|
Fiziki şəxslərin xaricdən gətirdiyi məhsulun həcmi 3 dəfə azaldıldı - səbəb...

NK-nın yeni qərarına tənqidi yanaşmalara DGK-dan cavab

Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli fiziki şəxslər tərəfindən malların gömrük sərhədindən keçirilməsi qaydalarına dəyişikliklər edilib. Dəyişiklərə görə, əgər bundan əvvəl fiziki şəxslər rüsum ödəmədən ölkənin gömrük ərazisinə ayda bir dəfə ümumi gömrük dəyəri 1500 ABŞ dollarından (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dollarından) artıq olmayan mal gətirə bilirdilərsə, bundan sonra rüsumsuz gətirilə biləcək malın ümumi dəyəri təxminən ikiqat azaldılaraq 800 ABŞ dollar ekvivalentinə bərabər edilib. Həmçinin, əgər bundan əvvəl beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində rüsum tutulmayan malların ümumi dəyəri 1000 ABŞ dolları idi isə, bundan sonra həmin hədd üç dəfədən də çox azaldılaraq 300 ABŞ dolları ekvivalentinə bərabər edilib. Yeni dəyişikliklər bu il sentyabrın 19-dan qüvvəyə minəcək.

Azərbaycanda internetin perspektivləri (Osman Gündüz) - ARB 24 ...

Qərarı Azərbaycan İnternet Forumunu prezidenti Osman Gündüz tənqid edib. O bildirib ki, Nazirlər Kabinetinin yeni qərarından sonra yeni müəyyən olunan limitdən, yəni 300 dollardan yuxarı məbləğə hansısa bir mal, məsələn, xaricdən mobil telefon alan hər bir sadə vətəndaş əlavə olaraq aşağıdakı ödənişləri də etməlidir: “Vətəndaş tutaq ki, təxminən 600 - 1000 manat ətrafında mobil telefonu internet mağazadan alıb ölkəyə karqo və ya poçtla gətirmək istəyir.

Onda vətəndaş aşağıdakı qaydada əlavə ödənişlər etməlidir: Əlavə olaraq 70 manat dövlət qeydiyyat rüsumu ödəməlidir ( imei.az) və həmin ödəniş bir neçə quruma yönləndirilir. 1 manat Prezident Administrasiyasına, 20 manat NRYTN hesabına, 49 manat dövlət büdcəsinə.

Sonuncu qərarla, əlavə olaraq 72 manat gömrük rüsumu da ödənilməlidir. Çünki yeni qərarla 300 dollar, təxminən 500 manat rüsumsuz limit müəyyən olub. Telefon 700 manat olarsa, limitdən kənarda qalan 200 manat vəsaitdən 36 faiz gömrük rüsumu tutulacaq ki, bu da 72 manat edir.

Beləliklə, vətəndaş 700 manatlıq telefonu xarici internet mağazadan alıb poçtla gətirmək istəyirsə əlavə olaraq 142 manat ödəniş etməlidir".

Rəşad Həsənov: “Ciddi daxili islahatlara gediləcəyinə ümid edirəm”

“Yeni Müsavat”a açıqlamasında yeni qərarı şərh edən iqtisadçı ekspert Rəşad Həsənov vurğuladı ki, əsas hədəflərdən biri gömrük gəlirlərinin azalmasına yol verməməkdir: “Hökumət daha çox daxildə onlayn ticarətin inkişafında meyllidir, nəinki xarici şirkətlərlə, istehsalçılarla Azərbaycan vətəndaşlarının onlayn ticarət həyata keçirməsi və xarici platformalar üzərindən bu proseslərin, getməsi və valyutanın xaricə axmasında. Məhz bu səbəbdən 2017-ci ildə Vergi Məcəlləsinə də dəyişiklik edilərkən hökumət xarici rezidentlərə köçürmələr zamanı ƏDV-nin tətbiq edilməsi mexanizmi formalaşdı , beləliklə insanlar onlayn ticarət həyata keçirərkən, xaricdən alış-veriş edərkən köçürmələr həyata keçirdikdə, 18 faiz ƏDV tutulur. Burada əsas məqsəd fərqli istiqamətlərdir. Hökumət burada məsələni onlayn ticarət aspektindən qiymətləndirmir.  İndiki halda birinci məqsəd fiskal gəlirlərin bazasının genişləndirilməsidir. Təəssüf ki, Azərbaycana gömrük institutu fiskal gəlir mənbəyi kimi götürülür. Dünyanın əksər ölkələrində isə gömrük institutu nəzarət mexanizmi hesab olunur, fiskal gəlirlər üçün əhəmiyyətli bir istiqamət hesab olunmur. Azərbaycanda isə dövlət büdcəsi gəlirlərinin hər 5 manatından 1-i məhz gömrük gəlirləri hesabına formalaşır. İndiki halda pandemiya digər sahələrlə yanaşı gömrük orqanları tərəfindən toplanıb büdcəyə ödənilən vəsaitlərin həcminə də neqativ təsir göstərməkdədir və bunun növbəti aylarda daha da artacağı proqnozlaşdırılır. Böyük ehtimalla  hökumətin əsas hədəflərindən biri məhz bu istiqamətlərdə proqnozlaşdırılan risklərin müəyyən qədər kompensasiya edilməsi  məsələsidir”.

Ekspert vurğuladı ki, ikinci əsas məsələ ölkədən vəsait axınının qarşısının alınması olsa da, bu yenilik ciddi bir nəticə verməyəcək: “Çünki hər hansı bir məhsul növünü özünüz istehsal etmirsizsə, bu tələb hansısa formada ödənilməlidir. Bu məhsulu ölkəyə şirkət gətirdi və ya vətəndaş özü fərdi şəkildə gətirdi, fərqi yoxdur. Ola bilər ki, qısamüddətli dövrdə vətəndaşların fərdi təşəbbüslərinin azalması müəyyən manevr imkanı yaratsın, ancaq orta və uzunmüddətli dövrdə bu işləməyəcək. Çünki tələb hansısa formada ödəniləcək. Siz əgər noutbuk, telefon, videokamera istehsal etmirsinizsə, həmin tələb dolayısı ilə yenə də xaricə valyuta axınını formalaşdıracaq”.

R.Həsənovun sözlərinə görə, fərdi müraciətlərin azalması həm də gömrük xidməti orqanlarının işini də yüngülləşdirəcək: “Başqa bir məqam isə gömrük xidməti orqanlarının fəaliyyətində gecikmələrlə bağlıdır. Gömrük orqanları da əsasən bunu tələbin çox olması, fərdi müraciətlərin sayının çox olması ilə izah edirdi. Burada hansısa formada bu tələbin süni şəkildə qarşısının alınması yanaşması ortaya qoyulmuşdu. Karqolar vasitəsilə ölkəyə gətirilən məhsullarla bağlı tənzimləməni nəzərdə tutan qaydaya dəyişiklik də nəzərə alınıb. Əvvəlki qaydalarda qeyd olunurdu ki, 30 gün müddətində 1000 ABŞ dollarına qədər rüsum  ödəmədən gətirmək olar. Yeni qaydalarda isə qeyd olunur ki, hər təqvim ayında bir dəfə olmaq şərtilə 300 dollarlıq məhsul gətirmək olar. Əvvəl bir neçə məhsulu ay ərzində ölkəyə bir neçə dəfə gətirmək mümkün idi. Ay ərzində ümumi məbləğ 1000 ABŞ dollarını keçdikdən sonra rüsum ödəyicisi hesab olunurdunuz. Yeni  qaydalarla bir dəfə 100 dollar dəyərində məhsul gətirsəniz güzəşt məbləğinizi və həmin ay üçün nəzərdə tutulan güzəşt statusunuzu itirmiş olacaqsınız.  300 dolları bölüb bir neçə dəfə məhsul gətirə bilməzsiniz. Yeni qərar fiziki şəxslərin xaricdən məhsul sifariş edib ölkəyə gətirməsini məhdudlaşdıracaq. Fiziki şəxslərin gömrüklə gətirdiyi halda 2 dəfə, karqo şirkətləri vasitəsilə gətirdiyi halda 3 dəfədən artıq həcm kiçildilib. Məhsullara çıxış imkanları azaldıqca, yerli idxalçı şirkətlərin manevr imkanları və bazarda inhisar qiymətlərinin formalaşması riski artacaq. Azərbaycan bazarı liberal bazar deyil, bunu hər kəs bilir. İdxal məhsulları ilə bağlı bu inhisar daha çox özünü göstərir. Artıq xaricdən təmin edilə bilməyən tələbin daxili bazara yönəldilməsi, son nəticədə yerli şirkətlərin qiymət siyasətinə təsir göstərir. Yerli şirkətlər daha rahat qiymət siyasəti həyata keçirə biləcəklər. Buna təsir edəcək faktorlardan biri tələbin artmasıdır və şirkətlərə qiymətlərin artması üçün əsas yaradır, idxal inflyasiyasını formalaşdırır. Bu problemin dərinliyi daha çox brend mallarda hiss olunur”.

İqtisadçı hesab edir ki, qonşu ölkələrdən idxal hesabına xırda ticarət quran sərhəd rayonlarının əhalisinə də bu qərar neqativ təsirini göstərəcək: “Sərhəd bölgələrində yaşayan əhalinin gəlirlərinin əsas hissəsini qonşu ölkələrdə xırda ticarət təşkil edir. Bu ailələrin büdcələri artıq 7 aydır pandemiya səbəbindən ciddi risk altındadır, maliyyə itkisi ilə üzləşiblər. Sentyabr ayından yeni qaydaların tətbiq edilməsi post-pandemiya dövründə də həmin ailələrin ümidlərini qırmış olur. Artıq onların dövriyyəsinin 2 dəfə azalmasından söhbət gedəcək. Bu da həmin xırda ticarətdən əldə olunan gəlirlərin 2 dəfə azalmasına gətirib çıxaracaq. Bu qərarın sosial fəsadları da olacaq ki, onu əvvəlcədən görmək lazımdır”.

DGK-da işləmək istəyənlərin nəzərinə! - İki sahil

Məsələ ilə bağlı DGK da açıqlama yayıb. “Bu qərar ölkənin bəzi kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə yanlış şərh edilərək ictimaiyyət arasında müəyyən anlaşılmazlıqlara səbəb olub” - deyə açıqlamada vurğulanır: “Qeyd edək ki, Azərbaycan Respublikasının daxili və xarici siyasətinin tərkib hissəsi olan vahid gömrük siyasətinin əsas məqsədi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının iqtisadi mənafeyinin və təhlükəsizliyinin, daxili bazarının qorunmasında, dövlətin iqtisadi siyasətindən irəli gələn digər vəzifələrin yerinə yetirilməsində iştirak etməkdən ibarətdir.

Aparılmış iqtisadi təhlilin nəticəsi olaraq müəyyən edilib ki, son illər fiziki şəxslərin özləri tərəfindən, gömrük ərazisinə gətirilən malların ayrı-ayrı kənar şəxslərin adına rəsmiləşdirilərək Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində keçirilməsinə cəhd göstərilməklə həmin mallar üçün qanunvericilikdə nəzərdə tutulmuş gömrük ödənişlərindən yayınma, həmçinin qeyd olunan malların qaçaqmalçılığı halları artıb.

Bununla yanaşı, müəyyən edilmiş hədlər və miqdar daxilində idxal olunan malların gömrük ödənişlərindən azad olunması daxili bazarda həmin malların dövriyyəsinin artması ilə yanaşı, ölkə üzrə illik idxal dövriyyəsinin azalmasına, bəzi hallarda analoji malları rəsmi qaydada idxal edənlərin müflisləşməsinə səbəb olurdu.

Bundan əlavə fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində gömrük ərazisinə güzəştli qaydada gətirilmiş mobil telefon və digər simsiz rabitə avadanlıqlarının ticarət şəbəkələrinə yönəldilməsi hallarının çoxalması və nəticədə gömrük ödənişlərindən yayınmaqla qeyri-qanuni ticarətə meyllərin artması, həmçinin mobil telefonlarının daimi olaraq qaçaqmal şəkilində ölkə ərazisinə gətirilməsi cəhdlərinin tam aradan qaldırılması məqsədilə müvafiq qabaqlayıcı tədbirlərin görülməsi zərurəti yaranmışdı.

Beynəlxalq təcrübə olaraq, məsələn Türkiyə Respublikasının qanunvericiliyinə əsasən qeyri-kommersiya məqsədləri üçün eyni fiziki şəxs tərəfindən 2 (iki) təqvim ilində yalnız 1 (bir) ədəd telefon aparatları, mobil və ya başqa simsiz rabitə şəbəkələri üçün telefon aparatları gömrük ərazisinə gətirilə bilər və həmin telefon aparatları 1 (bir) təqvim ayı ərzində həmin dövlətin müvafiq qurumlarında mütləq qaydada qeydiyyata alınır.

Avropa İttifaqına daxil olan ölkələrin qanunvericiliyinə əsasən fiziki şəxslər tərəfindən Birliyə daxil olan ölkələrə gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ümumi məbləği 300 avroyadək təşkil edir.

Dünya praktikasına nəzər yetirdikdə fiziki şəxslər tərəfindən poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar üçün müəyyən edilmiş güzəşt limitinin də kifayət qədər aşağı olduğu görünür. Belə ki, bəzi ölkələrə nəzər yetirdikdə güzəşt məbləğinin Rusiyada Federasiyasında 200 avro, Belarusda 200 avro, Gürcüstanda 300 Lari (125 dollar) və 30 kiloya qədər çəki, Moldovada 200 avro (30 kilo), Ukraynada 100 avro (31 kilo), Türkiyədə isə 150 avro olduğu müşahidə olunur.

Avropa Birliyinin əksər ölkələrində isə 22 avroya qədər poçt bağlamaları heç bir gömrük ödənişi olmadan ölkə ərazisinə gətirilə bilər. Dəyəri 22 avro ilə 150 avro arasında olan poçt bağlamaları üçün isə yalnız ƏDV tutulur. Bu miqdar Yunanıstanda 15-20 avro, İspaniya və Fransada isə 50 avrodur. Əgər bağlamanın dəyəri 150 avrodan çoxdursa, o zaman ƏDV və qeydiyyat rüsumlarına əlavə olaraq malların kateqoriyasından asılı olaraq gömrük rüsumları da tutulur.

Göstərilənləri, eləcə də beynəlxalq təcrübəni nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişikliklər edilməsi zərurəti yaranıb".

Açıqlamada o da qeyd edilir ki, qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir: “Dəyişikliyin qəbulu fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən güzəştli və sadələşdirilmiş qaydada keçirilməsinin təkmilləşdirilməklə büdcə daxilolmalarında da mühüm rol oynayacaqdır.

Lakin bəzi sosial şəbəkə istifadəçiləri edilən dəyişikliklərin guya inhisarçılığa şərait yaradacağına, elektron ticarətin inkişafına əngəl törədəcəyinə dair fikirlər irəli sürür, ictimaiyyətdə çaşqınlıq yaratmaq istəyirlər. Birmənalı olaraq qeyd edirik ki, bu kimi fikirlərin heç bir əsası yoxdur, əksinə bu qərar bəzi inhisarçı qrupların qeyri-qanuni əməllərinin qarşısını almağa yönəlib ki, həmin insanların narazılığı da başa düşüləndir".