|
"Münaqişənin siyasi həllnin əsasını BMT-nin qətnamələri təşkil edir" - Hikmət Hacıyev

Dağlıq Qarabağ münaqişənin siyasi həllinin hüquqi əsaslarını BMT Təhlükəsizlik Şurasının qətnamələri təşkil edir".

Bu barədə Musavat.com-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. O, bunu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün hazırlanan hüquqi baza ilə bağlı Rusiya Xarici işlər naziri Sergey Lavrovun verdiyi açıqlamaya münasibət bildirərkən deyib:

"Bu qətnamələrin müddəaları ondan ibarətdir ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha təsdiq olunur. Ermənistanın Azərbaycana qarşı gücdən istifadə etməsi kəskin şəkildə pislənilir və Ermənistanın qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olunur. Danışıqlar prosesinin məğzini BMT Təhlükəsizlik Şurasının qətnamələri təşkil edir".

Hikmət Hacıyev onu da əlavə edib ki, münaqişənin həlli ilə əlaqədar olaraq planlarda həyata keçirilən tədbirlər də məhz bunun əsasında olmalıdır:" Xüsusilə qeyd etmək istərdim ki, BMT Təhlükəsizlik Şurasının 853-cü qətnaməsindən çıxış edərək Ermənistan qoşunlarının Azərbaycandan çıxarılmasını özündə ehtiva edən təxirəsalınmaz tədbirlər haqqında cədvəl də hazırlanıb və danışıqlar prosesində də bu cədvəldə olan məqamların, yəni Ermənistan qoşunlarının vaxt çərçivəsində Azərbaycan ərazilərindən çıxarılması kimi addımlar ciddi şəkildə nəzərə alınmalıdır".