|
İqtisadiyyatda böyük liberallaşma üçün iki əsas şərt - mütəxəssislər danışır

Ekspertlər ən əvvəl sağlam rəqabət mühiti və ədalətli məhkəmə sistemini zəruri sayırlar...

Prezident İlham Əliyevin koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi videomüşavirədə toxunduğu mühüm məsələlərdən biri də iqtisadiyyatda liberallaşmadır. Prezident Azərbaycan iqtisadiyyatında liberallaşmaya gedilməli olduğunu bildirib:

“Digər məsələ bütövlükdə iqtisadiyyatın liberallaşdırılması ilə bağlıdır. Biz buna da getməliyik. Son vaxtlar bu sahədə aparılan müzakirələr deməyə əsas verir ki, artıq ciddi addımların atılması labüddür. Özəlləşdirmə sahəsində daha geniş islahatlar aparılmalıdır. Həm özəl, həm də xarici şirkətləri biz maraqlandırmalıyıq. Çünki bəzi hallarda şirkətlər müraciət edir və onların müraciətlərinə baxılmır, bəzi hallarda uzadılır. Layihələrin bəziləri icra edilir, bəziləri isə yox. Biz özümüz maraqlı olmalıyıq. Biz xarici və yerli investorlara biznesplan verməliyik - bu sahə var, bu müəssisə var, gəl bunu özəlləşdir. Əgər strateji investor oraya böyük vəsait qoyacaqsa, bunu simvolik qiymətə özəlləşdirmək olar. Əgər, o, zəmanət verirsə ki, buraya böyük vəsait qoyacaq. Ancaq bu yolla biz bu müəssisələri işə sala bilərik”.

Dövlət başçısı Bakıda yerləşən və demək olar ki, fəaliyyətsiz qalan dövlət müəssisələri barədə də danışıb: “Bizim Bakı şəhərində sovet vaxtından qalan nə qədər dağılmış müəssisələr var. Onların böyük əraziləri var. O ərazilərdə həm yeni sənaye müəssisələri yaradıla bilər, - əlbəttə ki, ekoloji standartları tam gözləmək şərti ilə, - eyni zamanda, şəhərsalma ilə əlaqədar burada böyük layihələr icra oluna bilər. Çünki pandemiya dövründə tənəzzülə uğrayan tikinti sektoru özündə böyük potensial cəmləşdirib. Həm iş yerlərinin açılmasına, həm tikinti materialları sənayesinə, həm də bir neçə sahəyə bunun müsbət təsiri olar. İndi şəhərin içində bizim o qədər yarıdağılmış, çürümüş sənaye müəssisələrimiz var. O investorları cəlb etmək lazımdır. Qoy, gedib öz puluna ərazini abadlaşdırsın, ictimai zonalar yaratsın və binalar tikilsin. Çünki buna ehtiyac var və bu, biznesi canlandıracaq”.

Azərbaycanda dövlət-özəl biznes tərəfdaşlığının yaradılması sahəsində vəziyyət də ölkə rəhbərini qane etmir: “Mən artıq qeyd etdim ki, dövlət-özəl sektor tərəfdaşlığı gərək daha konkret layihələr əsasında özünü göstərsin. Deyə bilərəm ki, bu, hələ bir çox hallarda niyyət olaraq qalır. Bizdə bir neçə layihədə dövlət və özəl şirkətlər fəaliyyət göstərirlər, sərmayə qoyublar. Amma bu layihələrin sayı çox azdır. Ona görə burada mütləq yeni yanaşma olmalıdır. Bəlkə də hansısa yeni sahələrdə, hətta infrastruktur layihələrində özəl sektor fəaliyyət göstərə bilər. Bu da mümkündür. Təkcə sənaye müəssisələrinin yaradılmasında yox, infrastruktur layihələrində. Onları, sadəcə olaraq, stimullaşdırmaq lazımdır. Eyni zamanda, biz xarici tərəfdaşları da bu işlərə cəlb etməliyik”.

https://cdn1.azerbaycan24.com/2016/04/13051495_1068905229840966_4306698623279114483_n-550x300.jpg

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə hesab edir ki, prezident tərəfindən iqtisadiyyatın liberallaşdırılması çağırışı post-pandemiya dövrü üçün zəruri əhəmiyyət daşıyır: “Biz pandemiya dövründə dünyanın qabaqcıl ölkələrində belə proteksionist siyasət meyllərinin artmasını, qarşılıqlı ticarət münasibətlərində məhdudiyyətlərin əvvəlkinə nisbətən artmasını müşahidə edə bilirik. Bu nöqteyi-nəzərdən liberallaşdırma önəmlidir. Liberallaşdırma nəticəsində dövlət şirkətlərinin özəlləşdirilməsi də birbaşa xatırlanan idarəetmə sistemindən asılıdır.”

interview.az - Neft-Qaz sahəsi üzrə ekspert İlham Şaban ...

“Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, Azərbaycanda indiyədək dövlət kapitalizmi yolu ilə gedilib: “Bütün təbliğat da Çin, Rusiya və sair dövlət kapitalizminin yüksək payı olan ölkələrin təcrübəsini tərifləməyə yönəlmişdi. İndi isə ölkə rəhbəri vurğuladı ki, iqtisadiyyatda liberallaşma lazımdır, sovet dövründən indiyədək boş dayanan müəssisələr mövcuddur, Bakıda böyük əraziləri tuturlar, onları özəlləşməyə çıxarmaq lazımdır. Digər bir məqam iri dövlət şirkətlərinin dövlət büdcəsindən aldıqları böyük həcmli vəsaitlərin müqabilində cüzi vergi ödəmələridir. Hökumət üzvlərinin dediklərinə rəğmən, pandemiya nəticəsində iqtisadiyyata çox ciddi zərər dəyib. Eyni zamanda, neftdən gələn gəlir 4 dəfə azalıb. Dövlətin əsas gəlir mənbəyindən daxilomaların belə azalması fonunda iri dövlət şirkətlərinə verilən subsidiyaların gündəmə gəlməsi təbiidir.

Çox tez-tez deyirlər ki, biz ikinci Dubay olacağıq. Halbuki Dubayın iqtisadiyyatının əsasını neft təşkil etmir. Dubay aviaşirkəti ildə 1.2 milyard dollar gəlir verir büdcəyə. Azərbaycanın hava şirkəti hansı vəziyyətdədir - göz önündədir. Normal idarəetmə sistemi olarsa, Azərbaycan hava daşımalarından böyük həcmdə gəlir əldə edə bilər. Lakin belə bir idarəetmə olmadığına görə bu gün ən bahalı aviabiletlər bizdədir, amma hava şirkətimiz zərərlə işləyir. Liberal iqtisadiyyat yalnız hansısa şirkətin, müəssisənin özəlləşməsi demək deyil. Liberal iqtisadiyyat iqtisadiyyatın bütün sahələrində, hətta cəmiyyətdə liberallaşma getməlidir. Liberal dəyərləri, qaydaları, normaları qoruyan azad məhkəmə sistemi olmalıdır”.

İ.Şabanın fikrincə, liberal iqtisadiyyatın qurulması üçün qaydalar hamı üçün bərabər olmalıdır: “Qaydalar konkret, aydın və dəqiq olmalı, hamı üçün eyni olmalıdır. Bizim neft sektorumuzun bir hissəsi niyə belə yüksək inkişaf edir? Çünki orada hasilatın pay bölgüsü sazişi timsalında hamının hüquq və vəzifələrini dəqiq müəyyənləşdirən qaydalar var. Hamı o qaydalarla ”oynayır" deyə inkişaf var. İqtisadiyyatın digər sahələrində də belə şəffaf oyun qaydaları olmalıdır. Liberal iqtisadiyyat üçün daha bir mühüm məsələ liberal mühitin formalaşdırılmasıdır. Bu mühitdə irqindən, cinsindən, milliyyətindən, siyasi baxışlarından asılı olmayaraq hamıya yer olmalıdır. Bu mühitdə sağlam rəqabət qaydaları hökm sürməlidir. Başqa cür liberal iqtisadiyyatın qurulması qeyri-mümkündür".

Rəşad Həsənov: “Ciddi daxili islahatlara gediləcəyinə ümid edirəm”

İqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, liberallaşma Azərbaycan iqtisadiyyatının postpandemiya dövründə ayağa qaldırılması üçün yeganə yoldur: “İlk olaraq dövlət mərhələli şəkildə biznesdən kənara çəkilməlidir. Hazırda Azərbaycanda dövlət iqtisadiyyatının ÜDM-də payı 14-15 faiz ətrafında dəyişir. Bu pay minimuma endirilməlidir. Dövlət şirkətlərinin idarəçiliyinə özəl sektor cəlb olunmalıdır. Bu, həmin şirkətlərin fəaliyyətində səmərəliliyini artıracaq, dövlətin fiskal yükünü qat-qat azaldacaq, onların gəlirlə işləməsinə gətirəcək. İkinci mərhələdə investisiya mühitinin liberallaşdırılması üçün addımlar atılmalıdır. İlk növbədə məhkəmə sisteminin müstəqilliyi təmin olunmalıdır. Biz son illərdə çoxsaylı beynəlxalq iqtisadi indekslərdə ciddi irəliləyişlərə nail olumuşuq, amma investisiyalarda nəinki artım yoxdur, əksinə, ildən-ilə azalma var. Ona görə ki, investorlar real vəziyyəti asanlıqla öyrənə bilirlər”.

Ekspert ölkə iqtisadiyyatının real vəziyyətini əks etdirən statistikanın formalaşdırılmasını zəruri hesab edir: “Dünyada biznes öz fəaliyyətini rəsmi statistik məlumatlar əsasında qururlar, bizdə isə belə məlumatların mötəbərliyinə heç kim inanmır. Bu statistika real vəziyyətə uyğunlaşdırılmalıdır. Güzəştlər hamı üçün olmalıdır: yalnız sənaye məhəllələri, texnoparklar, aqroparklarda fəaliyyət göstərən sahibkarlar üçün deyil. Bundan əlavə, rəqabət mühitinin sağlamlaşdırılması üçün radikal addımlar atılmalı, Rəqabət Məcəlləsi qəbul olunmalıdır. Daha bir addım Azərbaycanın beynəlxalq iqtisadi birliklərə qoşulması olmalıdır: Ümumdünya Ticarət Təşkilatı, Avropa İttifaqı və sair. Nəhayət, bütün səviyyələrdə effektiv ictimai nəzarət mexanizmləri yaradılmalı, onların işləkliyi təmin olunmalıdır. Ümid edirəm ki, 2015-2016-cı illərdə olduğu kimi, gəlirlər azalan zaman bu kimi məsələlər qabardılıb, sonra neftin qiyməti yüksələndə kənara qoyulması halı təkrarlanmayacaq, iqtisadiyyatın liberallaşdırılması üçün real addımlar atılacaq”.