|
Avqustda qar yağdı, bazarlar “od tutub yandı”

Bir neçə gün öncə ölkə ərazisində müşahidə olunan kəskin hava şəraiti, xüsusilə də bəzi rayonlara qar yağması bir çox sahələrə təsirsiz ötüşməyib. Bəzi mütəxəssislər bunun kənd təsərrüfatına elə də böyük təsir göstərmədiyini bildirsələr də, fermerlər kənd təsərrüfatı məhsullarına zərər dəydiyini deyirlər. Bəs görəsən, havaların qəfil dəyişməsi bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətinə təsir edibmi?

“Yeni Müsavat” bunu aydınlaşdırmaq üçün “8-ci kilometr” bazarında qiymətlərlə maraqlanıb. 

“Qiymətlər od tutub yanır”

Pandemiya dövrü olmasına baxmayaraq bazara ilk daxil olduğumuzda insan izdihamı ilə üzləşdik. Geyim üçün alış-verişə çıxan kim, təsərrüfat malları almaq üçün yolunu burdan salan kim, əksər insanlar isə meyvə-tərəvəz almaq üçün bazara axışıb. İlk nəzərimizi cəlb edən isə satıcı ilə qiymət üstündə höcətləşən alıcı oldu. Yaxınlaşıb maraqlandıqda  paytaxt sakini Narıngül Salamova qiymətlərin baha olmasından narazılığını bildirdi: “İki-üç gün əvvəl meyvələr ”su" qiymətinə idi. Hələ avqust çıxmayıb, bu nə bahalıqdır, bazar od tutub yanır. Hələ mürəbbə bişirməmişəm. Bu qış nə yeyəcəyik, heç bilmirəm. Xiyarın da, pomidorun da qiyməti qalxıb".

Bizimlə söhbətdə meyvə-tərəvəz satıcısı Əli Rzayev qiymətlərin qalxmasını havaların kəskin dəyişməsi ilə əlaqələndirdi: “Bu üzümləri Xaçmazdan gətirmişik, əvvəl 80 qəpiyə satırdıq, hava dəyişəndən sonra qiyməti 1 manat 30 qəpiyə qədər qalxıb. Biz özümüz də baha alırıq, fermerlər deyirlər ki, yağışa, qara görə çoxlu məhsul xarab olub. Ona görə baha satmağa məcburdular”.

Piştaxta arxasından boylanan digər satıcı Səidə Əliyeva da söhbətə qoşuldu: “Baxın, qiymətlər çox dəyişib. Xiyarın 1 kiloqramı 30 qəpik idi, indi 1 manata qədər bahalaşıb. Əvvəl badımcanı 20-25 qəpiyə satırdıqsa, indi 50 qəpik olub”.

Nazim adlı satıcı isə dedi ki, havanın pisləşməsi əsasən lobyanın qiymətinə təsir edib: “Lobyanın topdan satış qiyməti 1 man 20 qəpik idisə, indi 1 manat 60 qəpikdir. 1 kiloqram lobya isə əvvəl 1 man 50 qəpik idi, indi 2 manat olub. Kələm də 30 qəpik idi, indi 50 qəpiyə qalxıb, yumru badımcanı 40 qəpiyə satırdıq, indi 50 qəpikdən satırıq”.

“Bazarda ən dadlı pomidorlar...”

Bazarda digər piştaxtalara da nəzər yetirirdik ki, gözümüz xar tuta sataşdı. Yaxınlaşıb satıcıdan qiyməti soruşduqda, “hamısnı 8 manatdan satmışam, sənə 7 manata verərəm, bir qutu qalıb, götür” - dedi. Amma az keçmədi, qəzetdən olduğumuzu öyrənən kimi, “yox, xar tut 5 manatadır” - söylədi. Bazarda digər qiymətlərlə də maraqlandıq.

“Bu bazarda ən dadlı pomidorlar məndədi, qızım, al apar” - deyə səslənən Minəvər adlı satıcı da tərəvəzlərin qiymətindəki artımdan şikayətləndi: “Hələ bu gün qiymətlər yaxşıdı. Dünən bundan da baha idi. Pomidorun bir yeşiyi soyuqlar düşməmişdən qabaq 10 manat idi, indi 14 manat olub. Xiyarın 1 kilosunu 30 qəpiyə satırdıq, indi 70 qəpiyə olub. Bibərlər də əvvəl 50 qəpik idi, indi 70 qəpikdir. Biz də istəyərdik ucuz sataq, amma rayonlarda qarın yağması məhsullara ziyan vurub, ona görə baha alırıq”.

“Fermerlər işini elə qurmalıdır ki...”

Göründüyü kimi, bazardakı qiymətlərdən ümumi nəticəyə gəlirik ki, qarlı, yağışlı hava şəraiti fermerlərin işinə, həm də kənd təsərrüfatı mallarının məhsuldarlığına maneçilik törədib. Bəs, bu cür kəskin hava olduğu zaman nə kimi qabaqlayıcı tədbirlər görülməlidir? 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, biologiya elmləri doktoru Rauf Sultanov “Yeni Müsavat”a problemin çıxış yollarından danışıb. O bildirib ki, Azərbaycanda kənd təsərrüfatı ilə bağlı böyük layihələr həyata keçirilməlidir: “Bilirsiniz, taxıl yetişdirənlər həmişə arzu edir ki, taxılı biçəndə yağış yağmasın, məhsulları ziyana getməsin. Amma həmin vaxt istilər düşdüyü üçün, heyvanların qidalanması üçün örüşlərdə ot olmur. Yəni bir tərəfdən biz yağışı arzulayırıq, digər tərəfdən də taxılın, kənd təsərrüfatı məhsullarının yığılması üçün yağışı istəmirik. Kənd təsərrüfatı Azərbaycanda elə inkişaf etdirilməlidir ki, yalnız bir sahədən ibarət olmasın, digər sahələrdən də istifadə olunsun. Yəni fermer özü öz təsərrüfatında 4-5 əkin sahəsindən istifadə etməlidir ki, yağış olmayanda başqa bitkilərdən istifadə edə və məhsul götürə bilsin. Fermerlər öz işlərini planlı şəkildə qurmalıdır. Əlbəttə, normadan artıq yağışın, qarın yağması təbiətin şıltaqlıqlarıdır, bir qanunauyğunluqdur. Bunun üçün respublika miqyasında, xüsusilə kənd təsərrüfatının özündə müəyyən riskləri aradan qaldırmaq üçün layihələr həyata keçirilməlidir. ABŞ-da, digər inkişaf etmiş ölkələrdə bu sahədə qiymətləndirilmə aparılır. Bu istiqamətdə işlər görülür. Bizdə də həmin təcrübələrdən istifadə olunmalıdır”. 

“Bütün çaylar üzərində su anbarları, su gölləri yaratmalıyıq ki...”

R.Sultanov onu da əlavə edib ki, yağışın, qarın çox yağmasından faydalanmaq lazımdır: “Yağışların çox yağması göstərir ki, təbiətin bizə bəxş etdiyi nemətdən düzgün istifadə edə bilmirik. Yağışlar çox yağan zaman o suları su anbarlarında, müəyyən göllərdə toplayıb onlardan istifadə etmək olar. Yəni təbiətin bugünkü şıltaqlığından heç də qorxmaq lazım deyil. Təbiətin bu şıltaqlığından biz məharətlə istifadə etməliyik. Bütün çaylar üzərində su anbarları, su gölləri yaratmalıyıq ki, havalar isti olduqda suya olan tələbatı ödəyə bilək. Azərbaycanın suya olan tələbatının 2/3 hissəsi trans-sərhəd ölkələrin hesabına əmələ gəlir. Əgər o ölkələr bundan sui-istifadə etsələr, onda belə çıxır ki, Azərbaycanda böyük problemlər yaranacaq. Bunun üçün Azərbaycanda dövlət səviyyəsində işlər aparılmalıdır ki, yağış sularından da istifadə olunsun. Yəni çayların daşmasının qarşısını almaq üçün müəyyən tədbirlər görmək lazımdır. Sular su anbarında toplanmalıdır ki, onlar təbiətə böyük fəsadlar verməsin. Və biz həmin sulardan daha səmərəli istifadə edə bilək”.