|
Direktorla sahibkar arasında qalmaqal:

Astarada sahibkarla məktəb direktoru arasında qalmaqal yaşanır.

Lənkəran rayon sakini Həsənov Zaur Elxan oğlu redaksiyamıza müraciət edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu və bir neçə aydır problemlə üzləşdiyini deyib.

Z.Həsənov bildirib ki, Lənkəranda, Astarada və digər yaxın rayonlarda kəndlərdən süd yığaraq satırlar. Onların süd aldığı şəxslərdən biri də Astara rayon Şiyəkəran kənd orta məktəbinin direktoru Heydərov Teymur Təyyar oğludur.

“Məktəb direktoru olan Teymur Heydərov daha əvvəl də bələdiyyə sədri idi. Onlardan aldığımız süd keyfiyyətsizdir. Yoxlanış zamanı südə 60 faiz su qatıldığı məlum oldu. Biz də buna görə onlardan süd almadıq. Sonra bizimlə ədavət aparmağa başladılar. Onların təsərrüfatı böyükdür, sahibkarlıqla məşğul olurlar. Düzdür, Teymur müəllim bu işə özünün yox, qardaşı və atasının nəzarət etdiyini deyir. Amma iş onun özünündür. Süd keyfiyyətsiz olduğu üçün almadıq. Onlar da bizim süd qablarını qaytarmırlar. Deyirlər ki, borcumuz var və ödəməliyik”.

Sahibkar iddia edir ki, direktorun qardaşı ona hədə-qorxu gəlir və kəndə girə bilməsi üçün pul istəyir: “Teymur müəllimin qardaşı Şaiq Heydərov Moskvadan gəlib. Deyir ki, kriminal aləmlə əlaqəsi var. Bizə hədə-qorxu gəlir. Deyir ki, kəndə girmək üçün aylıq 400 manat verməlisiz. Yoxsa başınıza oyun açaram. Bir dəfə də 400 manat ödəmişəm. Pulu ödəniş aparatı vasitəsi ilə göndərmişəm. Direktorun və qardaşının mənə hədə-qorxu gəlməsi, təhqir etməsi ilə bağlı səs yazıları var”.

Sahibkarın iddialarına cavab öyrənmək üçün direktor Teymur Heydərovla əlaqə saxladıq.
Teymur Heydərov Musavat.com-a açıqlamasında bildirdi ki, Zaur Həsənovun dedikləri həqiqətə uyğun deyil.
“Bu işin mənə aidiyyəti yoxdur. Fermaya atam və qardaşım baxır. Lap elə mənim fermam olsun. Südü sənə satmıram, başqasına satıram. Burada nə var ki?

Bu adam birinci süd yığmağa gəlib. Sonra da fırıldaqçılıq edib və pulu verməyib. Qardaşımgil də onu polisə verdi.

İndi bunlar qisas almaq üçün mənim adımı çəkirlər. Təhsil idarəsinə də şikayət ediblər. Mən müəllim adamam. İşə gedib, evə gəlirəm. Bunun başqa bir səbəbi yoxdur. Getsin, polisə, məhkəməyə versin”,- deyə məktəb direktoru bildirib.

Teymur Heydərov qardaşının sahibkara hədə-qorxu gəlməsi ilə bağlı fikirlərə də münasibət bildirib:

“Qardaşıma bir aylıq 400 manat verdiyini deyib. Həmin pul südün puludur. Bura kənd yeridir. Kimsə burada “bandit”lik edə bilməz. Hər şey qanunun əlindədir. Mən ona qanunla, polislə xəbərdarlıq etmişəm”.