|
Bu il neft gəlirimiz 40 faiz azalacaq

Ölkədə neft-qaz layihələri qrafikə uyğun icra edilir

Maliyyə naziri Samir Şərifov Azərbaycanın OPEC+ sazişində iştirakı nəticəsində illik ifadədə azaldılacaq neft hasilatı həcmlərini açıqlayıb. Nazirin AzTV-yə dediyinə görə, sazişə qoşulmaqla Azərbaycan bu il ərzində neft hasilatını 2,7 milyon ton azaldacaq: “Koronavirus pandemiyası və neft bazarında gedən digər proseslər səbəbindən tələbin azalması nəticəsində neftin qiymətinin kəskin şəkildə aşağı düşməsini müşahidə etdik, aprel-may aylarında neftin bir bareli 12-20 dollar təşkil edib. Lakin yeni OPEC+ sazişi son iki ayda neftin qiymətinin bir qədər sabitləşməsinə imkan verib”.

Onun sözlərinə görə, baxmayaraq ki, Azərbaycanın dövlət büdcəsinin gəlirləri neftin bir barelinin qiyməti 55 dollar olmaqla hesablanıb, amma 7 ayın yekunları üzrə bir barel neftin orta qiyməti 40 təşkil edib: “Təbii ki, bu, neft gəlirlərimizin azalmasına gətirib çıxardı. Bundan başqa, Azərbaycan OPEC+ sazişi çərçivəsində neft hasilatının azaldılması ilə bağlı öhdəlik götürüb. Bu öhdəliklərin yerinə yetirilməsi hasilatın 2,7 milyon ton, o cümlədən SOCAR üzrə 420 min ton azalmasına səbəb olacaq, lakin əsas yük ABƏŞ konsorsiumunun üzərinə düşəcək”.

Samir Şərifov: “İcmal büdcədə 4 milyard 700 milyon manat büdcə ...

S.Şərifov vurğulayıb ki, Azərbaycan hökuməti mövcud vəziyyətlə əlaqədar dövlət büdcəsində neftin baza qiymətinə yenidən baxılması və neftin bir barelinin qiymətinin 35-dək azaldılması ilə bağlı qərar qəbul edib: “Nəticədə 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinə neft sektorundan daxilolmalar planlaşdırıldığından 390 milyon manat az olacaq”.

Xatırladaq ki, OPEC və qeyri-OPEC ölkələri 12 aprel 2020-ci il tarixində keçirilmiş videokonfransda gündəlik neft hasilatının 2020-ci il mayın 1-dən 2022-ci ilin aprel ayınadək üç mərhələdə kollektiv surətdə azaldılması üzrə razılaşmanı təsdiqləyib. Birinci mərhələdə (2020-ci ilin may-iyun ayları) hasilat 9,7 milyon barel azaldılıb. OPEC və OPEC+ ölkələri nazirlərinin iyunun 6-da keçirilən görüşündə OPEC+ ölkələri birinci mərhələdə gündəlik hasilatın daha bir ay - iyulun sonunadək azaldılması ilə bağlı razılığa gəliblər.

May-iyun aylarında “OPEC plus” üzrə öhdəliklər gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23 faiz olmaqla 9,7 milyon barel, Azərbaycan üçün isə 164 min barel azaldılmasını nəzərdə tutur. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycanın hasilatı azaltma öhdəlikləri avqust-dekabr aylarında bu göstəricidən 18 faiz olmaqla 131 min barel, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək isə 14 faiz olmaqla 98 min barel müəyyənləşib.

Sazişə əsasən Azərbaycanda əsas neft hasil olunan “Azəri-Çıraq-Günəşli” yatağında hasilat 567 min bareldən 434 min barelə, SOCAR (Azneft" İB, BM və ƏŞ) üzrə isə 151 min bareldən ixtisar edilərək 120 min barelə endirilməlidir.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycanda Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 37 milyon 425,8 min ton əmtəəlik neft hasil edilmişdi. 2019-cu ildə SOCAR-ın gündəlik hasilatı 155 min barel olub. Bu, OPEK+ öhdəliyinə əməl etmək üçün şirkətin gündəlik hasilatı 35 min barel azaltdığı deməkdir.

AÇG-də hasilata rəhbərlik edən bp-Azərbaycanın isə ötən il orta gündəlik hasilatı 535 min barel təşkil edib. Bu il təbii proseslərlə əlaqədar hasilatın 20 min barel azalması gözlənilirdi. Beləliklə, sazişə əməl etmək üçün AÇG-də hasilat gündəlik 515 min bareldən 81 min barel azaldılmaqla 434 min barelə endirilib.

ABŞ-ın Energetika Nazirliyi: 2020-ci ildə Azərbaycanda neft ...

Energetika Nazirliyinin məlumatına görə, hər iki istehsalçı ölkənin OPEK+ sazişi çərçivəsində üzərinə götürdüyü öhdəliyə əməl olunmasını təmin ediblər. Belə ki, 2020-ci ilin iyul ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 650,1 min barel olub. Bunun 554,1 min barelini xam neft, 96 min barelini isə kondensat təşkil edib. Xam neftin 435,1 min bareli “Azəri-Çıraq-Günəşli”, 119 min bareli isə SOCAR (Azneft" İB, BM və ƏŞ) üzrə hasil edilib.

“OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 9,7 mln. barel ixtisarı prosesi çərçivəsində Azərbaycan iyulda sutkada xam neft hasilatını 163,9 min barel azaldıb.

Ümumilikdə 2020-ci il ərzində neft hasilatındakı azalma, dünya bazarında qiymətlərin kəskin enməsi nəticəsində Azərbaycanın bu sahədən gəlirlərinin 40 faiz - 3-3,5 milyard dollar azalacağı gözlənilir.

Onu da qeyd edək ki, OPEK+ sazişinə əsasən 2020-ci il ərzində neft hasilatı iki dəfə  - avqustun əvvəli və dekabrda müəyyən həcmdə artırılacaq. Ümumiyyətlə, neft bazarında tələbatın artması və qiymətlərin yüksəlməsi prosesi sürətlənərsə, Azərbaycanda neft hasilatının əvvəlki həcmlərə qayıtması sürətlənə bilər.

OPEK+ razılaşması neftin qiymətini nə qədər artıracaq? |

Hazırda ölkədə bütün neft-qaz layihələri qrafikə uyğun icra edilir. Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində verdiyi məlumata görə, “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənilməsi üzrə bütün işlər plan üzrə gedir: “Burada inşa edilən yeni platforma onu göstərir ki, bu yataqların uzunmüddətli işlənməsi artıq reallıqdır. Bildiyiniz kimi, kontraktın müddəti uzadılıb və Azərbaycan bundan böyük fayda götürür, bizə bir neçə milyard dollar dəyərində bonus ödənilib”.

Prezident İlham Əliyev qeyd edib ki, yataqlarda hasilatın sabit saxlanması ölkə üçün vacib məsələdir: “Eyni zamanda Azərbaycan ictimaiyyəti onu da bilməlidir ki, bizim qaz potensialımızın önəmli hissəsi ”Azəri-Çıraq-Günəşli" yataqları hesabına formalaşır. Çünki orada hasil olunan qaz ümumi sistemimizə daxil edilir. Ona görə “Azəri-Çıraq-Günəşli” ilə bağlı bütün işlər plan üzrə gedir və bu yataq bizim əsas gəlir mənbəyimizdir. Bunu hər kəs bilməlidir".

Dövlət başçısı bildirib ki, eyni zamanda, “Şahdəniz-2" layihəsi uğurla icra edilir: ”Bu, dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. Bildiyiniz kimi, “Şahdəniz-2"nin tammiqyaslı işlənilməsi bizə əlavə 16 milyard kubmetr qaz verəcək. Həm öz tələbatımızı ödəyəcəyik, həm də ki, ixrac üçün böyük həcm yaranacaqdır”.

Prezident İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə ...

İlham Əliyev gələn il “Abşeron” qaz-kondensat yatağından ilk qazın hasilatının gözlənildiyini vurğulayıb: “Abşeron" yatağının işlənilməsinin iki mərhələsi olacaqdır. Birinci mərhələ nəticəsində 1,5 milyard kubmetr qaz hasil ediləcək və bu qaz Azərbaycanda istehlak olunacaq. Çünki artan sənaye potensialımız diktə edir ki, bizə əlavə resurslar lazımdır. Ona görə 1,5 milyard kubmetr qaz ölkə daxilində istehlak olunacaq. Biz “Abşeron” yatağının ikinci mərhələsinin başlanmasına da yaxınlaşırıq. Orada hasilat yəqin ki, 3-4 dəfə artıq olacaqdır. Bu da bizim qaz potensialımıza müsbət təsir göstərəcəkdir".

Dövlət başçısının sözlərinə görə, “Şəfəq-Asiman” yatağı üzrə işlər də qrafik üzrə gedir: “İndi qazma işləri aparılır. Bu yatağın da çox böyük potensialı var. Əlbəttə, qazma işləri ehtiyatların dəqiq həcmini göstərəcək. Ancaq yadımdadır ki, hələ Neft Şirkətində işlədiyim dövrdə bizim mütəxəssislər orada təqribən 400-500 milyard kubmetr həcmində qaz ehtiyatının mövcudluğunu qeyd etmişdilər. Hər halda, hesab edirəm ki, qazma işləri yaxın gələcəkdə başa çatacaq və bu haqda daha dəqiq məlumat olacaqdır”.