|
Ramiz Mehdiyevə gül göndərən müxbir yazdı: "Onun qələmini qırdıq və ...yazdıq"

"Aslan müəllim! Sözügedən məsələylə bağlı yazdığınız doğru deyil! Mən 2005-2007- ci illərdə "Yeni Müsavat" qəzetində çalışmışam. Jurnalist həmkarlarım Sevinc Telmanqızı, Səbuhi Məmmədli və digərləri ilə birgə "Günvurma" "Nəzir qutusu", "Quş qripi" və sairə adlı olduqca maraqlı projelər işləmişik. Bunlar qəzetin arxivində var".

Musavat.com xəbər verir ki, bu sözləri tanınmış Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu hüquqşünas Aslan İsmayılova xitabən yazıb və onun səhifəsində paylaşıb. Məlum olduğu kimi, Aslan İsmayılov özünün Facebook səhifəsində "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğluna böhtan atıb. Sitat: "Bircə faktı diqqətinizə çatdırım. Rauf Arifoğlu R.Mehdiyevin ad gününə xüsusi gül dəstəsi düzəldib göndərər və hədiyyəsinin qəbul olunmasını ətrafına fəxrlə danışardı. Məhz onun tapşırığı ilə R.Arifoğluna hər ay paket göndərənlər bu gün də həmin işlərini davam etdirirlər"...

Rauf Arifoğlu Aslan İsmayılova cavab verib və onu yalan məlumat yaymaqda suçlayıb. Eyni zamanda, bir media layihəsi haqda yazaraq, jurnalist Rey Kərimoğlunu və Sevinc Telmanqızını bu barədə danışmağa dəvət edib. Rey Kərimoğlu da yuxarıdakı müraciətlə başlayan bir yazı yazıb.

Musavat.com gerçəkləri əks etdirən həmin yazını təqdim edir: "Aslan müəllim! Sözügedən məsələylə bağlı yazdığınız doğru deyil! Mən 2005-2007- ci illərdə "Yeni Müsavat" qəzetində çalışmışam. Jurnalist həmkarlarım Sevinc Telmanqızı, Səbuhi Məmmədli və digərləri ilə birgə "Günvurma" "Nəzir qutusu", "Quş qripi" və sairə adlı olduqca maraqlı projelər işləmişik. Bunlar qəzetin arxivində var. Onlardan biri də Ramiz Mehdiyevin ad günü ərəfəsində oldu. Mən, Sevinc və digər həmkarlarımızla birgə Mehdiyevin ad günü ilə bağlı bir proje düşünürdük. Amma, bu ideya Rauf Arifoğlunun olmayıb. Biz düşündük. Qərara gəldik ki, ad günü bəhanısi ilə Mehdiyevdən müsahibə istəyək, verməsə "qələmini qıraq". Həmin ərəfədə Türkiyənin "Kurtlar vadisi" dizisi yayımlanırdı. Orada mafiya başçısı Karahanlı kimisə sıradan çıxarmaq qərarı verəndə əlindəki qələmi nümayişkaranə şəkildə qırırdı. Biz də düşündük ki, Mehdiyev müsahibə verməyəcək, jurnalistlər də onun qələmini qıracaq. "Bolluq" bazarının yanından qələm və qələmqabı aldıq, saxladıq. Sonra taksi ilə getdik Prezident Apatatəna. Dedik, birdən qəbul edər, müsahibə verər və hər ehtimala qarşı bir dəstə də gül aldıq. Aparatda aşağıda elə qəbula gələnlərin yanında bizi onun şöbəsindən bir nəfər ayaq üstü qəbul elədi. Əlimizdə gülü görüb aldı. Təşəkkür elədi, amma Mehdiyevin müsahibə verə bilməyəcəyini söylədi. Sevinc fürsətdən istifadə edib qəbula gələnlərin problemlərini dinlədi və sonra yazıda istifadə elədik. Geri qayıdıb redaksiyada aldığımız qələmi qırdıq və şəklini də çəkdik. Proje belə oldu: "Jurnalistlər Ramiz Mehdiyevin qələmini qırdı". Qəzetin arxivində bu yazı var. Məsələ belə olub və Rauf Arifoğlu bundan sonra xəbər tutub. Problem onda oldu ki, axşam redaktorlardan biri yazının girişində ironiya ilə yazdığımız fikirləri ciddi bilib çıxarmışdı və yazının təqdimatı başqa cür alınmıışdı. Məsələ belə olub, vallah! Sonradan siyasi rəqibləri bunu Müsavat partiyasına və şəxsən Rauf Arifoğluna qarşı istifadə etmək üçün məsələni təhrif elədilər, özlərinə lazım olan şəkildə yaydılar. Həqiqət isə mən deyən kimi olub!"