyvənddir, ikisi də Avropadan gətirilir. Dünyada AKDS kimi tanınan GDT peyvəndi var. Bu çox ağır peyvənddir. GDT- difteriya, tetanus, göy öskürəyə qarşı peyvəndidir. Bu gün dünyada tövsiyə olunan AKDS peyvəndi nədir? Gücləndirilmiş AKDS -i nevroloji qüsuru olanlara vurmaq olmaz. Vurduğun zaman uşağı itirə bilərik, ağırlaşa bilər. Özəllərdə zəiflədilmiş AKDS peyvəndləri vurulur. Stabil nevroloji uşağa belə vurula bilər. Bu gün dünyada 20-30 ilə yaxındır ki, zəiflədilmiş AKDS peyvəndlərinin vurulması tövsiyə olunur. Bu dövlət polikliniklarında vurulan peyvəndi inkar etmək deyil. Sadəcə o peyvəndlərdə bir az çox yan təsirlər görülə bilər. Zəiflədilmiş peyvəndlər özəl firmalar tərəfindən gətirilir. Qiymət siyasətində bizim heç bir rolumuz yoxdur. Firma bu qiyməti təklif edir, nə qədər uyğun qiymətdir, bunun haqqında bir şey deyə bilməyəcəm. Təbii ki, minimum əmək haqqı alan insanlar üçün çox bahalıdır.

- Valideynlərin sizə müraciət etməsinin bir səbəbi də geyiminizlə bağlıdır. Uşaqlar sizi ənənəvi həkim geyimində görmədikləri üçün qorxmurlar. Bunu bilərəkdən edirsiniz, yoxsa...

- Uşaqların qəbul etdiyi bir stereotip var. Bilmirəm valideynlər bunu edib, efirlərdənmi görüblər. Ağ xalat gördükləri zaman ağlayırlar,qorxurlar. Əgər uşaqlar qorxmursa, niyə də eləməyək. Əgər insan öz gigiyenasına diqqət edirsə, gündəlik paltarını dəyişdirirsə, xalat olmasın, paltar olsun, fərq etməz.

- Valideynlərin əksəriyyəti bildirirlər ki, dövlət xəstəxanalarında olan həkimlərin əksəriyyəti peşəkar deyil, amma sizə etibar edirlər. Digər tərəfdən də bəziləri sizin müayinənin baha olduğundan şikayət edirlər. Səhv etmirəmsə, 60 manatdır...

- Hansısa insan bura yaxınlaşsa, “həkim, pulumuz yoxdur”- desə, nə biz ona etiraz edərik, nə də rəhbərlik. Tam səmimi deyirəm. Amma bundan sui-istifadə etmək də olmaz. Bəzən demoqoqluq edənlər də olur, mən filankəsin adamıyam, baxmalısınız. Biz də insanıq, qıcıq yarada bilər belə davranış. Bunu da nəzərə almaq lazımdır ki, pediatr gündəlik olaraq maksimum 30 xəstəyə baxa bilər. Bir gündə 40 uşaqda hərarət olarsa, buna baxa bilmərəm. Baxmayanda da valideynlər küsüb gedirlər. Əksəriyyəti də növbədənkənar girmək istəyir. Biz də valideynə başa salmaq istəyirik ki, burada söhbət puldan getmir. Ödəniş etdi-etmədi, fərq etməz, sıra ilə baxacağıq. O ki qaldı qiymət məsələsinə, buna biz qarışmırıq. Biz də buranın işçisiyik. Məsələn, biz burada xarici ölkələrə müəllimlərimizdir deyə xəstə göndəririk, orada müayinənin qiyməti 500 manatdır. 60 manatın çox bahalı olduğunu düşünmürəm. Burada problem olan qiymət deyil. Dünyada insanlar xəstəxanaya gedir, həkimin yanına yox. Məsələn, Türkiyədə 11 il qalmışam. Orada xəstəxanaya gəlirlər, bilirlər ki, ona kömək edəcəklər, heç bir zərər verməyəcəklər. Burada insanlar o qədər problemlə qarşılaşıblar ki, ya zərər görüb, ya çox dərman yazılıb, ona görə bir nəfərə bağlanıblar. Bizdə öz üzərində işləyən həkim sayı kifayət qədər olmadığına görə problemlə qarşılaşırıq.