|
ABŞ üçün enerji təhlükəsizliyi yenə öndə- səfirin mesajları

Li Litzenbergerin  açıqlamalarına politoloqlardan reaksiyalar

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Li Litzenberger bu həftə Bakıda keçirilən 2020-ci ilin regional enerji təhlükəsizliyinə dair simpoziumda çıxış edib. Səfir bildirib ki, Amerikanın Azərbaycanla qurduğu ikitərəfli münasibətlər təhlükəsizlik sahəsində əməkdaşlıq, iqtisadi və enerji əməkdaşlığı, insan haqları və qanunun aliliyinə hörmət kimi üç əsas sütun üzərində qurulub.

Bununla belə, səfir keçmiş təcrübəsinə də əsaslanaraq deyib ki, enerji məsələləri ön planda olub və ön plandadır: “Amerika Birləşmiş Ştatlarının NATO-ki Missiyasının Rəhbərinin Müavini və ABŞ-ın Hərbi və Siyasi Məsələlər üzrə Bürosunun rəsmisi kimi yüksək vəzifələrdə çalışdığım vaxt mən NATO-dakı və ABŞ-ın Enerji Təhlükəsizliyi Mərkəzi və hərbi təhsil məktəbləri vasitəsitəçiliyindən istifadə edərək enerji məsələlərini ön plana çəkmələrini görmüşəm. Bizim çatdırmaq istədiyimiz ismarıc aydın və davamlıdır: Azərbaycanın Avropa və qlobal enerji təhlükəsizliyinə və sabitiyinə verdiyi töhfə tərəfimizdən yüksək qiymətləndirilən müsbər öhdəliyin nümunəsidir.

Bir məqamı vurğulamaq istəyirəm: Birləşmiş Ştatlar Azərbaycanın Sovet İttifaqından ayrılandan sonra əldə etdiyi müstəqilliyini, sabitliyini və rifahını tam dəstəkləyir.

Hazırda Birləşmiş Ştatlar və Azərbaycan arasında davamlı təhlükəsizlik təşəbbüsləri mövcuddur ki, bunların sayəsində sərhəd təhlükəsizliyi, Xəzər dənizində mühüm infrastrukturunun mühafizəsi, kibertəhlükəsizlik və transmilli terrorçuluğa qarşı mübarizə sahələrində gücləndirici fəaliyyətlər həyata keçirilir.

Son iki ildə Birləşmiş Ştatlar Azərbaycana təhlükəsizliyin gücləndirilməsi üçün 100 milyon ABŞ dolları məbləğində yardım ayırmışdı. Bu məbləğin təxminən yarısı Xəzər Dənizində nəzarət avadanlığı, kiçik gəmilər və dəniz infrastrukturunun təhlükəsizliyini və qorunmasını gücləndirən təlimlər keçirilməsi üçün istifadə olunur. ABŞ-ın Azərbaycana zəngin enerji ehtiyatlarının dünya bazarlarına çatdırılmasında və Avropada enerji təchizatının diversifikasıyasında göstərdiyi səyə verdiyi dəstək bizim dövlətlərimizin iqtisadi və enerji əməkdaşlığının zəminini təşkil edir. Birləşmiş Ştatlar anlayır ki, Azərbaycan hazırda Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə əsasən neft ixrac edən dövlətdən daha çox təbii qaz ixrac edən dövlətə keçid dövrünü yaşayır. Azərbaycan həm də qeyri-neft iqtisadiyyatının diversifikasiyasına yönələn fəaliyyətləri həyata keçirməkdədir.

Cənub Qaz Dəhlizi layihəsi Rusiyanın xaricində hasil olunan qazın şərqdən qərbə ixracını reallaşdıran ilk layihədir. Layihənin tamamlanması Azərbaycanın həm enerji təchizatçısı, həm də Avropada enerji təhlükəsizliyinin təminatçısı kimi irəliləməsinə imkan yaradacaq. Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində çalışan dövlətlərin suverenliyi və müstəqilliyi üçün strateji mahiyyət təşkil edir, habelə müttəfiq və tərəfdaş dövlətlərin enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.

Birləşmiş Ştatlar enerji təhlükəsizliyi məsələsini milli təhlükəsizlik məsələsi kimi qəbul edir".

Səfirin açıqlamasından belə məlum olur ki, ABŞ Azərbaycana təhlükə kimi yalnız enerji məsələsini hesab edir. Bu narahatlıq Rusiyadan yan keçən Cənub Qaz Dəhlizi ilə bağlıdırmı? Azərbaycana daha bir real təhlükəni - Qarabağın işğal faktını ABŞ niyə real təhlükə kimi görmür?

Oxu.az - Qabil Hüseynli: Qəzaya uğrayan hərbi təyyarənin "qara ...

Politoloq Qabil Hüseynli bildirdi ki, ABŞ-ın enerji məsələsini qeyd olunan digər istiqamətlərdən, o cümlədən Qarabağ məsələsindən öndə gördüyü sirr deyil. Sıralamada enerji məsələsi həmişə öndə gəlib. Belə görünür ki, bu prioritet indi də dəyişməz olaraq qalır. Vaşinqton üçün Dağlıq Qarabağ problemi sanki dondurulmuş, elə də ciddi təhlükə vəd etməyən problem kimi qəbul olunub. Lakin artıq bizim bölgəmizdə proseslər dəyişir, yeni sitasiya yaranır: “İyul ayında Tovuz istiqamətində Ermənistanın hərbi təxribatı, Rusiyanın bu dövrdə Ermənistana gizli silah ötrüməsi yeni vəziyyət yaradıb. ABŞ və Avropa artıq özü etiraf etməyə başladı ki, Ermənistanla Azərbaycan arasında münaqişə, Qarabağ probleminin həll olunmamış qalması enerji təhlükəsizliyinə, Azərbaycandan Qərb istiqamətinə gedən enerji daşyıcılarına, neft və qaz kəmərlərinin təhlükəsizliyi üçün təhdid yaratmağa başlayıb. Rusiyadan yan keçən Cənub Qaz Dəhlizinin varlığının da Rusiya tərəfindən xoş qarşılanmadığının Amerika fərqindədir. Odur ki, hesab edirəm, artıq Qərb, xüsusən Vaşinqton Qarabağ münaqişəsi həll olunmamış qaldıqca enerji təhlükəsizliyi məsələsinə təhdidin qalacağını bilməlidir”.

Elşən Mustafayev: “Müxalifətçiliyi monopoliyaya almaq ...

Politoloq Elşən Mustafayev isə bildirdi ki, ABŞ-ın dünyanın əsas enerji daşıyıcısı olan ölkələri nəzarətdə saxlamaq istəyi məhz bu sahəni özünün milli təhlükəsizlik məsələsi hesab etdiyindən irəli gəlir. O səbəbdən də səfir Litzenbergerin fikirləri həmin siyasətdən doğur: “Təbii ki, Azərbaycan üçün də mülli təhlükəsizlik məsələsi olaraq neft həmişə ön sırada olub. Bu gün ABŞ  Rusiyanın böhrandan çıxması üçün atdığı bütün addımlarının - xüsusilə enerji daşıyıcı marşrutları siyasətinin baş tutmamasına çalışır. Azərbaycan neft-qaz ölkəsi olduğundan həqiqətən hesab etmək olar ki, bizim üçün əsas təhlükə mənbəyi məhz bu sahədən gəlir. Bu gün ölkəmizin ərazilərinin işğal faktoru rəsmi şəkildə Ermənistanla bağlıdırsa, onun həyata keçirdilməsində əsas rolu Rusiya oynayıb və bu gün də onun həll olunmasına imkan vermir. Məqsəd isə Azərbaycanın əl-qolunu daim bağlı saxlamaqla şantaj etmək, siyasi, iqtisadi, xüsusilə  neft siyasətinin maksimim özlərinin istədikləri xətlə aparılmasına nail olmaqdır. Onlar bu günə kimi bəzi  güzəştlər istisna olmaqla istədiklərinə çata bilməyiblərsə, burada ABŞ və Qərbin rolu danılmazdır. Ona görə də hesab edirəm ki, Azərbaycanın torpaqlarının işğal faktoru məhz iqtisadi, siyasi faktorlardan doğduğundan və bunun başında Rusiya gəldiyindən bizim üçün əsas təhlükə məhz enerji məslələrindən qaynaqlana bilər”.