|
İsveç televiziyasında yayımlanacaq Azərbaycan proqramı…

Avqustun 30-dan İsveç İctimai televiziyasında Azərbaycanın həftəlik xəbər proqramının yayımı başlanır. Bu, Azərbaycanın dünya telekanallarında ilk xəbər proqramı olacaq. Hər biri 10 dəqiqəyədək davam edən verilişlər ingilis dilində hazırlanır, buraxılışlar əsasən “Turan”, “Ayna-Zerkalo”, “Pressklub”, qismən digər saytlarının materialları və süjetləri əsasında tərtib olunacaq. Xəbərlərin siyasi yükü nə qədər olacaq, yoxsa yalnız təbliğat xarateri daşıyacaq?

Bu və digər suallarla bağlı “Ayna" və "Zerkalo" qəzetlərinin təsisçisi Elçin Şıxlı “Yeni Müsavat”a danışıb:

“Hələlik xəbərlərin daha çox hansı formatda olacağı barədə dəqiq heç nə deyə bilmərəm. Bu barədə yalnız proqramın müəllifindən məlumat ala bilərsiniz.

Amma qeyd edə bilərəm ki, bizim qəzetin, həmçinin “Turanı”nın və digər saytların materiallarından istifadə ediləcək. Düşünürəm ki, getdikcə bu siyahı daha da artacaq.

İlk dəfədir ki, İsveç İctimai Televiziyasında Azərbaycan dilində və Azərbaycan haqqında xəbərlər olacaq. Bu işin təşəbbüskarı İsveçdə Rahim Telman Sadıqbəyli, bu tərəfdə isə bizik.

Biz burda nə yazacayıqsa, İsveçdə də həmin xəbərlər yayımlanacaq. Yəni, burada hansısa kriminal axtarmağa dəyməz”.