"Qələbə və üç xal üçün çox şadam. Düşünürəm ki, buna layiq idik".
"Report" xəbər verir ki, bu fikirləri Şimali Makedoniya təmsilçisi "Şkupi"nin baş məşqçisi Muarrem Bayrami çempionatın 4-cü turunda "Pelister"i evdə 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra yerli mətbuata açıqlamasında deyib.
35 yaşlı mütəxəssis hər matçda daha yaxşı çıxış etdiklərini söyləyib.
O, Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi"yə uduzduqları matçı da xatırlayıb:
"Bakıda baş verənlərdən sonra bugünkü qələbə xoş qarşılanır. "Pelister"ə böyük hesabla qalib gələ bilərdik, matçda üstün idik və penaltini də qaçırdıq. Hələ ki, komandadan razıyam. 12 mümkün xaldan 10-unu qazandıq".
Qeyd edək ki, "Neftçi" Avropa Liqasının I təsnifat mərhələsində "Şkupi"ni 2:1 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb. Bu gün paytaxt təmsilçisinin II təsnifat mərhələsində rəqibi bəlli olacaq.
