|
İsraildə Azərbaycana dəstək aksiyasının əks-sədası - Ermənistana göz dağı

Bakı - Tel-Əviv əlaqələri ən yüksək səviyyədə, yəhudi lobbisi Azərbaycan dövlətinin yanında

 

Avqustun 9-da İsrailin Tel-Əviv Yafo şəhərində Azərbaycan-İsrail dostluğunu nümayiş etdirən möhtəşəm aksiyaya bütün dünya şahidlik etdi. Həmin gün müstəqil dövlətimizə və Azərbaycan əsgərinə dəstək məqsədilə yürüş-mitinq keçirildi.

Ən maraqlısı budur ki, “İsraildəki Azərbaycan Evi”nin rəhbəri Nexemya Şirin Mixaelinin təşkilatçılığı ilə baş tutan dəstək aksiyası şəhərdəki erməni mərkəzi və erməni kilsəsinin qarşısında baş tutdu. Ermənistan mediası aksiyaya hazırlıq dönəmində günlərlə həmin ünvanda guya təxribatların olacağı barədə şivən qoparsalar da, nə onların cəfəngiyatlarını ciddiyə alan oldu, nə də aksiyada hər hansı xoşagəlməz olay baş verdi. Ermənilər çox istərdilər ki, İsrail-Azərbaycan dostluğuna, üstəlik, Ermənistanın son hərbi təxribatlarına etiraz və düşmənin xain hücumunun qarşısını böyük şücaətlə alan Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədi ilə keçirilən yürüş-mitinq xoşagəlməz sonluqla bitsin və onlar bundan öz məqsədləri üçün yararlansınlar, ancaq arzuları ürəklərində qaldı.

Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, “İsraildə Azərbaycan Evi”nin təşkil etdiyi aksiyada bu ölkədə yaşayan 400-dən çox Azərbaycan kökənli soydaşımız iştirak edib. Azərbaycan və İsrailin dövlət bayraqlarının, Aprel və Tovuz döyüşlərində həlak olan şəhidlərimizin şəkillərinin və müxtəlif şüarların nümayiş etdirildiyi yürüş-mitinqdə çıxış edənlər Ermənistanın işğalçı və təcavüzkar siyasətini kəskin şəkildə pisləyiblər.

Yürüş-mitinq ərzində qəhrəman şəhidlərimizin adları bir-bir çəkilib, “Vur, keç səngəri, Azərbaycan əsgəri!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Erməni terroruna son!”, “Erməni təcavüzünə son!”, “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir, Bizim olacaq”, “Sən çağırsan gələrəm mən, yaşa doğma Azərbaycan!, Sənin üçün ölərəm mən, yaşa doğma Azərbaycan!” və sair şüarlar səsləndirilib. Aksiyanın gedişi zamanı bir çox Azərbaycan mahnıları səslənib, yəhudilər azərbaycanlılara qoşulub oynayıblar. Yerli polis qüvvələrinin nəzarət etdiyi aksiya bəyanatın oxunması ilə başa çatıb. Bəyanatda bildirilib ki, “İsraildə Azərbaycan Evi”nin İdarə Heyətinin üzvləri və rəhbərləri, eləcə də bu ölkədə fəaliyyət göstərən azərbaycanlı diasporun Əlaqələndirmə Şurasının üzvləri ölkəmizin Tovuz istiqamətindəki dövlət sərhəddində Ermənistanın işğalçı qüvvələrinin həyasızcasına və azğıncasına törətdiyi hərbi təxribatları pisləyir və buna qəti etirazlarını bildirirlər. Qeyd edilib ki, məhz Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətli cavabı nəticəsində erməni işğalçıları geri çəkilib və böyük itkilər veriblər.

İsraildə Azərbaycana dəstək mitinqi (FOTO,VİDEO,ŞƏRH)

“Biz, əslən Azərbaycandan olan yəhudilər Dağlıq Qarabağın problemləri ilə yaxşı tanışıq və hələ XX əsrin 90-cı illərində şahid olmuşuq ki, daşnak qruplaşmaları SSRİ-nin dağıldığı dövrdə yaranmış qarışıqlıqdan, o dövrdə Azərbaycan ordusunun hələ formalaşmadığı məqamdan sui-istifadə edərək, bütün dünyadan - Livan, Suriya və digər ölkələrdən başkəsən erməni silahlılarını toplayaraq, Azərbaycan torpaqlarını həyasızcasına işğal edirdilər”, - deyə vurğulanıb. Soydaşlarımız xüsusilə vurğulayıblar ki, əslən Azərbaycandan olan İsrail sakinləri Azərbaycan ordusunun uğurları və qəhrəmanlığı ilə fəxr edirlər. “Bu gün bizim diasporun İsraildə tərbiyə almış, Azərbaycan naminə fədakarlıq və qəhrəmanlıq nümayiş etdirməyə hazır olan yeni gənc nəsli yetişib. Biz hamımız, əslən Azərbaycandan olan yəhudilər, 28 ildən artıq erməni işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi kimi müqəddəs işə gücümüz çatan səviyyədə töhfə verməyə hazırıq”.

İsraildə Azərbaycana dəstək mitinqi (FOTO,VİDEO,ŞƏRH)

Bu, yəhudi əsilli qardaşların qədirbilən olmasına, həm də Azərbaycanın suyuna, çörəyinə sayğısından irəli gələn bir jesti, üstəlik, ədalətin tərəfində dayanmalarının bariz nümunəsidir. Azərbaycan dövlət hər zaman İsraillə normal əməkdaşlığa tərəfdar olub, bu istiqamətdə addımlar atıb.

İsraildə keçirilən yürüş sıradan bir aksiya sayıla bilməz, heç şübhəsiz. Bu, beynəlxalq yəhudi lobbisinin dəstəyini qazanmağımız, həmçinin İsrail kimi Yaxın Şərq regionunun güclü bir dövlətilə dostluq etmək, onun nəzarətində olan elmi kəşflərdən, müaisr silahları əldə etmək, kəşfiyyat, xüsusi xidmət sahələrində əməkdaşlıqdan yararlanmaq və s. baxımdan çox mühüm imkanlar yaradan yaxınlaşmadır. İran və Türkiyənin, bütövlükdə müsəlman aləminin İsraillə münasibətləri baxımdan isə bu əlaqələri riskli sayanlar var. Etiraf olunmalıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev bu əlaqələri çox ustalıqla tənzimləyir. Hətta Türkiyə-İsrail əlaqələrinin ən gərgin zamanında Azərbaycanın dövlət başçısı iki dost ölkə arasında barışığın əldə olunması istiqamətində gərəkəni etdi və bu uğurlu strategiya sayəsində Azərbaycan onun üçün çox mühüm strateji tərəfdaşlarla əlaqələrin daha da möhkəmlənməsinə nail olub.

Musa Qasımlı: Azərbaycan tarixində ilk dəfə olaraq qadının Milli ...

Musa Qasımlı: “İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı yəhudilərin məhvinin qarşısının alınmasında mühüm rol oynayıb”

Deputat, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı “Yeni Müsavat”a bildirdi ki, İsraildə Azərbaycana dəstək mitinqinin keçirilməsini normal qəbul etmək lazımdır: “İlk növbədə ona görə ki, bu ölkədə Azərbaycandan getmiş çoxlu yəhudi yaşayır. Onlar Azərbaycanı özlərinin Vətəni bilirlər və heç bir zaman ölkəmizdə ayrıseçkilik görməyiblər. Ümumiyyətlə, Azərbaycanda anti - semitizm olmayıb. SSRİ-də antisemitizm tüğyan edəndə ittifaqın respublikalarından biri olan Azərbaycanda yəhudilər rahat yaşayırdılar”. Dünyanın bir çox ölkələrinin arxivlərində tarixi həqiqətlərə dair sənədləri araşdıran, professor M.Qasımlı qeyd etdi ki, Azərbaycan xalqı yəhudilərə daim dost münasibəti bəsləyib: “Hətta İkinci Dünya müharibəsi illərində onların məhvinin qarşısının alınmasında mühüm rol oynayıb. Hitler Almaniyasının əsir götürdüyü azərbaycanlılarla yanaşı, yəhudilər də həbs düşərgələrində yerləşdirilmişdilər. Nasistlər yəhudilərə aman vermirdilər. Azərbaycanlılar yəhudilərə Kəlmeyi-şəhadəti öyrədir, onlar özlərini azərbaycanlı ad və soyadında təqdim edir, beləliklə, fiziki məhv olmaqdan xilas olurdular. Buna dair çoxlu arxiv sənədləri var”. Azərbaycan-İsrail münasibətlərinin müsəlman dünyası ilə əməkaşlığa təsirinə gəlincə, millət vəkili bunları söylədi: “Açıq söyləmək lazımdır ki, iki ölkə arasında münasibətlər İslam dünyasına və üçüncü dövlətə, o cümlədən qonşumuz İrana qarşı yönəlməyib. Azərbaycan dövlətinin İsrail dövləti ilə normal münasibətləri həmin ölkələrlə münasibətlərdəki gərginliyi aşağa salmağa kömək edir. Bu gün Azərbaycan və İsrail arasında münasibətlər yüksək səviyyədədir və beynəlxalq yəhudi təşkilatları da ölkəmizi müdafiə edirlər”.

Elxan Şahinoğlu: "Tramp münasibətlərin yumşalmasını istəyir"

Elxan Şahinoğlu: “Azərbaycan-İsrail münasibətləri üçüncü ölkələrə, o cümlədən İrana qarşı yönəlməyib”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, İsraildə Ermənistanın işğalçı siyasətinə və təxribatlara qarşı keçirilən yürüş-mitinqi yüksək qiymətləndirmək lazımdır: “Bu, bir daha İsrail-Azərbaycan münasibətlərinin xarakterindən irəli gəlir. Üstəgəl, dünyadakı yəhudi lobbisinin də Azərbaycana dəstəyi var. Bu lobbi müxtəlif dövlətlərdə Azərbaycanla əlaqələrə hər zaman önəm verir. Lobbilərin əməkdaşlığı da Azərbaycan üçün faydalıdır. Çünki yəhudi lobbisi dünyanın ən güclü lobbilərindən sayılır. Üstəgəl, ABŞ-dakı yəhudi lobbisi erməni lobbisinə müqavimət göstərə biləcək tək lobbidir. ABŞ-dakı yəhudi lobbisi Azərbaycanın bölgədəki rolunu xüsusi olaraq vurğulayır və Azərbaycanla əməkdaşlığa önəm verir. Bu baxımdan həm İsrail, həm də yəhudi lobbisi ilə əməkdaşlıq Azərbaycan üçün faydalıdır. Üstəgəl, İsraildə yaxşı bilirlər və hər zaman vurğulayırlar ki, Azərbaycanda heç zaman antisemitizm olmayıb. Yəhudilər tarix boyu Azərbaycanda rahat yaşayıblar, yaşayırlar və gələcəkdə də yaşayacaqlar. Bu da ikitərəfli əlaqələrdə mühüm amillərdən biridir”. O ki qaldı başqa dövlətlərin Azərbaycan-İsrail münasibətlərinə necə reaksiya verəcəyinə, E.Şahinoğlu bunları söylədi: “Əlbəttə, Azərbaycan-İsrail əməkdaşlığı İranda neqativ qarşılanır. Bu, İranın özünün siyasətidir. Amma Azərbaycanın daxili işlərinə heç kəs qarışa bilməz. Həm də Azərbaycan-İsrail münasibətləri üçüncü ölkələrə, o cümlədən İrana qarşı yönəlməyib, gərək İranda bunu da anlayalar. Hər bir dövlətin özünün milli təhlükəsizlik maraqları var, Azərbaycan da bu maraqlardan çıxış edir. İranla da dostluq, qonşuluq əlaqələrimiz, ortaq layihələrimiz var, İsrailə isə neft satırıq, hərbi texnika alırıq. İranda anlamalıdırlar ki, İsraildən aldığımız hərbi texnika torpaqlarımızı işğaldan azad etmək üçün vacib amillərdən biridir”.

Politoloq qeyd etdi ki, Türkiyə də Azərbaycan-İsrail əməkdaşlığını diqqətlə izləyir: “Amma Türkiyə İran qədər bu əməkdaşlığın əleyhinə çıxmır. Çünki bu günə qədər Türkiyə Azərbaycanın İsraillə münasibətlərinin əleyhinə çıxmayıb. Türkiyədə anlayırlar ki, birincisi, Azərbaycan-İsrail əməkdaşlığı Türkiyəyə qarşı yönəlməyib, ikincisi, Azərbaycanın İsraildən aldığı silahlar işğalçıya qarşı yönəlib. Yəni bunu Türkiyədə yaxşı bilirlər. Odur ki, Türkiyə nə rəsmi, nə qeyri-rəsmi, nə diplomatik kanallarla əməkdaşlığa göz gəzdirməyi bizə məsələhət görmür”.  

Yeri gəlmişkən, 2016-cı ilin aprel döyüşlərində ordumuz İsrail istehsallı pilotsuz döyüş aparatları ilə Ermənistan ordusuna sarsıdıcı zərbələr vurmuşdu. Bundan sonra rəsmi İrəvan Bakı-Təl-Əviv əlaqələrini korlamağa çalışan çox cəhdlərdə bulundu, hətta İsrailə nümayəndə heyəti göndərildi. Lakin bütün bunların heç bir mənası olmadı və əlaqələr İsraildə Azərbaycan ordusuna dəstək yürüşünün keçirilməsinə qədər inkişaf etdi. Bu, həm də işğalçı Ermənistana göz dağı oldu. Heç şübhəsiz davamı da gələcək. Bu günlərdə ermənilərin yəhudilərə məxsus abidəni təhqir etməsi onların gerçək mahiyyətini bir daha nümayiş etdirdi. Faşizmi dəstəkləyənlərdən başqa bir addım gözləməyə dəyməzdi, təbii ki. Amma belələrinin addımları cavabsız da qalmamalıdır və qalmayacaq da...