Hazırda Azərbaycanda səhiyyə xərcləri astronomik həddədir. Yüngülvari bir kor bağırsaq əməliyyatı xəstəyə azı 2 min manata başa gəlir. Dövlət xəstəxanalarında tibbi xidmətlərin pulsuz olması səhiyyə naziri səviyyəsində rəsmən elan edilsə də hamı bilir ki, belə deyil. Əlini cibinə salmasan, xəstəyə 10 qəpiklik başağrısı dərmanı da vermək bir qırağa, onun heç üzünə də baxmırlar.
Götürək özəl tibb mərkəzlərini: özəl tibb mərkəzlərində baş verən ölüm halları, soyğunçuluq, özbaşınalıq barədə vaxtaşırı mətbuatda məlumatlar yayılsa da, faktların araşdırılmadığı və vəziyyətin dəyişməməsi göz önündədir. Neqativ halların baş verdiyi belə yerlərdən biri də, “Oksigen” klinikasıdır. Bu klinika sözün əsil mənasında millətin canını boğazına yığıb.
Millət vəkilinin klinikası milləti talayır
Klinika ilə bağlı mütəmadi şikayətlər eşidirik. Şikayətçilərdən biri Sevinc Qasımovadır.
O bildirir ki, bir neçə gün USM müayinəsi üçün “Oksigen” Klinikasına üz tutub. Ancaq qarşılaşdığı rəzalətin şokuna düşüb: “Ödümün USM müayinəsi lazım idi. Evimə yaxın olduğu üçün “Oksigen”ə getdim. Məlumat üçün “Reseption”a yaxınlaşdım. Ödümün USM muayinəsindən keçməli olduğumu və qiyməti soruşdum. Klinikanın Nəzrin adlı əməkdaşı bildirdi ki, tək ödün müayinəsi həyata keçirilmir. 60 manat müqabilində bütün daxili orqanların müayinəsini etdirə biləcəyimi dedi. İsrarla dedim ki, mənim heç bir orqanımdan şikayətim yoxdur. Sadəcə ödüm lazımdır. Nəzrin dedi mümkün deyil. Ya 60 AZN ödəyin, ya da başqa klinikaya üz tutun. Əvvəlcə başqa klinikaya getmək istədim. Amma ağrılarım imkan vermədi. Əlacsızlıqdan qapıdan qayıtdım. Bu dəfə digər xanıma yaxınlaşdım. Dedi ki, 30 AZN ödəməklə müayinə oluna bilərəm. Bu vaxt Nəzrin adlı həmin xanım müdaxilə etməyə başladı. Dedi ki, mümkün deyil. Mübahisə yarandı. Artıq məsələ həm ağrıdan, həm də puldan keçmişdi. Çünki bu cür rəzalətlə qarşılaşmağım məni özümdən çıxartmışdı”.
Şikayətçi bildirir ki, klinikada açıq aşkar soyğunçuluqla məşğul olurlar: “Mən bu ölkənin vətəndaşıyam. Erməni olub, Ermənistandan gəlməmişəm ki! Bu necə özbaşınalıqdır? Gör bu klinika nə gündədir ki, adi “reseption”da oturan əməkdaşı belə vətəndaşı “necə soyum” haqqında fikirləşir. Mənim orda sancı tutsa, qan içində qalsam, ölsəm demək bu klinika üzümə baxmayacaq? Bu klinika hansı sistemlə, hansı yolla idarə edilir. Bu nə cəngəllik qanunudur başa düşmürəm. Bu o deməkdir ki, Nəzrin adlı o əməkdaşa rəhbərlik bu cür göstəriş verib ki, o da vətəndaşa bu cür rəftar edir və onun cibinə əl atır! Biabırçılıq bilirsiniz nədir? Klinika bizim millət vəkilinə məxsusdur. Millətin vəkilinin klinikası milləti soyub, ölümə məhkum etməklə məşğuldur”.
Qohumluq biznesi, təhlükədə olan ömürlər
Əldə etdiyimiz məlumata görə, burada çalışanların hamısı heç də peşəkar kadr deyil. Əksəriyyəti Əhməd Vəliyevin öz yaxın adamlarıdır. Elə işçilər var ki, tibbi təhsili belə yoxdur. Lakin xəstəxanada həkim, tibb bacısı kimi fəaliyyət göstərir. Ona görə də xəstələrin heç biri bu xəstəxanadan razı deyil. Aylarla burada müalicə alan xəstələr var ki, səhhətində heç bir irəliləyiş yoxdur. Xəstələri get-gələ salırlar. Hər dəfə bahalı dərmanlar yazılır. Amma heç bir nəticə yoxdur. Bundan başqa, millət vəkilinə məxsus tibb müəssisəsində səhlənkarlıqlar, həkim məsuliyyətsizliyi baş alıb gedir. Təəssüflər olsun ki, səhlənkarlığa yol verən, ayrı-ayrı insanlar vaxtsız dünyasını dəyişib.
Bundan başqa statistikaya nəzər salsaq, ən çox ana və uşaq ölümləri bu xəstəxanada baş verir.
Fantastik qiymətlər
“Oksigen” klinikasında (“Nərimanov” metrosunun yaxınlığında yerləşir) pasiyent həkim müayinəsindən keçmək üçün 40manat, professor müayinəsindən keçmək üçünsə 60 manat ödəməlidir. Klinikanın qəbul şöbəsinin əməkdaşları dedilər ki, qiymətlərin yüksək olması həkimin elmi dərəcəsindən asılıdır. Klinikada qan analizi 8 manat, sidik analizi 7 manat, tomoqrafiya 60 manat, USM 60 manat, kardioqram 20 manat, qanda hepatit C-nin analizi 50 manatdır. Əməliyyatların qiymətini isə həkim müəyyənləşdirir.
Millət vəkilinin millət üçün yox, cibi üçün açılan Klinikası
Bu gün heç kimə sirr deyil ki, millət vəkili Əhməd Vəliyev parlamentdə təmsil olunmaqla yanaşı, bir sıra nəhəng biznes strukturlarına da rəhbərlik edir. Məsələn, hazırda “JMR” adlandırılan “Jalə-Biznes” MMC, Bülbül prospektində fəaliyyət göstərən “Jalə Plaza”, Odlar Yurdu Universiteti, “Muğanbank” ASC və “Oksigen” klinikası məhz Əhməd Vəliyevə məxsusdur. Onu da qeyd edək ki, millət vəkilinin rəhbərlik etdiyi biznes obyektlərinin hər birinə onun yaxın adamları nəzarət edir. “Oksigen” Klinikası isə bir başa millət vəkilinin oğlu Munir Vəliyevin idarəçiliyindədir.
Klinikada baş verən ölümlər
Müxtəlif vaxtlarda adıçəkilən tibb müəssisəsinin az qala bütün şöbələrində bir sıra xoşagəlməz halların yaşanıb. Bir müddət öncə millət vəkilinə məxsus bu klinikanın ginekologiya şöbəsində cərrahiyyə əməliyyatı zamanı ölüm hadisəsi baş vermişdi. Belə ki, Binəqədi rayonunda yaşayan 23 yaşlı Günel Vüqar qızı Səfərli “Oksigen” klinikasında ginekologiya şöbəsində cərrahi əməliyyat olunub. Əməliyyatdan sonra xəstə komaya düşüb. Bir aydan artıq komada olan Günel Səfərli həmin klinikadan çıxarılaraq Mərkəzi Neftçilər Xəstəxanasına, oradan isə Mərkəzi Klinik Xəstəxansına aparılıb və orada dünyasını dəyişib. Hələ o zaman qeyd olunurdu ki, Günel Səfərlinin ölümünə səbəb olan şəxs həmin vaxt “Oksigen” klinikasının ginekologiya şöbəsinin müdiri vəzifəsində çalışan İlahə Quliyevadır”. Günel Səfərlinin ölümündən sonra da “Oksigen”də buna bənzər hadisələrin baş verdiyini deyən məlumatlı şəxs 2012-ci ilin may ayında 25 yaşlı Ləman Əzizli və onun dünyaya gətirdiyi körpənin həkim səhlənkarlığının qurbanı olub. Həmin vaxt Bakı şəhər sakini Ləman Əzizli və onun dünyaya gətirə bilmədiyi övladı əməliyyat stolunda canını tapşırıb. Ləman Əzizli “AzərTurkMed” klinikasında doğuşaqədərki 9 ay müddətində həkim Ərsadiq Turanın nəzarətində olub. Lakin doğuş vaxtı yetişəndə Ərsadiq Turan “AzərTurkMed” klinikasında doğuş aparmaq üçün lisenziyanın olmamasını səbəb göstərərək “Oksigen” kilikasını təklif edib. Doğuş günü həkimlər təbii doğuşun mümkün olmamasını bildiriblər və qeysəriyyə əməliyyatı etmək istəyiblər. Bu barədə Ləman Əzizlinin atasına məlumat verib icazə alıblar. Beləliklə, əməliyyatda Günel Səfərlinin ölümünə səbəb olan şəxs kimi adı hallandırılan İlahə Quliyeva, Arzu Məmmədova, Ərsadiq Turan və anestezioloq Tərlan Zeynalov iştirak ediblər. Lakin razılıq alıb əməliyata girəndən bir qədər sonra həkimlər uşağı itirdiklərini, Ləman Əzizlinin həyatını qoruya bildiklərini və reanimasiyada olduğunu deyiblər. Lakin Ləman Əzizlinin ailə üzvləri zorla reanimasiya şöbəsinə girəndə gördüklərindən şok olublar. Valideynləri qızın süni nəfəs aparatına qoşulduğunu görüblər. Həkimlər ailə üzvlərini qızın sağ-salamat olmasına inandırsalar da, sonradan məlum olub ki, Ləman Əzizli elə cərrahiyyə stolunda keçinib. Bildiyim qədər üzərindən iki ildən artıq vaxt keçməsinə baxmayaraq, hələ də heç kim “Oksigen” kilikasında baş vermiş ölüm hadisəsinə görə məsuliyyətə cəlb olunmayıb. Maraqlıdır, görəsən niyə?
Rauf Nəbiyev adlı şəxsin də başına gətirilənlər isə əsil faciədir. Belə ki, Rauf Nəbiyev səhhətində yaranmış problemlərlə əlaqədar olaraq “Oksigen” klinikasına müraciət edib. Müayinə olunduqdan sonra Rauf Nəbiyevə öd kisəsində problemlərin olduğu deyilərək əməliyyat olunması məsləhət görülüb. Lakin onun xərçəng xəstəsi olması nədənsə gizlədilib. Klinikanın cərrahı Mübariz Əliyev tərəfindən əməliyyat olunan xəstənin öd kisəsində daha dərin problemlər ortaya çıxıb. “Oksigen” Klinik Xəsətəxanasında cərrah Mübariz Əliyev tərəfindən əməliyyat olunan Rauf Nəbiyevin xərçəng xəstəsi olduğu həm kilinika, həm də həkim tərəfindən gizlədilib. İlk əməliyyat zamanı xəstənin yaxınları klinikaya 2 min manat pul ödəyiblər. Buna baxmayaraq, Rauf Nəbiyev yenidən əməliyyata cəlb olunub. Bu zaman isə mərhumun yaxınları tərəfindən 4 min manat ödəniş olunub. Lakin bütün bunlara baxmayaraq, nə klinika rəhbərliyi, nə də ki, Rauf Nəbiyevin əməliyyatında iştirak edən tibb personalı onun xərçəng xəstəsi olduğunu deməyib, bunu onun yaxınlarından gizlədiblər. Bu isə sonda pasiyentin dünyasını dəyişməsilə nəticələnib.
Yuxarıda qeyd olunan faktlar bir daha onu deməyə əsas verir ki, “Oksigen”də əməliyyat zamanı ölüm hadisəsi adiləşib. Klinika rəhbərliyi – millət vəkili Əhməd Vəliyev və onun oğlu Munir Vəliyev isə hökm sürən problemləri aradan qaldırmaqda maraqlı deyil.
Millət vəkilinə İlham Əliyevin xəbərdarlığını xatırladırıq
Ölkə başçısı İlham Əliyev son müşavirədəki nitqində bildirdi ki, ölkəyə gətirilən dərmanların keyfiyyətsiz və bahadır. Ona görə də bu sahəyə xüsusi diqqət ayırdığını qeyd etdi. Nə qədər qəribə görünsə də, ölkə başçısının dərmanlar haqqında səsləndirdiyi fikirlər həqiqətdir. Ölkəyə idxal olunan dərmanlar keyfiyyətsiz olduğu qədər də bahadır. Əsas məsələ bundan sonra başlayır. Prezident deyib ki, dərman pereparatlarının bazarı nəzarətdən çıxıb: “Bu hadisə deyə bilərəm ki, bizim diqqətimizi bu sahəyə daha da ciddi şəkildə yönəltdi və gördük ki, bu sahədə çox böyük pozuntular, uyğunsuzluqlar var. Bəzi hallarda dərmanların qiyməti bir neçə dəfə, bəzi hallarda on dəfə şişirdilir. Yəni, burada tamamilə özbaşınalıq və anarxiya hökm sürürdü. Kim dərmanı hansı qiymətə istəyirdi, o qiymətə də satırdı. İnsanlar da məcbur olub o dərmanları alırdılar, böyük vəsait xərcləyirdilər, xüsusilə pensiyaçılar ki, onlara daha çox dərman lazımdır”.
Dövlət başçısının dərmandan danışması sadəcə apteklərə aid deyildi. Bu Səhiyyə sahəsinə bir başa xəbərdarlıq idi. Hörmətli millət vəkilimiz Əhməd Vəliyevə, prezidentin dediklərini bir daha oxumağı və ya dinləməyi təklif edirik. Prezident dəfələrlə xəbərdarlıq edib ki, əhalini incitməyin. Bəs "millətin vəkili" milləti incidirsə, necə olsun?!
CİA.AZ
