ABŞ Dövlət departamenti Çin Xalq Respublikasının ölkədə fəaliyyətini məhdudlaşdıracaq yeni qaydalar tətbiq edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, həmin qaydalar dövlət katibi Maykl Pompeo tərəfindən səsləndirilib.
Onun sözlərinə görə, artıq universitet kampuslarını ziyarət etmək və ştatların rəhbərliyi ilə görüşmək istəyən Çin diplomatları öncə Dövlət departamentindən xüsusi icazə almalı olacaqlar.
Bundan başqa, Çin səfirliyi və konsulluqlarının əməkdaşlarına “diplomatik binaların xaricində keçirilən və 50 nəfərdən artıq insanın iştirak etdiyi mədəni tədbirlər” üçün də xüsusi icazə sənədini almaq məcburiyyəti gətirilir.
“Dövlət Departamenti Çinin ABŞ-dakı diplomatik təmsilçiliklərinin rəsmi akkauntlarının ÇXR hökuməti tərəfindən verilməsi məsələsinə xüsusi diqqət yetirəcək”,-deyə Maykl Pompeo bildirib.
Dövlət katibi rəsmi Vaşinqtonun atdığı son addmların əslində Çin hakimiyyətinin amerikan diplomatlarına qarşı tətbiq etdiyi sərt məhdudlaşmalara birbaşa cavab olduğunu söyləyib. Bununla belə o, rəsmi Pekin tərəfindən bəhs olunan sahədə yumşalma addımlarının atıldığı təqdirdə ABŞ hökumətinin əlavə tələblərdən vaz keçə biləcəyini söyləyib.
“Əgər Çin ABŞ diplomatlarına yönəlik məhdudiyyətlərdən vaz keçsə, biz buna müsbət şəkldə qarşılıq verməyə hazırıq”,-deyə o vurğulayıb.
