Almaniya prokurorluğu Rusiya əsilli “qanuni oğru” “Styopa Murmanski” ləqəbi ilə tanınan Stepan Furman əleyhinə cinayət işi açıb.
Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Murmansk bölgə idarəsi tərəfindən məlumat yayılıb.
Gələn informasiyalara əsasən, kriminal avtoritet Münhen prokurorluğu tərəfindən “cinayətkar dəstənin təşkil edilməsi” ittihamı ilə axtarılır. Bu məsələdə Rusiya və Almaniya hüquq-mühafizə orqanları İnterpol vasitəsilə birlikdə hərəkət edirlər.
Stepan Furmanın öz vətəni, yəni Rusiyada da ona qarşı Cinayət Məcəlləsini 210.1 (Cinayət iyerarxiyasında yüksək mövqe tutma”) maddəsi ilə iş açılıb. Qanuni oğru buna görə təcili olaraq Rusiyanı tərk edib.
FTX-nin məlumatına görə Styopa Murmanski 1990-cı illərdə Murmanskdakı bütün cinayət əməllərinə nəzarət edib, maliyyə qaynaqlarını ələ keçirib və onu müxtəlif qruplar arasında paylaşıb. Bundan başqa Murmanskdakı cəzaçəkmə müəssisləri də onun nüfuzu altında olub.
Stepan Furman 1963-cü ildə dünyaya gəlib. O, dəfələrlə Rusiyada qarət, basqın, zorlama cinayətləri ilə mühakimə edilib. 1994-cü ildə Styopa Murmanski qanuni oğrular Akim Volqoqradski (Sergey Akimov), Oqonyok (Aleksandr Briksman), Piçuqa (Yuri Piçuqin), Badri Kutaisski (Badri Koquaşvili) və Taxi (Georgi Uqlava) tərəfindən “oğru” adına layiq görülüb.
