Yeni tədris ilinin başlamasına bir ay qalır. Hər il bu vaxt valideynlər dükanlara üz tutur, kimisi məktəbli forması axtarır, kimisi dərs ləvazimatları alır. Bir sözlə, dükanlarda, bazar piştaxtalarında bir canlanma olurdu. Bu il isə valideynlər qeyri-müəyyən vəziyyətdən narahatlıq keçirirlər.
“Yeni Müsavat”a danışan valideyn Türkan Əliyevanın iki övladı aşağı sinifdə oxuyur. O bildirib ki, bu il məktəb üçün alış-veriş etməyi planlaşdırmır: “Ötən il aldığımız geyimlər də, çantalar da təzə qalıb. Düzdür, uşaqlar böyüyüblər, artıq ötənilki geyimlər əyinlərinə balaca olur. Amma alan deyiləm, onsuz da maddi vəziyyətimiz pisdir, birdən məktəblər açılmaz, ziyana düşərik”.
Nəvəsi 4-cü sinifdə oxuyan Lətifə Babayeva da mövcud durumdan narahatlığını ifadə edib: “Vallah, bilmirik nə edək, uşağa nə alaq. Bir söz demirlər ki, işimizi bilək. Çox arzulayırıq ki, məktəb açılsın, balamıza hər şey alaq. Amma müxtəlif fikirlər eşitmişik, ya dərs olacaq, ya da onlayn olacaq deyirlər. Ona görə hələ gözləyirik”.

Bəs məktəbli yarmarkaları olacaqmı?
Qeyd edək ki, hər il Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən avqust-sentyabr aylarında paytaxtın müxtəlif ərazilərində məktəbli yarmarkaları təşkil olunurdu. Valideynlər nisbətən ucuz dərs ləvazimatlarını bu yarmarkalardan əldə edə bilirdilər. Bu il necə, belə yarmarkaların təşkili gözlənilirmi?
Məsələ ilə bağlı BŞİH-nin Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov “Yeni Müsavat”a bildirdi ki, bununla bağlı hər hansı qərar qəbul olunmayıb: “Öncə Operativ Qərargahın göstərişi olmalıdır. O səbəbdən də yarmarkaların təşkili hələ ki, nəzərdə tutulmur”.

Bəs məktəbli formaları satışa çıxarılacaqmı?
Son illər ümumtəhsil məktəblərinə şagirdlər vahid məktəbli geyimlərində gedirlər. Bu geyimlərin tikilməsi isə “Bakı Tikiş Evi” Açıq Səhmdar Cəmiyyətinə (BTE) həvalə olunub. Görəsən, bu il məktəbli formaları satışa çıxarılacaqmı?
BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov “Yeni Müsavat”a bildirdi ki, bu il üçün məktəbli formaları hələ hazırlanmayıb: “Məktəbli formaları necə hazır ola bilər?! Hələ məktəbin açılıb-açılmayacağı bilinmir. Gərək bir məktəb açılsın ki, işimizi görək də?! Biz bankın krediti ilə işləyirik. Düzdür, köhnə formaların materialı varımızdı. Lazım olsa tikib verəcəyik, amma hər şey Təhsil Nazirliyinin verəcəyi qərardan asılıdır”.

Etibar Əzimov
E.Əzimov əlavə edib ki, gözlənilmədən qərar verilərsə, yenə də geyimlərin hazırlanmasını çatdırmaq olar: “Köhnə məktəbli formaları anbarda var. Materialımız da qalıb. Nə qədər ehtiyac olsa, tikib verməyə hazırıq. Hazırda məktəbli forması alanlar da var. Əvvəl-axır məktəb açılmalıdır da. Hazırda mağazalarımız da açıqdır. Gələnləri də yola salırıq”.
Yeni məktəbli geyimlərinin hazırlanmasına gəlincə isə E.Əzimov qeyd edib ki, yeni məktəbli forması ilə bağlı nümunələr artıq hazırdır: “Amma hələ ki, bizdən nümunələr istənilməyib. O zaman söhbət belə oldu ki, nümunələr hazırlansın və lazım olanda baxış üçün təqdim edilsin. Elə oldu ki, pandemiyaya görə dəyişikliklər baş verdi. Ona görə də yeni forma barədə təklif olmayıb”.
![]()
Cəsarət Valehov
Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov da münasibət bildirib. O, qeyd edib ki, məktəbli formaları ilə bağlı dizaynlar və eskizlər hazırdır:“Biz sadəcə, qaydaların açıqlanmağını gözləyirik. Məktəbli formaları ilə bağlı Pedaqoji Şuranın da qərarı olacaq. Sadəcə olaraq yeni qaydalarla bağlı qərarları gözləyirik”.
Nazirlik rəsmisi məktəblərin açılması ilə bağlı hər hansı qərarın olmadığını da bildirdi.
