Avqustun 21-də müsəlman dünyasında Məhərrəm ayı başlayır və 10 gün sonra, yəni avqustun 30-u Aşura günü qeyd olunacaq. Adətən, insanlar Məhərrəm ayının ilk günündən etibarən 10 gün məscidlərə gedir, Kərbəla şəhidlərinə əza saxlayır, Aşura günü də məscidlərə, dini ziyarətgahlara gedərək dini ayinləri yerinə yetirir və qanvermə aksiyalarında iştirak edirlər.
Lakin hələ də bütün dünyada, eləcə də Azərbaycanda koronavirus pandemiyası davam edir və bu səbəbdən dünyanın müxtəlif yerlərində məscidlər, ziyarətgahlar qapalı saxlanılır. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkəmizdə fəaliyyət göstərən məscidlər bağlanıb, kütləvi tədbirlərin keçirilməsi qadağan edilib. Son günlər sərt karantin rejimi ilə bağlı bəzi yumşalmalar edilsə də, məscidlərin açılması gündəmə gəlməyib. Hətta Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Qərargahın brifinqində çıxışı zamanı məscidlərin açılması məsələsinin hələlik müzakirə olunmadığını deyib. Qafqaz Müsəlmanları İdarəsi də məscidlərin açılmasının, kütləvi tədbirlərin keçirilməsinin təhlükəli olduğunu açıqlayıb. QMİ-nin sədr müavini Fuad Nurullayev bildirib ki, pandemiya ilə mübarizə təkcə Azərbaycanda deyil, dünyada qlobal problemdir: “Ona görə biz də bunu nəzərə alaraq düşünürük ki, insanlarımız üçün ölümlə qarşılaşmaq təhlükəsi var, bu baxımdan da ehtiyat addımları atmışıq. Hələ ki, karantin davam edir və məscidlərdə də kütləvi yığışmaq müvəqqəti olaraq təxirə salınıb”.
F.Nurullayev hesab edir ki, minlərlə insan məscidlərə axışacaq və virusa yoluxma daha da təhlükəli hala gəlib çıxacaq.

Hacı Şahin Həsənli
İlahiyyatçı Hacı Şahin Həsənli də virusa yoluxma riskini nəzərə alaraq, müsəlmanları anlayışlı olmağa çağırıb: “İndiki şəraitdə qapalı məkanda kütləvi tədbir keçirmək mümkün görünmür. Bunu təmin etmək çox çətindir. Heç bir icma məsuliyyəti öz üzərinə götürə bilmir. Çünki Məhərrəmlik ayında məscidlərə həddindən artıq böyük kütlə gəlir. Bu kütləvilikdə qaydalara riayət etməyi hər hansı din xadimi də öz üzərinə götürə bilmir. Məhərrəmlikdə məscidlərin açılması müzakirə olunub, amma nəticəyə gəlinməyib. Çünki virusun kütləvi yayılması təhlükəsi böyükdür”.

Hacı İlham Səlimov
“Əjdərbəy” məscidinin axundu Hacı İlham Səlimov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Qafqaz Müsəlmanları İdarəsi bu barədə sözünü deyib, idarənin məsul işçiləri tərəfindən açıqlama verilib: “Dünyanın hər yerində, İranda, İraqda böyük ziyarətgahların hamısında məhdudiyyət qoyulub. Bundan öncə, Ramazan ayı, Həcc ziyarəti ilə bağlı, Qurban bayramı ilə bağlı da məhdudiyyətlər yarandı, həmin bayramları insanlar necə keçirtdisə, bundan sonra da belə olmalıdır. İmanı qəlbimizdə saxlamağı bacarmalıyıq, özümüzə qayıdıb, bir özümüzə baxış keçirsək daha yaxşı olar. Uzun illər məscidlər, ziyarətgahlar hər zaman açıq olub, insanlar bundan faydalanıblar. Bu il də belə tövsiyə olunur ki, hər kəs əzadarlığı öz evində saxlaya bilər. Bizə də çox sayda müraciətlər gəlir, məscidlərin açılması arzu edilir. Biz onlara tövsiyə edirik ki, bu mübarək günləri öz ailəsi və yaxınları ilə birgə keçirsinlər. Müzakirələrdən gəlinən nəticə odur ki, məscidlər hələ ki, qapalı saxlanılsın. Bu təkcə bizdə deyil. Xarici ölkələrlə, müsəlman ölkələri ilə də əlaqə saxlayırıq, orada da bu vəziyyət davam edir. Bu tədbirlər elədir ki, insanlar kütləvi şəkildə axın edir və məsafə saxlamaq alınmayacaq”.
Qeyd edək ki, pandemiya dövründə dini tədbirlərlə bağlı müsbət addımlardan biri də ilahiyyatçıların, dini icmaların sosial şəbəkədə fəallığının artması oldu. İstər Ramazan ayında, Qədr gecələrində, istərsə də cümə xütbələri, Qurban bayramı ayinlərdində ilahiyyatçılar sosial şəbəkədəki hesablarından, Youtube platformasındakı kanallarından canlı yayımlar verdilər ki, bu da insanların evlərində oturaraq birgə ibadət etməsinə şərait yaratdı. Eyni vaxtda 10 mindən çox canlı izlənilən yayımlarda sadə insanlar da şərhlər vasitəsilə qatıldılar, oxunan dualara “amin” deyildi. Yəni ötən dövrdə, məscidləri ziyarət etməyin həsrəti qalsa da, mənəvi baxımdan bir boşluq yaranmadı. Məhərrəmlik əzadarlığı ilə bağlı da ölkənin tanınmış ilahiyyatçıları canlı yayımların olacağını vəd veriblər.

Kütləvi tədbirlərdə yoluxma təhlükəsinin qalmasına gəlincə, tanınmış həkim Zülfüqar Yusifov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, məscidlərin qapalı məkanlarında ara məsafəsi gözlənilsə belə, təhlükə ciddidir. Həkimin sözlərinə görə, əgər düzgün tənzimlənə bilsə, geniş həyəti, açıq sahəsi olan məscidlərin həyətində sosial məsafə gözlənilməklə insanlar dini tədbirlərdə iştirak edə bilərlər: “Bu məsələ ilə tanışıq, QMİ-nin tövsiyələrini də dinlədik, din xadimləri də tövsiyə etdilər ki, hələ məscidlərin açılmasının tərəfdarı deyillər. Tibbi baxımdan bunu izah edərkən, əsas təhlükə qapalı məkan məsələsidir. İkincisi, sosial məsafə məsələsi ciddi problemdir. Xüsusən də qapalı məkanlarda sosial məsafə qorumaq çətindir, hətta qorunsa belə 2 saat yoluxmuş bir insanla eyni məkanda qalmaq yoluxma ehtimalı baxımından ciddi riskdir. Bütün bunlar vətəndaşı, insanların sağlamlığını qorumaq üçün atılan addımdır. Azərbaycan dünyəvi dövlət olsa da, dinimizə böyük sayqı və diqqət var. İnsanların sağlamlığını qorumaq da elə dinin də dəstəklədiyi məsələdir. Peyğəmbərimizin də tövsiyələri belədir. Bir qədər də gözləmək lazımdır ki, pandemiya bitsin, sağlam canla məscidlərə gedərək dualarımızı edək”.
Həkim onu da vurğuladı ki, havalar imkan verərsə, məscidlərin həyətyanı sahələrində, məsafə qorumaqla, maska geyinməklə açıq hava ibadətlərinə icazə verilə bilər. Bu məsələdə bir problem yoxdur".
