|
Prezident yeni “Yol xəritəsi” cızdı, strateji hədəfləri göstərdi:

İqtisadçı-alim: “Bu şirkətlərin əksəriyyəti öz sahələrinin təbii inhisarçılarıdır...”

Azərbaycanda iri dövlət şirkətlərinin fəaliyyətində effektivliyin aşağı olması, ayrılan irihəcmli büdcə vəsaitlərinin səmərəli xərclənməməsi uzun illərdir media və müstəqil ekspertlərin qaldırdığı ən aktual problemlər sırasındadır. Dünən prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi videomüşavirədə bu məsələyə xüsusi diqqət yetirib.

Prezident qeyd edib ki, dövlət şirkətlərində itkilər kifayət qədər böyükdür: “İndi, baxın, bizim qaz itkiləri, düzdür, son vaxtlar azalıb, ancaq yenə də dözülməz həddədir. Bizim su itkiləri. Su məsələlərinin həlli ilə bağlı xüsusi müşavirə keçirmişdim. Tədbirlər Planı qəbul edilib və artıq icra olunur. Amma itkilər 40-50 faiz səviyyəsindədir. Elektrik xətlərindəki itkilər də, əlbəttə ki, bizi narahat edir. Baxmayaraq ki, son vaxtlar bu sahəyə böyük vəsait qoyulub, müasir infrastruktur yaradılıb, lakin yenə də itkilər var. Amma özəl sektorda əgər itki varsa, bu özəl sektorun subyekti müflisləşir, biznesini bağlayır və heç kim bunun köməyinə gəlmir. Amma dövlət şirkətləri öyrəşiblər ki, onların bütün qüsurları, bütün itkiləri dövlət tərəfindən bağlanacaq. Hətta ölkəmizdə qazlaşdırma dövlət büdcəsi hesabına aparılır. Halbuki bu, Dövlət Neft Şirkətinin bilavasitə vəzifəsidir. Biz bu il dövlət büdcəsində kəndlərin qazlaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tuturuq. Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur. Axı bu, bilavasitə onun işidir, onun vəzifəsidir”.

Dövlət başçısının sözlərinə görə, bütün digər dövlət şirkətlərində vəziyyət ya buna oxşardır, ya bundan pisdir, ya da ki, bir qədər yaxşıdır: “Amma fakt odur ki, əgər dövlət şirkətləri normal korporativ idarəetmə əsasında işləməyəcəklərsə, onda biz bu problemlərlə daim üzləşəcəyik. Bundan sonra buna dözmək olmaz. Hesab edirəm ki, dövlət şirkətlərinə ayrılan vəsait o şirkətlərin səmərəliliyi ilə üst-üstə düşmür. Bu qədər vəsait ayrılıb, daha da böyük nəticə əldə olunmalı idi. Ancaq bu, yoxdur. Çünki birinci növbədə onlar tam əmindirlər ki, dövlət həmişə bunların bütün problemlərini öz üzərinə götürəcək, onların götürdükləri və verə bilmədikləri kreditləri öz üzərinə götürəcək, onlara subsidiya verəcək və beləliklə, bunlarda arxayınlıq yaranıb”.

Prezident: “Dövlət şirkətlərinin işi ciddi təftiş edilməli, yeni ...

Prezident dövlət şirkətlərindəki israfçılığın yüksək səviyyədə olduğunu bildirib: “İsrafçılığa yol verilir, bəzi hallarda lazım olmayan layihələr icra edilir, yaxud da bu layihələrin icrasına start verilir. Təbii ki, bu layihələr gərək başa çatdırılsın. Bu layihələr başa çatandan sonra aydın olur ki, bunun səmərəsi yoxdur. Burada, əlbəttə ki, həm idarəetmədə mövcud olan pozuntular, eyni zamanda, bəzi hallarda şəxsi maraqlar rol oynayır. Mən demişəm, bir daha demək istəyirəm ki, dövlət büdcəsinin formalaşması ərəfəsində, müzakirə zamanı bütün dövlət şirkətlərindən sifarişlər gəlir - buraya bu qədər, oraya bu qədər vəsait verin. Biz, əlbəttə ki, sosial infrastruktur layihələrinə bundan sonra da dövlət vəsaiti ayıracağıq. Halbuki baxmaq lazımdır, burada da dövlət-özəl sektor tərəfdaşlığı mümkündür, inkişaf etmiş ölkələrdə bu, var. Amma, necə deyərlər, əsas layihələr üçün tələblər dövlət şirkətlərindən büdcə müzakirə olunan zaman gəlir ki, bu qədər vəsait verin bu işi görək. Lakin bu işin səmərəliliyinə heç kim baxmır - bu iş görülməlidir, yaxud görülməməlidir? Bu iş bu ilmi görülməlidir, yoxsa 2 il gözləyə bilər? Buna da heç kim baxmır. Nəzarət aşağı səviyyədədir. Ona görə bu məsələyə mütləq diqqət yetirilməlidir”.

Ölkə rəhbəri iri şirkətlərin dövlətə vergi ödənişlərinin dövlətdən aldıqlarından aşağı olması faktına da toxunub: “Bəs dövlət şirkətləri tərəfindən ödənilən vergilər hansı səviyyədədir? Əgər onların vergilərini, dövlət tərəfindən onlara verilən subsidiyaları və birbaşa vəsaitin qoyuluşunu götürsək, görərik ki, nə qədər böyük fərq var. Yəni bu, nəyi göstərir? Onu göstərir ki, dövlət şirkətləri bizim ölkəmizi, bizim iqtisadiyyatımızı aşağı aparır. Bunun başqa izahı ola bilməz. Dövlət Neft Şirkətinə pul verilir, təkcə qazlaşdırmaya yox, qazma işlərinə, onların xarici tərəfdaşlarla birgə çalışdıqları konsorsiumlarda payının maliyyələşməsinə, digər infrastruktur layihələrinin icrasına. Bu pul haradan gəlir? Dövlət büdcəsindən, özü də böyük vəsait. Xəzər Dəniz Gəmiçiliyi. Düzdür, digər dövlət şirkətləri ilə müqayisədə Xəzər Dəniz Gəmiçiliyində vəziyyət daha yaxşıdır. Ancaq burada da gəmilər, tankerlər hansı pulla alınır? Dövlət büdcəsi hesabına. Biz indi Gəmiqayırma zavodunda bir neçə gəmi inşa edirik - yük gəmiləri, Ro-Ro tipli gəmilər. Bunu dövlət büdcəsi hesabına edirik, sonra da veririk Xəzər Dəniz Gəmiçiliyinə. Onlar da istismar edirlər və sonra o pulu qaytarırlar? Bu, böyük sualdır. ”Azərenerji"yə nə qədər vəsait ayrılır? Düzdür, böyük işlər görülüb, stansiyalar, yarımstansiyalar tikilir, Mingəçevir İstilik Elektrik Stansiyası, demək olar ki, yenidən qurulub. Amma vəsait haradan gəlir, özünün qazandığı vəsaitdən xərcləyir? Yox, dövlət büdcəsindən. Bu gün dövlət büdcəsinin əsas mənbəyi neft-qaz sahəsidir. Digər şirkətlər - AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? Dəmir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı səmərə ilə işləməlidir.

Biz demirik ki, inkişaf etmiş ölkələrdə bu işlər lazımi səviyyədə tənzimlənir? Orada zərərlə kim işləyər? Ola bilər hansısa strateji sahələrə dövlət tərəfindən dəstək, dotasiya verilir. Lakin bir çox hallarda orada bütün iqtisadi münasibətlər bazar iqtisadiyyatı prinsipi əsasında qurulub. Amma belə çıxır ki, bizdə özəl sektor bazar iqtisadiyyatı prinsipləri əsasında fəaliyyət göstərir, - halbuki dövlət oraya da dəstək verir, - amma dövlət şirkətləri elə bil ki, sosialist iqtisadi modelində işləyir. Bu, dözülməzdir. Ona görə bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Sizə tapşırıram, dövlət şirkətlərinin işi ciddi təftiş edilməlidir və yeni idarəetmə sistemi qurulmalıdır. Belə davam edə bilməz. Bu nəzarətsizlik bundan sonra davam edə bilməz. Artıq müvafiq qurumlar lazımi təkliflər paketi hazırlayıblar. Mənə də ilkin təqdimat edilibdir. Mən bunu dəstəkləmişəm. Hökumətə tapşırıq verirəm ki, yaxın günlərdə dövlət şirkətlərinin yeni idarəetmə sistemi ilə əlaqədar lazımi sənədlər təqdim edilsin və mən onları imzalayacağam".

Qeyd edək ki, dövlət şirkətlərinin idarəçiliyində səmərəliliyin artırılması bu ilin aprelində İlham Əliyevin Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə görüşündə də müzakirə olunub. AYİB prezidenti rəhbəri olduğu qurumu dövlət müəssisələrinin orta perspektivdə kommersiyalaşdırılmasına, özəlləşdirilməsinə keçilməsinin zəruri olduğunu, bu məsələdə Azərbaycan hökumətinə zəruri dəstəyi verməyə hazır olduqlarını qeyd edib: “Biz dövlət müəssisələrinin kommersiyalaşdırılması və özəlləşdirilməsinə keçidə həqiqətən kömək etmək istərdik. Biz, həmçinin Azərbaycanın yeni İnkişaf Korporasiyasının yaradılması istiqamətində çalışırıq”.

Prezidentin iyulun 7-də imzaladığı fərmanla Azərbaycanda “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxs yaradılıb.  Fərmanla təsdiq olunmuş nizamnaməsində AİH-yə dövlət müəssisələrinin maliyyə və iqtisadi fəaliyyətinə nəzarət, onun təkmilləşdirilməsi, səmərəliliyin artırılması və digər mühüm vəzifələr həvalə olunub. Fərmanda qeyd olunur ki, müasir dövrdə yalnız azad bazar münasibətlərinin hərtərəfli inkişafına, dayanıqlı özəl mülkiyyətin genişlənməsinə, daha sağlam prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla iqtisadi inkişafı sürətləndirmək mümkündür: “Buna görə də dövlətə məxsus müəssisələrin idarə olunması sisteminin təkmilləşdirilməsi, fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması, xərclərini və risklərini optimallaşdırmaq yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində struktur islahatlarının dərinləşdirilməsi tələb olunur”.

Azər Mehtiyev: Hökumətin arzuladığı odur ki, 2018-ci ildə neftin ...

İqtisadçı-alim, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyevin sözlərinə görə, iri dövlət şirkətlərinin idarəçiliyində ciddi problemlərin olduğu çoxdan məlumdur: “Uzun illərdir ki, bu şirkətlərin adları dəyişdirilir, amma idarəetmə üsulları dəyişmir: sovet dövründən qalma metodlarlar işləyirlər. Hətta fəaliyyət göstərdikləri sahələrdə özlərini nazirlik kimi aparırlar. Onların əksəriyyəti öz sahələrinin təbii inhisarçılarıdır. Buna görə də həmin sahələrdə liberallaşma, açıq bazar münasibətlərinin formalaşması mümkün olmur, səmərəlilik ən aşağı səviyyədədir”.

İqtisadçı-alim hesab edir ki, ilk növbədə dövlət müəssisələri ilə dövlət arasındakı münasibətlərin xarakteri müəyyənləşdirilməlidir: “Dünya təcrübəsi belədir ki, dövlət müəssisələri ilə dövlət arasında münasibətlər xüsusi sistem əsasında qurulur, dövlətin vəzifələri, səlahiyyətləri, vergi münasibətləri dəqiq müəyyənləşdirilir. Bizdə isə belə dəqiqləşmə aparılmayıb. Buna görə də bu gün dövlətdən böyük həcmdə subsidiya alan SOCAR-ın vergi öhdəlikləri dəqiq müəyyənləşməyib. Bu şirkət dövlətin görməli olduğu böyük işləri həyata keçirir, amma bunun dəqiq hesabatı açıqlanmır. Analoji problemlər digər şirkətlərdə də var. Bu sahədə idarəetməni təkmilləşdirmək üçün birinci növbədə şəffaflıq və hesabatlılıq təmin olunmalıdır. Bunun üçünsə onlarda korporativ idarəetmə sisteminin qurulmasına başlanmalıdır. Bu istiqamətdə 2019-cu ildə Nazirlər Kabinetinin bir qərarı olub. Qərara əsasən bütün dövlət şirkətlərində 5 nəfərdən az olmayaraq müşahidə şuraları yaradılmalıdır. Müşahidə şuralarının yarısından çoxu müstəqil şəxslərdən formalaşdırılmalıdır. İndiyədək heç bir dövlət şirkətinin Müşahidə Şurasında müstəqil şəxslər təmsil olunmur. Digər tərəfdən, qərara əsasən bu il iyulun 1-dək bütün dövlət şirkətləri maliyyə hesabatlarını açıqlamalıydılar, amma buna əməl edənlərin sayı çox azdır. Daha bir məsələ onların xərcləri ilə bağlıdır. Düzdür, 14 iri dövlət şirkətinin xərclər smetasına nəzarət etmək üçün xüsusi komissiya yaradılıb. Lakin burada yalnız dövlət deyil, ictimai nəzarət də formalaşdırılmalıdır ki, effektivlik təmin olunsun”.