|
Bakıdan MDB-dən çıxmaq çağırışları

“Məncə, MDB-nin yaradılması səhv, SSRİ-ni hansısa formada saxlamaq üçün uğursuz cəhd idi. MDB süni təşkilatdır və onun ömrünə az qalıb”, - deyə məşhur aparıcı Vladimir Pozner bildirib.

Əslində Azərbaycanda da tez-tez Ermənistanın yer aldığı bir qurumdan çıxmaq çağırışlarına rast gəlinir. Son bir ayda isə Ermənistana göndərilən hərbi yükə görə Azərbaycanla Rusiya arasında yaranan silah qalmaqalından sonra bu  şəraitin artıq yetişdiyi qeyd olunur.

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev diqqətçəkən fikirlər səsləndirib. O deyib: “Rusiya indiki siyasətini davam etdirəcəksə, Azərbaycan neytrallıq siyasətindən imtina etməli, MDB-dən çıxmalıdır”.

Siyasi şərhçi Yeganə Hacıyeva “Yeni Müsavat”a bunları dedi: “Poznerin MDB-nin yaradılmasının SSRİ-nin hansısa formada saxlamaq üçün bir cəhd olması fikri ilə tam razıyam. Məsələ ondadır ki, daxili iqtisadi, siyasi, etnik problemlərdən qaynaqlanan SSRİ-nin dağılması ilə Rusiya birdən-birə öz tarixi və coğrafi nüfuz dairəsinin kiçilməsi faktı ilə üz-üzə qaldı. MDB-nin yaranması Rusiyanın tarixi və coğrafi nüfuz dairəsinin özündə siyasi mövcudluğunu özünə qaytardı. Rusiya elə fikirləşirdi ki, siyasi mövcudluğun ardınca yeni iqtisadi reallıqlar yaranacaq və bu da Rusiyanın SSRİ-dəki dominant iqtisadi üstünlüyünü təmin edəcək. Təəssüflər olsun ki, Rusiya postsovet ölkələrində mövcudluğunu həm də həll edilməmiş silahlı münaqişə ocaqlarının yaratması və inkişaf etdirməsi ilə davam etməyə qərar verdi. Postsovet ölkələrində ekstremizm, təcavüzkar separatizm və ərazi iddialarına əsaslanan münaqişələrin Rusiya tərəfindən dəstəklənməsi ilə MBD-də yaranan dövlətlərarası münaqişələr dərinləşdi, bir çox hallarda dövlətlərin ərazi bütövlüyünün pozulmasına gətirib çıxarır ki, bu kimi səbəblər özlüyündə MDB-nin birlik mahiyyətini sual altına aldı. Bu qurumda Moldova Dnestryanı, Gürcüstan Cənubi Osetiya və Abxaziya, Ukrayna bir neçə separatçı əyalətdə, Azərbaycan isə Dağlıq Qarabağ kimi problemdən əziyyət çəkir. Nəticə kimi isə öncə Gürcüstan, ardınca isə Ukrayna MDB-ni tərk etdi. 

yegane.jpg (67 KB)

Yeyanə Hacıyeva: “Azərbaycana münasibətdə Rusiyanın addımları dəyişməyəcəksə...”

Azərbaycanın MDB ilə əməkdaşlığının gələcəyi haqqında suala gəlincə, iyul ayında Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat, Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutduğu bir vaxtda Rusiya bu ölkəyə müasir silahlarla dolu 9 hərbi təyyarə göndərib və bu proses davam edir. Eyni müdaxiləni biz 2016-cı ilin aprel döyüşlərində də müşahidə etdik. Azərbaycana münasibətdə Rusiyanın addımları dəyişməyəcəksə, Azərbaycanın öz tarixi rolunu uğursuz başa vuran MDB-ni tərk etməsinə sayılı günlər qalıb. Məsələ ondadır ki, son illər postsovet coğrafiyasinda təşəkkül tapan yeni reallıqlar regional sabitlik və təhlükəsizliyə olan təhdidlərə qarşı mübarizə məqsədə, terrorizmə, separatçılığa, ekstremizmə, silahların və narkotiklərin qanunsuz dövriyyəsinə, habelə kibercinayətlər əleyhinə mübarizə yeni baxışlar, yeni alətlər formalaşdırıb və yeniliklər ənənəvi əməkdaşlıqdan daha səmərəli bir format tələb edir. Bu yeniliklər postsovet ölkələrində təhlükəsizliyə hədə ola konfliktlərin beynəlxalq hüququn ümumən qəbul edilən prinsipləri və normalarına uyğun olaraq, münaqişələrin suverenlik, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı əsasında həllinə rəvac verməlidir”.

Mirzəbəyli: “İraq ordusu sadəcə Kərküklə kifayətlənməyəcək”

Elçin Mirzəbəyli: “MDB-yə artıq heç bir ehtiyac qalmayıb”

Politoloq Elçin Mirzəbəyli də Poznerin fikirləri ilə razıdır: “Təkcə MDB deyil, Rusiyanın iştirakı ilə yaradılan bütün qurumlar, o cümlədən Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) da süni, Rusiyanın ”böyük dövlət", “güc mərkəzi” imicini qoruyub saxlamaq üçün yaradılmış təşkilatlardır. Bu təşkilatların heç birinin geosiyasi və geoiqtisadi əsasları, strateji hədəfi yoxdur. Onların heç biri dəyərlər, vahid məqsədlər, insan amili üzərində qurulmayıb və özləri də dəyər yaratmayıblar. Məsələn, MDB-də hansı dövlət özünü rahat hiss edir və təhlükəsizliyinə təminat verildiyinə əmindir. Rusiyadan başqa heç biri. MDB-ni hansı beynəlxalq təsisatla müqayisə etmək olar? Bu necə birlikdir ki, Gürcüstan da, Ukrayna da MDB-ni əraziləri Rusiya tərəfindən işğal və ilhaq edildiyinə görə tərk ediblər. Bu necə birlikdir ki, burada təmsil olunan ölkələrdən biri - Ermənistan digərinin - Azərbaycanın ərazisini işğal altında saxlayır, başqa birisi - Rusiya isə həm işğalçı ilə hərbi-siyasi müttəfiqdir, onu dəstəkləyir, silahlandırır, həm münaqişənin həllində vasitəçidir, həm də işğala məruz qalanın strateji tərəfdaşıdır. İttifaq dağıldıqdan sonra ola bilsin ki, MDB-yə müəyyən qədər ehtiyac vardı. Çünki respublikalar iqtisadi baxımdan bir-birilərindən asılı idilər. Məsələn, avtomobilin mühərriki bir respublikada, digər hissələri başqa respublikalarda istehsal olunurdu. Amma MDB-də təmsil olunan əksər ölkələr bu və ya digər şəkildə öz iqtisadiyyatlarını milliləşdirə, iqtisadi müstəqilliklərini təmin edə biliblər. Bu səbəbdən də MDB-yə artıq heç bir ehtiyac qalmayıb. Rusiyanın yaratdığı təşkilatların dəyişməsi üçün ilk növbədə Rusiyanın özü dəyişməlidir. Amma bunun yaxın zamanlarda baş verəcəyi inandırıcı görünmür".

MDB  8 dekabr 1991-ci ildə yaradılıb. İlkin dövrdə 3 dövlət - Rusiya, Ukrayna, Belarus tərəfindən qurulub. Bu dövlətlər SSRİ-nin dağılmasının labüdlüyünü anlayır və öz aralarında sonralar siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək üçün bu qurumu təşkil ediblər. Həmçinin MDB SSRİ-nin “mədəni dağılmasını”, onun mülklərinin keçmiş ittifaq ölkələri arasında paylaşdırmaq üçün təşkil edilmişdi.

Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan 1991-ci ilin dekabrında  Alma-Atada  Rusiya, Ukrayna və Belarusiya ilə birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəliblər. Azərbaycan Parlamenti bu qərarı yalnız 1993-cü ilin sentyabrında ratifikasiya edib və MDB-nin tam hüquqlu üzvü olub. Türkmənistan 2005-ci ildən MDB-də müşahidəçi kimi fəaliyyət göstərir.

1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avqust ayında rus ordusunun Gürcüstana daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxıb.

Ukrayna 2014-cü ilin mart ayında rus ordusunun Krıma daxil olmasından sonra həmin qurumun üzvlüyünü faktiki tərk edib.