|
85 illiyini qeyd edən Fikrət Qoca:

Ötən gün Xalq şairi Fikrət Qocanın 85 yaşı tamam oldu. Koronavirus pandemiyası ucbatından Xalq şairinin budəfəki yubileyi təmtəraqlı qeyd edilmədi. Bununla belə bəzi mədəniyyət müəssisələrində Fikrət Qocanın 85 illiyinə həsr olunan videoçarxlar hazırlanıb, onlayn sərgilər, onlayn görüşlər təşkil olunub.

Bəs Xalq şairinin özü 85 illik yubileyini necə qeyd etdi?

Xatırladaq ki, iki gün öncə ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə Fikrət Qoca Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif edilib. Musavat.com-un əməkdaşı bu və digər məsələlər ilə bağlı Xalq şairi Fikrət Qoca ilə söhbətləşib, fikirlərini öyrənməyə çalışıb.

Fikrət Qoca ilə müsahibəni təqdim edirik:

- Dünənki yubileyinizi necə qeyd etdiniz?

-Həyat yoldaşım ilə keçirdik. Bir də nəvəm gəlmişdi, onunla söhbət etdik. Mehriban xanım Əliyeva da dünən məni təbrik etdi.

- Mehriban xanım da zəng etmişdi?

- Yox, təbrik məktubu göndərmişdi. Bunun özü mənim üçün çox böyük hədiyyə oldu. Bildiyiniz kimi “İstiqlal” ordeni ilə təltif olunmağımı da ilk olaraq prezident İlham Əliyev özü mənə zəng edib dedi, təbriklərini çatdırdı.

- Oldumu ki, kimdənsə zəng, təbrik gözlədiyiniz halda həmin adam sizi yada salmadı?

- Qızım, mən həyatım boyu heç kəsdən heç nə gözləməmişəm, ummamışam. Başqaları üçün kiməsə xahiş edə bilərəm, amma özüm üçün heç nə istəməmişəm. Şükür ki, hər şey yaxşıdır. Biləndə ki, ətrafındakılar, ölkədəkilər yaxşı yaşayır, bundan gözəl nə ola bilər?

- Bir il öncə doğum günü münasibəti ilə söhbətləşərkən, belə bir söz dediniz: “Elə bilirəm ki, bir az da yaşasam, öləndə ağlayanım olmayacaq. İnsan nə qədər yaşayar?” Dünən yubileyinizi qeyd edəndə yenə də bu cür düşündünüzmü?

- Ola bilsin ki, bu sözləri nə üçünsə demişəm. Amma insan heç vaxt həyatdan bezmir, hətta ölüm ayağında belə. Həyatdan bezmək doğru deyil. Doğulandan bilirik ki, bu həyatda ölüm var. İnsan nə qədər çox yaşayırsa, bir o qədər çox bilir, görür. Hər an insan öyrənir, görmədiyini görməyə başlayır...
Dünən 85 yaşım tamam oldu. Amma bəzi şeylər var ki, indi də onları bilmirəm.

- 85 yaşınızı adi ad günü kimi qarşıladınız, ya sizin üçün bir özəlliyi oldu?

- Mənim üçün adi bir ad günü idi, digərlərindən heç nə ilə fərqlənmirdi. Yəni, bu günə qədər olan ad günlərimin hamısı mənimdir. Hətta ən pis, ən yaxşı günlərimin hamısı mənim üçün əzizdir, çünki bir daha qeyd edirəm ki, onların hamısı mənimdir. Əgər pis günümdürsə, onu da mən qazanmışam, heç kəs mənim üçün qazanmayıb. Gərək hamısını sevəsən, mən belə düşünürəm.

- Ötən il Yazıçılar Birliyinin 85 illiyi oldu. Yəni sizinlə AYB-nin arasında yalnız 1 il fərqi var. Qurumun yubileyi ilə əlaqədar olaraq siz “Anam birliyim mənim” şeirini yazmışdız. Bəs sizin yubileyinizə kimsə şeir həsr etdimi?

- Mənə çoxlu sayda insan şeirlər həsr edib, haqqımda yazılar yazıblar. Yəni, bunun ilə aidiyyəti yoxdur ki.
AYB-yə həsr etdiyim “Anam birliyim mənim” şeirimə gəldikdə isə, qurum yarandığı ilk dövrlərdə çoxlu sayda şair və yazıçılar sürgün olunub, güllələnib. Şeirimdə bunu qeyd etmişəm. Yəni bildirmişəm ki, AYB-nin ömrü budur, bu cür çətinliklərdən keçib, gəlib.

- Bundan əvvəl “Şərəf”, “Şöhrət” ordenlərinə layiq görülmüşdüz. İki gün öncə təltif olunduğunuz “İstiqlal” ordeninin sizin üçün hansı özəlliyi var?

- Mənim üçün əsas olan bu ordenin verilməsi idi. Bu o deməkdir ki, unudulmamışam. Yaşadığımız bu cür qarmaqarışıq dövrdə, gərgin şəraitdə əgər mən yada düşmüşəmsə, bu mənim üçün böyük mükafat, böyük dəyərdir. Bu dəyər üçün prezidentə necə minnətdarlığımı bildirəcəyimi bilmirəm. Hər kəsə məlumdur ki, prezidentimiz hazırda çox böyük gərginliklə işləyir, dörd bir yandan dövlətimizə təzyiqlər var, pandemiya da bir tərəfdən. Üstəlik bu qədər işin arasında yada düşməyim, bu, çox böyük işdir”.