“Maska tax” deyən sürücünü döyən sərnişin həbs edildi
13 nömrəli marşrut xətti üzrə avtobus sürücüsünün sərnişin tərəfindən döyülməsi geniş müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə yayılan videodan bəlli olur ki, sürücü sərnişinə qoruyucu tibbi maskadan düzgün istifadə etməyi tövsiyə edib. Sərnişin buna əməl etmədiyindən sürücü də avtobusu sürməyəcəyini bildirib. Sonda sərnişin sürücüyə qarşı güc tətbiq edərək onu vurub.
Həmin sərnişin polis əməkdaşları tərəfindən müəyyənləşdirilib və o saxlanılıb. Sürücünü vuran Abşeron rayon sakini, 1993-cü il təvəllüdlü Anar Nehmətli İnzibati Xətalar Məcəlləsinin 510, 535-ci maddələri ilə təqsirli bilinərək Nərimanov rayon məhkəməsinin qərarı ilə 30 sutka müddətinə həbs edilib.
O, polis idarəsində saxlanılarkən bu hərəkətinə görə peşman olduğunu bildirib və üzr istəyib.
Son dövrlər sürücülərlə bağlı analoji hadisələrin tez-tez baş verdiyinin şahidi oluruq. Nə etmək lazımdır ki, avtobus sürücüləri bu cür hücumlardan qorunsunlar? Avtobus kabinələrində xüsusi qoruyucu şüşələrdən istifadə olunmalıdırmı, yaxud başqa tədbirlər görülməlidir?
“Hələ də sükan arxasında heç kimi vecinə almadan siqaret çəkən sürücülər var”
Məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verən nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, bu cür hadisələr dünyanın hər yerində və bütün sahələrdə baş verir: “Amma önəmli olan budur ki, bu hal kütləviləşməsin. Birincisi, burada güclü təbliğat aparmaq lazımdır. Avtobusda sürücü ilə sərnişin arasında münasibət, sərnişinlərin bir-birilə münasibəti, bütün bunların yüksək səviyyədə təşkil olunması üçün təbliğat işlərini davam etdirmək lazımdır. Eyni zamanda, neqativ halların qarşısını almaq üçün profilaktik tədbirlər də görülə bilər. Hazırda insanlarla sürücülər arasında bir gərginlik var. Bunun əsas səbəblərindən biri odur ki, ara-sıra avtobus sürücüləri hərəkət qaydalarını kobud şəkildə pozur, sərnişinlərlə kobud davranırlar. Hələ də sükan arxasında heç kimi vecinə almadan siqaret çəkən sürücülər var. Ədəbsiz musiqilərə qulaq asanlar da var. Sərnişinin xırda bir iradına ədəbsiz münasibət nümayiş etdirənlər də az deyil. Ona görə də şüuraltında avtobus sürücüləri haqqında yüksək fikir yoxdur. Cəmiyyətdə bəziləri hələ də fikirləşir ki, avtobus sürücüsüdürsə, kobuddur, mədəniyyətsizdir. İlk olaraq bu düşüncə tərzini dəyişmək üçün işlər görmək lazımdır. Sürücülər özləri də bunun qayğısına qalmalıdır ki, cəmiyyət onlara hörmətlə yanaşsın. Yəni qarşısıalınmaz tədbirlərin biri budur ki, ictimai şüurda avtobus sürücüsünə olan münasibət dəyişilsin”.

Ərşad Hüseynov
Ə.Hüseynovun sözlərinə görə, Nazirlər Kabinetinin 70 saylı qərarında Bakı şəhərində sərnişindaşımalarda istifadə olunan avtobuslarla bağlı göstərilib ki, sürücülərin kabinəsi olmalıdır: “Sürücünün kabinəsi tam qapalı deyil. Son baş verən həmin olayda da avtobusda kabinə var. Gördüyünüz kimi, yarım qapalı olur. Tam qapalı ola bilməz. Burda arakəsmə elə şəffaf olmalıdır ki, sürücü sərnişinləri müşahidə edə bilsin. Sürücünü zirehli bir kapsulun içində sükan arxasında oturtmaq düzgün deyil. Bu özü də təhlükəlidir. Burada ictimai etikaya hörmətin yüksəldilməsi, sürücü imicinin yüksəldilməsi, neqativ hallar olan kimi dərhal qarşısının alınması kimi vasitələrlə problemin aradan qaldırılması mümkün ola bilər”.
“Avtobuslarda sürücü üçün ayrıca qapı olmalıdır”
Ekspert onu da əlavə edib ki, avtobuslarda sürücü üçün ayrıca qapı olmalıdır: “Bizim avtobuslarda sürücü də avtobusa sərnişinlərlə eyni qapıdan daxil olur. Heç olmasa onun kabinəsinin ayrıca qapısı olmalıdır. ”Bakubus"ın avtobuslarının bir özəlliyi var ki, salonun hər yeri, hətta sürücü oturduğu yer də kamera nəzarəti altındadır. Bu texnologiya bütün avtobuslara tətbiq edilməlidir. Çünki çox zaman bu avtobuslarda özbaşınalıq olur, sürücü siqaret çəkir, musiqiyə qulaq asır. Kamera olanda sürücü də, sərnişn də məsuliyyətli olur. Eyni zamanda, kamera quraşdırılarsa, sərnişinlərlə sürücü arasında baş verən mübahisələrə sonradan baxıb, bununla bağlı müəyyən inzitam tədbirləri görülə bilər".

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Yeni Müsavat”a açıqlamasında pandemiya dövründə tez-tez sürücülərin fiziki təzyiqə məruz qaldığını bildirib: “Buna qədər bir neçə dəfə də belə hallar baş vermişdi. Təkcə avtobus sürücülərinə qarşı zorakılıq hərəkətləri olmayıb, eyni zamanda BNA tərəfindən ödənişli ictimai əsaslarla işə cəlb olunmuş nəzarətçilər var. Hansı ki əksəriyyəti gənclərdən ibarətdir. Təəssüflər olsun ki, onlara qarşı da sərnişinlər tərəfindən bu cür hərəkətlərə yol verilir. Hər bir hərəkəti qınayırıq, təəssüflə qarşılayırıq. Bu günədək belə hallar baş verəndə müvafiq qurumlara müraciət etmişik və həmin sərnişinlərə qarşı zəruri tədbirlər görülüb. Bəzi hallarda sərnişinlərlə çalşırdıq ki, profilaktik söhbətlər aparaq. Onlara izah etməyə çalışırdıq ki, bu cür hərəkətlər yolverilməz haldır. Amma baxdıq ki, görülən tədbirlər yetərli deyil, baş verən son hadisə artıq pik həddə çatdı. Bunun ictimailəşdirilməsi qərarına gəldik. Burda da əsas məqsədimiz bu cür hadisələrin təkrarlanmasının qarşısını almaq, ictimai qınağın imkanlarından istifadə etmək, ictimaiyyətin diqqətini bu cür məsələlərə yönəltməkdir”.
“Bütün avtobuslarda kabinələr olmalıdır”
M.Ağayev deyib ki, hər bir avtobusda sürücü ilə sərnişin arasında təması aradan qaldıran xüsusi sürücü kabinləri olmalıdır: “Bu gün BNA tərəfindən alınıb gətirilən avtobusların-”Bakubus"ların hər birində sürücü kabinələri var. Digər avtobuslarda isə hələ ki kabinələr yoxdur. Bununla bağlı daşıyıcılara hər zaman göstəriş verilib. Düzdür, pandemiya ilə əlaqədar olaraq şəffaf arakəsmələr quraşdırılıb. Ümumilikdə, hər bir avtobusda kabinələr olmalıdır və sürücü-sərnişin münasibətlərində nağdsız ödənişə keçid də ən vacib məsələlərdəndir. Kartla ödəniş olanda artıq burda da ünsiyyətə, təmasa ehtiyac qalmır. Onu da qeyd edim ki, mütəmadi olaraq keçirdiyimiz görüş zamanı sürücülərlə müxtəlif təlimatlanıdırıcı söhbətlər aparılır. Onlara sərnişin-sürücü münasibətlərinin qorunması, baş verə biləcək hər hansı bir xoşagəlməz hallar zamanı necə davranış göstərmələri müzakirə edilib. Eyni zamanda, sərnişinlərlə ünsiyyətdə olarkən etik-davranış qaydalarına əməl etmələri ilə bağlı təlimatlar verilib".
