KTN: “Yağıntılar mövsüm üçün xarakterik olmasa da, həcmi o qədər böyük deyil ki...”
Son günlər ölkədə hava şəraitinin kəskin dəyişməsi müşahidə olunur. Hətta yay mövsümünün ən isti ayı hesab olunan avqustda şimal bölgəsinə dağlıq ərazilərə qar yağdı.
Xatırladaq ki, iki gün öncə Şahdağda yağan qar nəticəsində 11 sm hündürlükdə qar örtüyü yaranıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, burada müşahidələr 2009-cu ildən aparılır və belə bir hadisə ilk dəfədir ki, qeydə alınır:
“Ötən illərdə avqustun sonunda yalnız sulu qar müşahidə olunmuşdu. Bir gecə ərzində respublikanın bir sıra rayonlarında düşən yağıntının miqdarı, adətən, ay ərzində düşən yağıntının miqdarına bərabər olub. Bəzi rayonlarda, xüsusən Böyük Qafqazın ayrı-ayrı ərazilərində, bəzi Aran rayonlarında, hətta paytaxt Bakıya düşən yağıntının miqdarı aylıq normadan çox olub. Güclü külək respublikanın əsasən Kür vadisi rayonlarında qeydə alınıb. Abşeron yarımadasında küləyin maksimal sürəti saniyədə 31 metrə, Xəzərə dalğanın hündürlüyü isə 5,3 metrə qədər çatdı”.
Qurumdan həmçinin bildirilib ki, avqustun 24-dən sonra ölkə ərazisində yağıntılar kəsilməyə doğru gedəcək.
Maraqlıdır, bəs bu cür hava şəraitinin təbiətə, kənd təsərrüfatına hansı ziyanları ola bilər?

Ekoloq İslam Mustafayev mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında təbiətdə baş verən son hadisələrin iqlim dəyişikliyi ilə bağlı olduğunu deyib:
“Əsasən istiləşməyə doğru gedir. Lakin gördüyünüz kimi ən isti yay mövsümündə bu cür gözlənilməz hadisələr baş verir. Belə bir hadisələrin də baş verməsi təbiidir.
Periodik olaraq, uzun illərin təhlilini aparsaq, görərik ki, hər 6 ildən bir bu cür hava şəraiti müşahidə edilir".
Ekoloq qeyd edib ki, son illər Azərbaycanda daha çox uzun müddətli quraqlıq, tropik hava rejimi qərarlaşmaqdadır:
“Uzun müddətli quraqlıq, sonradan güclü yağışlar, bitki örtüyünün dəyişməsi, səhralaşmaya doğru meyllər özünü göstərir. Lakin bunların fonunda təbiətdə olan tarazlığı bərpa etmək cəhdləri də var”.
İslam Mustafayevin sözlərinə görə avqust ayında Bakıya yağışların yağması son 10-15 ilə, qədər mövcud olub: “Hətta el arasında deyilən ”quyruq doğdu" məsələsi avqustun 5-7 arası həmişə mövcud olub. İndiki gənclər üçün bu gözlənilməzdir. Lakin bir daha qeyd edim ki, keçmişdə bu cür hava şəraiti xarakterik olub. Qlobal iqlim dəyişikliyi fonunda biz son 10-15 ildə bu cür hallarla biz çox az halda rastlaşırıq, ona görə də bizə qəribə görünür".
Ekoloq bir neçə gün öncə ölkənin şimal bölgəsinə qar yağmasına da münasibət bildirib. O qeyd edib ki, Azərbaycan şəraiti üçün bu, çox nadir bir haldır: “Lakin xatırlayıram ki, illər öncə Moskvada olanda avqustun 15-də qarın yağmasının şahidi olmuşam. Doğrudur, bu, çox nadir hallarda baş verir. Amma təbiətin şıltaqlıqlarından biridir. Bu cür təbiət hadisələrinin yaranmasında insanın təbiətə vurduğu təsirlərin də öz rolu var.
Hər halda, iqlim dəyişikliyi baş verir. Hətta bəziləri bu cür soyuq havaları nəzər alaraq, deyir ki, soyuqlaşma baş verir, amma əksinə, istiləşməyə doğru gedirik".

Kənd Təsərrüfatı Nazirliyi İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, şimal bölgəsinə qar yağmasının kənd təsərrüfatına o qədər də təsiri yoxdur:
“Məlum olduğu kimi, qar təsərrüfat olan sahələrə deyil, dağətəyinə yağıb. Ümumilikdə isə yağıntılar mövsüm üçün xarakterik olmasa da, həcmi o qədər böyük deyil ki, kənd təsərrüfatına zərər vursun. Amma ümumilikdə indiki yağışların kənd təsərrüfatına müsbət təsiri var. Belə ki, yağışlar birillik əkmələrə çox müsbət təsir göstərir. Bundan əlavə, bildiyiniz kimi, hazırda payızlıq əkinlərə hazırlıq gedir, dənli və paxlalı bitkilərin səpilməsi üçün torpaqda kultivasiya işləri aparılır. İndiki yağışlar torpağın strukturunun daha da yaxşılaşması, xüsusilə torpağın alt qatlarında su ehtiyatlarının toplanmasına müsbət təsir göstərir. Bu, 1 milyon hektardan çox payızlıq səpin aparılacaq sahədir. Xüsusilə dağlıq və dağətəyi ərazilərdə yağıntılar dəmyə əkinləri üçün çox faydalıdır”.
