|
Pompeonun Yaxın Şərq turnesi: regionda nələr dəyişəcək

ABŞ dövlət katibi İsrail-BƏƏ əlaqələri qurulmasından dərhal sonra iki ölkəyə, habelə Sudan və Bəhreynə yola düşüb; ekspertlər deyirlər ki, Trampın niyyəti...

ABŞ dövlət katibi Mayk Pompeonun uzun bir siyasi turnesi başlayıb. Pompeo 23-28 avqust tarixlərində İsrail, Sudan, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.

“Yeni Müsavat” xəbər verir ki, dövlət katibi artıq İsraildə səfərdə olub. Pompeonun səfər zamanı İsrail Baş naziri Benyamin Netanyahu ilə BƏƏ-İsrail münasibətlərini, eləcə də İran təhdidini müzakirə etdiyi bildirilib.

ABŞ Dövlət Departamenti bəyanatında qeyd edib ki, İsrailin regionun digər ölkələri ilə münasibətlər qurması və əlaqələri dərinləşdirməsi, habelə ABŞ və İsrail iqtisadiyyatının zərərli investorlardan qorunması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Pompeo Sudanda Baş nazir Abdulla Hamduk və Suveren Şuranın sədri general Abdel Fattah Əl Burhan ilə görüşərək, ABŞ-ın mülki rəhbərlik tərəfindən idarə olunan keçid hökumətinə dəstəyini müzakirə edəcək.

Bundan sonra ABŞ-ın baş diplomatı Manamaya səfər edərək, Bəhreyndə vəliəhd şahzadə Salman ibn Hamad Əl-Xəlifə ilə görüş keçirəcək.

Ərəb turu əsl oyunu ortaya çıxardı: Trampın Türkiyəni təhdid ...

Pompeonun Yaxın Şərqdə turunun son dayanacağı olan Birləşmiş Ərəb Əmirliklərində xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl-Nahyan ilə görüşdə İsraillə əlaqələrin qurulmasına dair tarixi sazişi, regional problemləri müzakirə edəcək.

“ABŞ-ın İsrail, Sudan və Körfəz ölkələrində sülh, təhlükəsizlik və sabitliyə dair öhdəliyi heç vaxt prezident Trampın rəhbərliyi altında olduğu qədər güclü olmayıb”, - deyə Departamentin bəyanatında bildirilir.

Siyasi şərhçilərin ehtimalına görə, ABŞ dövlət katibinin səfəri regionda bir sıra siyasi-iqtisadi proseslərə öz təsirini göstərməyə bilməz.

Liviyada nə baş verir: "sərkərdə" Xaftarın sərgüzəştləri

Analitik Əhəd Məmmədlinin “Yeni Müsavat”a dediyinə görə, bu səfər İrana yox, daha çox Türkiyəyə qarşı yönəlikdir. Ekspert hesab edir ki, Türkiyə Qətər, Oman, Sudan, Somali, ümumən Yaxın Şərq və Şimali Afrikada möhkəmlənib.

“Pompeo Tramp administrasiyasında həmişə Ankaranın əleyhinə çıxışları ilə seçilən siyasətçi olub. Ona görə səfər Türkiyənin bölgədə artan iddialarına yönəlikdir.

Ümumiyyətlə, Amerikanın Yaxın Şərqdəki planı istənilən səviyyədə getmir. Ola bilsin ki, Pompeonun səfəri bu səbəbdən təyin edilib.

Çünki Səudiyyə Ərəbistanı da İsrail-BƏƏ əlaqələrinə qarşı çıxdı. Bu mənada ABŞ və İsrailin Yaxın Şərq planları arzuladığı kimi getmir".

Ə.Məmmədlinin fikrincə, prosesin Türkiyəyə qarşı olduğunu daha əvvəl də Birləşmiş Ərəb Əmirliyinin qaz qarşıdurmasına görə Cənubi Kiprə F16-ları göndərməsi faktı təsdiqləyir.

O, hesab edir ki, amerikalı dövlət xadimlərinin Yaxın Şərqə səfərləri müsəlmanlara heç bir yaxşı perspektiv vəd etməyib.

Siyasi şərhçi Elxan Şahinoğlu isə düşünür ki, Tramp BƏƏ-nin İsraillə diplomatik əlaqə qurmasını zəfəri kimi qiymətləndirir:

“Amerikada pezident seçkilərinə az müddət qalıb və Tramp reytinqini gücləndirmək üçün xarici siyasətdə belə həmlə apardı.

Əslində Trampın kürəkəni illərdir Yaxın Şərqdə sülh prosesi ilə məşğuldur, İsrail-BƏƏ təmaslarını da o təşkil etmişdi.

İndi bu hadisə uğur kimi qiymətləndirilir və Tramp qələbəni gücləndirmək üçün dövlət katibini Yaxın Şərqin bəzi ölkələrinə göndərib", - deyə ekspert bidirdi.

Politoloq hesab edir ki, Tramp və Pompeo tələsirlər: “Onlar BƏƏ-nin ardınca bir neçə ərəb ölkəsinin də İsraillə diplomatik əlaqələr qurmasını istəyirlər. Səudiyyə Ərəbistanı hələ ki, belə planı olmadığını açıqlayıb, amma Küveyt, Qətər kimi ölkələr var.

Bunun əvəzində Amerika İsraili inandırıb ki, İordan çayının Şərq sahilinin işğalını rəsmiləşdirməyini dayandırsın.

İsrail hələ ki razılaşıb və Tel-Əviv də Trampın xarici siyasətdə mövqelərinin möhkəmlənməsini arzulayır. Çünki o, İsrailin istədiyi ABŞ prezidentidir.

Əgər seçkidə Bayden qalib gəlsə, Obama siyasətini davam etdirə bilər. Necə ki, Obama prezident olduğu 8 ildə İsrailinin istəklərinin heç də hamısını yerinə yetirmədi.

Hətta yadımdadır, Obama Netanyahunu dəvət etməmişdi, ancaq İsrailin Baş naziri Vaşinqtona gələrək konqresdə çıxış etdi.

Bayden Obamanın kursunu  davam etdirə bilər və bu da İsrailin maraqlarına cavab vermir. Pompeonun regiona səfəri məhz belə mahiyyət daşıyır".