|
Moskvadakı aksiyalarda həbs olunan 11 həmyerlimiz təhlükədə

Vəkil: “Belə xəbər var ki, onlara daha ağır maddələrlə ittiham irəli sürmək istəyirlər”

Rusiya həbsdə olan 11 azərbaycanlının işi üzrə istintaq davam edir. Tutulan həmyerlilərimizə xuliqanlıq ittihamı irəli sürülüb, istintaq davam edir. Tutulanlar Rusiyada ermənilərin Tovuz rayonu istiqamətində hucumlarına etiraz edən həmyerlilərimizdir. Yada salaq ki, 2020-ci il iyulun 12-13-də Ermənistan silahlı birləşmələri Azərbaycanın Tovuz rayonu istiqamətində hücuma keçib. Düşmən tutarlı cavablarla yerinə otuzdurulub. Düşmənin aqressiv hərəkətləri təmas xəttindən çox uzaqlarda da qeydə alınıb. İyulun 23-24-ü Rusiya paytaxtı Moskva ermənilərlə münaqişənin mərkəzinə çevrilib. Həmyerlilərimizlə toqquşmalar zamanı xəsarət alanlar da olub. Toqquşmalar Rusiyanın digər böyük şəhərlərində də olub.

Baş verənlərlə əlaqədar 11 həmyerlimiz, 5 erməni həbsə alınıb. Hazırda qaçıb gizlənən 10-a yaxın erməninin axtarışları davam edir.

Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyev “Yeni Müsavat”a deyib ki, Moskva məhkəmələri bu günə qədər 11 həmyerlimiz barədə 2 aylıq həbs qərarı çıxarıb.  Ermənilərdən isə 5 nəfər eyni müddətə həbsə alınıb. Tutulanlara Rusiya Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi (qrup tərkibində xuliqanlıq) üzrə ittiham elan edilib. Hazırda tutulan həmyerlilərimiz Marino rayonundakı istintaq təcridxanasında saxlanılır.

Şamil Tağıyev Moskvada yüksək vəzifəyə təyin olundu – Yenicag.Az

Şamil Tağıyev deyir ki, həbsdə olan həmyerlilərimizə vəkillər tutulub, maddi imkanı zəif olan, ehtiyacı onların  hamısına kömək olunur: “Kim müraciət edibsə, onlara dəstək verilib. Mən belə deyirəm kömək olunur, bəlkə biri də oxuyacaq deyəcək ki, ”heç kim kömək eləmir". Çünki ola bilsin ki, o bizə müraciət etməyib. Amma bizə kim müraciət eləyib, ev kirayəsindən tutmuş adi gündəlik xərclərinə qədər hamısı ödənilir. Saxlama şəraiti pis deyil".

İcma sədri deyir ki, tərəflər arasındakı əvvəlki mübahisələr aradan qalxıb: “Bilirsiz ki, Moskvadakı hadisələr xaricdə döyülən azərbaycanlılara görə olmuşdu. Hazırda sakitlikdir, heç bir problem yoxdur”.

Ələkbər Qarayev — Vikipediya

Vəkil Ələkbər Qarayev

Həbsdə olan həmyerlilərimizdən birinin vəkili olan Ələkbər Qarayev “Yeni Müsavat”a deyib ki, ilkin həbs qərarından verdikləri apelyasiya şikayətləri təmin olunmayıb: “Apelyasiya şikayətlərimizə baxdılar, amma təmin etmədilər, həbs qərarını qüvvədə saxladılar. Saxlama şəraiti, vəkillərlə görüş məsələlərində heç  bir problem yoxdur. Digər dustaqlar kimi eyni şəraitdə qalırlar. Heç kim onları incitmir. Xaricdə olan azərbaycanlılar var ki, tutulanların ailələrinə, uşaqlarına kömək edirlər. O gün bir nəfər azərbaycanlı zəng elədi, dedi ki,  Çexiyada yaşayır, nə kömək edə biləcəyini soruşdu. Dedi ki, bəs biz burada bir neçə biznesmen azərbaycanlı istəyirik ki, tutulanların uşaqlarına, onların ailələrinə, özlərinə kömək edək. Ona tutulanlaırn vaildeynlərinin, həyat yoldaşlarının, qardaşlarının siyahılarını göndərdim. Dedim ki, istəyirsinizsə, özünüz onlara birbaşa zəng edin və öz köməyinizi göstərin. Bundan əlavə də ki, burada azərbaycanlılar  kimin imkanı nəyə çatır ailələrinə, uşaqlarına kömək olur. Tutulanları, ailə-uşaqlarını diqqətsiz qoymuruq. İstintaq gedir, yəqin ki, noyabra qədər müddəti uzadacaqlar”.

Vəkil Ələkbər Qarayev deyib ki, hazırda ermənilərdən 5 nəfər həbsdədir, amma axtarışda olanları çoxdur: “Qaçanların neçə nəfər olduğunu bilmirik, bu, əməliyyat sirridir, amma haradasa da bir təxminən 15-20 nəfər erməni  axtarışdadır. Bizimkilər təəssüflər olsun ki, həmin hadisələr zamanı özlərini çəkib videoya qoyublar, sosial şəbəkələrdə paylaşıblar. Polisə də imkan yaradıblar həmin o videomateriallarla  onları tapsınlar”.

Vəkil deyib ki, həmyerlilərimizə verilən ittiham üzrə cərimə cəzası nəzərdə tutulmur: “Bu maddə ilə adi hallarda şərti cəza ala bilmirlər. Hazırda ermənilər də cəhd göstərirlər ki, danışıqla məsələ yoluna qoyulsun. Azərbaycanlıya məxsus olan və həmin hadisələr zamanı dağıtdıqları restorana gedib sahibi ilə danışıblar, üzrxahlıq ediblər. Deyiblər ki, dəyən ziyanı ödəyək. ”Min bir gecə" restoranını dağıtmışdılar, üzr istədilər, sahibi də dedi ki, gedin, bizimkilərin qırıb dağıtdıqları bir  “BMW” var,  həmin maşını düzəldin, sahibini razı salın, şikayət etməsin. Mənim restoranıma nə qədər ziyan dəyibsə, onu özüm həll edəcəyəm, özüm xərcləri çəkəcəyəm. Siz, o “BMW” maşını, hansı ki, azərbaycanlılar əziblər, onu təmir elətdirin, qoy əvəz əvəz olsun".

Vəkil deyir ki, bu məsələdə həmyerlilərimizin nümayiş etdirdiyi həmrəylik hər kəsi sevindirib: “Azərbaycanlılar çox belə təqdirəlayiq addımlar atdılar. İlk dəfə idi ki, belə birlik, belə həmrəylik görürdük. İstintaq müddəti ola bilsin ki, 4 aya qurtarar. Oktyabrda,  ya noyabr ayında qurtara bilərlər. Çünki istintaqa cəlb olunanlar arasında Azərbaycan vətəndaşları var. Həmin o Azərbaycan vətəndaşları ilə bağlı sorğular verilir, cavabı alınır. İşlər ayrı-ayrı icraatlarda aparlır. Hazırda 4 həmvətənimizin işi bir, 7 həmvətənimizin işi isə digər rayonun istintaq idarəsində aparılır. Belə xəbər var ki, işləri birləşdirmək, daha ağır maddələrlə ittiham irəli sürmək istəyirlər. Belə olsa, həm qarşı tərəfin, həm də bizimkilərin işi ağır olacaq”.

Vəkil deyib ki, istintaqın gedişatı ümumilikdə qənaətbəxşdir, maddələr dəyişilməsə, barışıq əldə edilsə, tutulanların daha yüngül cəzalarla azad olunma şansı var.